Xəbər lenti

Səhiyyə Nazirliyinin ziddiyyətli qərarları nəyə hesablanıb: Yenidən qapanma olacaq?
Ölkə 15:27 17.06.2021

Səhiyyə Nazirliyinin ziddiyyətli qərarları nəyə hesablanıb: Yenidən qapanma olacaq?

"Azərbaycan ərazisində pandemiya dövrünün təşkili üzrə qaydalar müəyyənləşib və bu qaydalar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilib. Bu mənada Səhiyyə Nazirliyinin mövzu ilə bağlı tövsiyyə verməsini anlayışla qarşılayırıq. Amma bu hüquqi sənəd deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov Səhiyyə Nazirliyinin təsdiqlədiyi müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasına dair metodiki göstərişlərində fərdi tədris və repetitor xidmətləri zamanı onlayn tədrisə üstünlük verilməsinin öz əksini tapmasına münasibət bildirərkən, deyib. O, nazirliyin bu qərarını ziddiyyətli qərar kimi dəyərləndirdi:



"Sabah polis bunu əsas gətirərək, həmin özəl təşkilatları cərimələyə bilər. Səhiyyə Nazirliyi bununla bağlı qərar qəbul edə bilməz. Qərar qəbul edən orqan Operativ Qərargahdır. Orta məktəblərdə 1,6 milyon şagird oxuyur. 16-30 iyun arası hətta yay məktəbləri fəaliyyət göstərir. Bu zaman onlar qapalı məkanda olsalar da, məktəbdə qoruyucu maskadan istifadə etmir, amma özəl kurs və repetitor fəaliyyəti zamanı maskadan istifadə məcburidir. Orta məktəbdə müəllimin yanında azı 15 nəfər olur, amma repetitorun yanında cəmi 5 nəfər. Belə olanda hansı daha təhlükəlidir? Deməli, nazirliyin verdiyi bu qərar ziddiyyətlidir. Pandemiya dövründə ən çox cərimələnən obyektlər də məhz özəl kurs və reptitor fəaliyyətilə məşğul olanlardır. Halbuki, onlar ödədiyimiz vergidən əmək haqqı alırlar”. 

Bununla yanaşı, ekspert bildirdi ki, nazirlik qərarda yer alan otaqların havalandırılması və kurslar arasında 15 dəqiqəlik ara məsafənin olması tələbində haqlıdır: "Ancaq bu da tövsiyyədir. Qərar deyil”. 

Repetitorluğun onlayn keçirilməsinə gəldikdə, K. Əsədov bir daha vurğuladı ki, texniki və təbiət fənnlərinin onlayn tədrisi keyfiyyətli deyil: 

"Yalnız humanitar fənnləri onlayn keçirmək olar. Bunu dekabrdakı milli qiymətləndirmə və apreldəki buraxılış imtahanları zamanı da gördük. Təbiət və texniki fənnlərdən keyfiyyətli nəticə almaq üçün bu fənnlər mütləq auditoriyalarda keçirilməlidir”.  

Həmsöhbətimiz Səhiyyə Nazirliyinə sual da ünvanladı: "Harda və hansı tədqiqatlara əsasən prosesin belə olmasını tövsiyyə ediblər? Bu nəyin təlaşıdır? Yenidən qapanmaların siqnalıdırmı?  

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->