Azərbaycanda kino və teatrda müasirləşmə bir çox hallarda film və tamaşalarda sevişmə səhnələrinin ortaya çıxması ilə müşahidə olunur. Hələlik az təsadüf olunsa da, artıq belə nümunələr həm kinomuzda, həm də teatrda mövcuddur. Lakin bu bir həqiqətdir ki, açıq-saçıq səhnələrin az-az müşahidə olunması bu sahədəki ciddi müqavimətlə izah olunur.
El arasında “Aktyor tayfasında abır-həya olmadığına” inansalar da, publika.az-ın sorğusu göstərib ki, hətta aktyorlar da belə səhnələrin nəinki öhdəsindən gəlməkdə, eləcə də sonrakı təzyiqlərə tab gətirməkdə çətinlik çəkirlər.
Tərəf-müqabilim razı olarsa…
Aktyor İlqar Musayevin fikrincə, Rusiyada çəkildiyi filmlərdə açıq-saçıq səhnələr olub: “Aktyor bir rolla bitməməlidir. Filmdəki tərəf-müqabilim razılaşarsa, niyə oynamamalıyam ki? Rusiyada bu adi haldır. Azərbaycanda isə fərqli yanaşma var. Odur ki, bu, elə də asan deyil. Biz çoxlarının həyatını yaşaya bilirik. Odur ki, yaratdığımız obrazın həyatında ehtiraslı bir sevgi olubsa, o sevgini çatdırmaq üçün o anları tamaşaçıya yaşatmalıyıq. Ancaq bu, yuxarıda da qeyd etdiyim kimi, təkcə məndən asılı deyil. Tərəf-müqabilim də bu işə “hə” deməlidir. Sevgi dolu açıq-saçıq səhnədə ölkəmizdən kənarda oynamışam. Nə desəniz, xarici filmlərdə qəbul edirik. Öz filmlərimizdə bu, mümkün olmur”.
Bizim səhnədə baş verənlər tamaşaçını heyrətləndirməməlidir
Aktyor İlqar Musayevdən fərqli olaraq, aktyor Hikmət Rəhimov xaricdə yox, məhz Azərbaycanda, özü də canlı səhnədə sevişib: “Teatr və Azərbaycan səhnəsi üçün bəzi məqamlar ilk ola bilər. Lakin əcnəbi tamaşalarda belə səhnələr normal qarşılanır. Əgər biz həyatı səhnəyə gətiririksə, bu, hərtərəfli təqdim edilməlidir. Tamaşaçılara açıq-saçıq təəssüratı bağışlayan səhnələrsə texnika sayəsində ərsəyə gəlir, əslində isə orada heç nə baş vermir. Rusiyanın məşhur aktyoru Sergey Bezrukov Heydər Əliyev sarayında iki mindən çox tamaşaçı qarşısında 4 dəqiqəlik erotik səhnə nümayiş etdirdi. Bizim tamaşaçılar bunu normal qarşıladısa “Qatil”dəki bəzi səhnələr də tamaşaçıları heyrətləndirməməlidir”.
O öpüşən mən deyiləm
Rəqqasə Oksana Rəsulova açıq-saçıq geyimi, şən xarakteri ilə elə təsir bağışlayır ki, sanki məhz belə filmlər üçün yaranıb. Üstəlik, rəqqasəliklə də kifayətlənməyib. Artıq filmlərdə çəkilmək üçün təkliflər də alır. Çox da ki, rəqqasə kimi məşhurlaşıb, əslində ixtisasca da aktrisadır. Bütün bunlar onu deməyə əsas verir ki, ehtiraslı sevgi səhnələrində Oksananı görə bilərik. Ancaq rəqqasə hesab edir ki, o, səhnədə, kamera qarşısında nəinki çılğın bir ehtirası yaratmağa hazır deyil, hətta öpüşə də bilməz. Bir sözlə, həm Hindistanda, həm də Azərbaycanda rejissorlardan film təklifi alan Oksana Rəsulova açıq-saçıq geyimə “hə” desə də, açıq-saçıq sevişməyə “yox” deyir. Baxmayaraq ki, aktyor hər rola girməyi bacarmalıdır – fikrindədir: “Mən rejissora qabaqcadan demişəm: açıq geyimlər, qısa paltarlar geyinə bilərəm, ancaq erotik səhnədə, vulqar sevgi münasibətlərində rol ala bilmərəm. Hətta öpüşməyə də icazə vermərəm. Bilirsiniz, mənə nə qədər elə təkliflər gəlib. Öpüşmək lazım olan səhnələrdə oynamaram. Belə təklifləri də rədd edirəm. Hətta dublyor olacağı şərti ilə də razı olmuram. Mən insanları necə başa salacağam ki, öpüşən mən deyiləm”.
