Şəhidin oğlu dünyaya gəldi, xəstəxanadan atasının məzarını ziyarətə aparıldı (VİDEO)

Şəhidin oğlu dünyaya gəldi, xəstəxanadan atasının məzarını ziyarətə aparıldı (VİDEO)

Vətən Müharibəsi şəhidi Əli Məmmədovun oğlu dünyaya gəlib.

Qaynarinfo xəbər verir ki, iyunun 15-də Naxçıvan doğum Mərkəzində dünyaya gələn şəhidin övladına atasının adı verilib. Körpə xəstəxanadan çıxarılaraq bir başa atasının məzarını ziyarətə aparılıb.

Şəhid Əli Məmmədovla həyat yoldaşı Təhminə xanım 2020-ci ilin 15 avqustunda ailə həyatı qurub. Bundan 10 ay sonra - eyni gündə isə onların övladı dünyaya gəlib.

"Çox təssüf ki, arzuladığımız övladı ikimiz böyüdə bilməyəcəyik. Amma bir ömür atamızla qürur duyacağıq" deyə Təhminə xanım bildirib.

Qeyd edək ki, Əli Məmmədov 4 dekabr 1997-ci ildə Şərur rayonunun Maxta kəndində dünyaya göz açıb. Orta təhsilini aldıqdan sonra 2017-2018-ci illərdə qaydasız döyüş (MMA) idmanı ilə məşğul olub, bir çox respublika və beynəlxalq səviyyəli yarışların qalibi olub. O, 2019-cu ildə hərbi xidmətə yollanıb, 2020-ci ildə hərbi müddəti bitən zaman müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq orduda xidmətini davam etdirib.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin əsgəri olan Əli Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Hadrut və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şuşanın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Məmmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.


X
XƏBƏRLƏR
BLOGLAR