Lənkəran rayonu Şirinsu kəndində Vətən müharibəsi şəhidi əsgər Cəfərli Əmrah Yusif oğlunun xatirəsi əbədiləşdirilib.
Qaynarinfo-nun məlumatına görə, şəhidin doğulub boya-başa çatdığı kənddə onun adı verilmiş bulaq istifadəyə verilib.
Bu gün həmin bulağın açılışı olub. Açılış mərasimində Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, şəhidin atası Yusif Cəfərli, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi, Şirinsu kənd tam orta məktəbinin müəllimləri Qulam Huseyn, Qulam Rza Zeynallı, ziyalılar, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər.
Çıxış edənlər şəhid Əmrah Cəfərlinin şücaəti və keçdiyi döyüş yolu, vətənpərvərlik nümunəsindən danışıb və onun ruhuna dualar oxuyublar. Daha sonra məktəbin şagirdləri şəhidə həsr olunmuş şeirlər səsləndiriblər.
Qeyd edək ki, Əmrah Cəfərli əsasən Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 15-də Xocavənd rayonu uğrunda gedən döyüşdə alıdığı qəlpə yarası nəticəsində şəhid olub.
Ölümü ilə ölümsüzlüyü qazanan, böyük qələbəmizdə payı olan Əmrah Cəfərli şəhadətindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı (15.12.2020) ilə "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Şərhlər