Daxilimdə hər zaman səhnədə belə bir çevriliş etmək yanğısı olub
Münəvvər Əliyeva oynadığı səhnələrlə ölkəyə səs salıb. 2013-cü ildə səhnəyə qoyulan “Qatil” tamaşasında yaratdığı müəllim obrazı Münəvvər Əliyevanı hamı ilə üz-üzə gətirib. Əməkdar artistin mətbuata verdiyi açıqlamalardan bəlli olur ki, o, tamaşaya çəkilməyə razılıq verərkən erotik səhnələrin bu qədər çox olacağını bilmirmiş. Lakin sözlərindən o da aşkar görünür ki, bilsəydi də, nəticə dəyişməzdi:
“Bundan əvvəlki bir neçə tamaşada bu cür səhnələr var. Lakin “Qatil”də nisbətən çox olacağını bilmirdik. İndiyədək belə məqamları üstüörtülü edirdik, sevgi səhnələri aktyorların bir-birini sığallayıb-tumarlaması ilə məhdudlaşırdı. Lakin artıq XIX əsrdir, keçmişlə yox, gələcəklə işləməliyik. Hər şeyi gözə alıb bu sənətə gəlmişik və bilirdik ki, rol aldığımız tamaşada sevgi səhnəsi də ola bilər, hər cür səhnələr də. “Qatil”də sevgi səhnələrinin çox olması normaldır, çünki bu əsər hisslər üzərində qurulub. Sevgini isə yalnız belə təsvir etmək olar. Elə obrazlar var ki, ona görə nələrisə qurban verməyə dəyər. Bu sənətə gəlmişəmsə, sıradan biri olmaq istəmirəm. “Aktrisa” filmi çəkiləndə rejissor Rövşən İsax mənə dedi ki, baş rolda aktrisa soyunmalıdır, onun bədəninin silueti görünməlidir. O, mənə təklif etmək istədi, lakin bəzi səhnələrə görə razılaşmadım. Belarusdan aktrisa dəvət edildi. Lakin sonra filmə baxanda peşman oldum, çünki o səhnələr çıxarılmışdı. Əslində, mənim daxilimdə hər zaman səhnədə belə bir çevriliş etmək yanğısı vardı. Lakin əgər kiçik rolda bu cür epizodik səhnə olsa, oynamaram, bir an üçün bu cür addım atmaram. Yalnız qadının hissləri üzərində qurulan filmdə obrazıma bəraət qazandıra biləcəyim təqdirdə oynayaram. “Qatil”in filmi çəkilsə, böyük məmnuniyyətlə yenidən müəllim obrazını canlandıraram”.
Aktrisanın fikrincə, tamaşaçılar bu cür səhnələrə alışmış olmalıydılar: “Artıq tamaşaçılar televiziyada bu cür səhnələrə alışıblar. Lakin biz həyatda olanları səhnədə göstəririk, tamaşa bir aynadır. Azərbaycan tamaşaçılarının çox izlədiyi türk film və serialları sevgi səhnələri ilə doludur. Əsas məzmunun çılpaqlığı ilə çatdırılması üçün artıq biz də bu cür məqamlardan istifadə etməliyik. Əgər açıq-saçıq səhnələr göstərilməsəydi, oğlanın iç üzünü də açmaq mümkün olmazdı.
Əsər tələb edərsə, müəyyən çərçivə daxilində sevişmək də, öpüşmək də olar
Doğrudanmı, açıq-saçıq səhnələr olmadan obrazı açmaq olmur? Xalq artisti İlham Əsgərov hesab edir ki, rejissor və aktyorlar lazımsız şəkildə belə hərəkətlərlə guya filmi zənginləşdirməyə çalışırlar. Aktyor səhnədə açıq-saçıqlıqdan bərk narazıdır. Onun fikrincə, “müasirlik” adı altında səhnəyə gətirilən sevişmə səhnələri əslində tərbiyəsizlikdir. Teatrda açıq-saçıq səhnələrə qətiyyətlə qarşı çıxan xalq artisti filmlərdə belə səhnələrin olmasını istisna etmir. Lakin buna nə millət, nə də aktyor olaraq özünü hazır hiss etmir: “Açıq-saçıq səhnəyə baxmaq istəyən getsin pornofilmlərə baxsın. Filmdə əsər tələb edərsə, müəyyən çərçivə daxilində sevişmək də, öpüşmək də olar. Məsələn, Susannanı səhnədə oynamaq hər adamın işi deyil. O obrazı yaratmaq üçün aktrisadan həqiqətən cəsarət tələb olunur. Lakin bunu iyrənc şəklə salmaq, yəni əsərin tələb etmədiyi halda da belə səhnələr mənasızdır. Bəzən filmdə sevişmə-öpüşmə tələb olunmur. Ancaq rejissor və aktyorlar lazımsız şəkildə belə hərəkətlərlə guya filmi zənginləşdirməyə çalışır. Bu da çox yersiz olur. Qıza tankdan-topdan, müharibənin dəhşətindən danışır, arada da şit bir şəkildə öpür. Adam əsəbiləşir. Bu cür mənasız səhnələrə, təbii ki, çəkilmərəm. Özləri çəkib, özləri də tərifləyirlər”.
Özünə gəlincə: “Heç vaxt elə səhnələrdə rol almaq istəmərəm. Hər şeyin öz yeri var. Sevişmək də olar, ancaq onun da mənası olmalıdır. Tamaşaya gələn qohum-əqrəba nə deyər mənə? Mən necə oynaya bilərəm?”.
Elə səhnələr çəkəcək rejissor yoxdur
Rejissor Rövşən İsaxın fikrincə, Azərbaycanda açıq-saçıq səhnələri çəkə biləcək rejissor yoxdur: “Açıq-saçıq səhnələri çəkmək çox çətindir. Hesab edirəm ki, Azərbaycanda elə səhnələr çəkəcək içi mən qarışıq rejissor yoxdur. Mən hələ belə səhnələri bədii cəhətdən güclü verildiyi Azərbaycan filminə rast gəlməmişəm”.
Rövşən İsaxın fikrincə, filmlərdə belə səhnələrin olmaması, ya da zəif alınması həm də Azərbaycanın şərq ölkəsi olması ilə bağlıdır. Buna baxmayaraq, rejissor hesab edir ki, filmin süjet xətti açıq-saçıq səhnənin olmasını tələb edirsə, çəkilməsinin tərəfdarıdır: “Filmin ssenarisi tələb edirsə, həmin səhnə süjet xəttini tamamlayırsa, açıq-saçıq səhnələrin çəkilməsinin tərəfdarıyam. Lakin həmin səhnə bədii şəkildə verilməli, iyrənc olmamalıdır”.
Hətta Cennifer Lopez erotik səhnəyə çəkilərkən çətinlik çəkib
Dünya mətbuatında kiçik gəzişmə göstərdi ki, təkcə, Azərbaycan aktyorları deyil, elə dünyaca tanınmış aktyorlar üçün də bu işin çətinlikləri var. Məsələn, tamaşaçısı və pərəstişkarlarının bədəninin bütün əzalarını tanıdığı 44 yaşlı kino ulduzu və müğənni Cennifer Lopez də erotik səhnəyə çəkilərkən çətinlik çəkib. Bu, onun bu günlərdə verdiyi bir açıqlamadan aşkar görünür. O, baş rolda çəkildiyi “The boy next door” filmindəki sevişmə səhnələrindən danışarkən deyir:
“Sevişmə səhnələrində gördüyünüz mən özüməm. Dublyordan istifadə etmədik. Həmin səhnələrə çəkilmək heç də hər kəsin düşündüyü kimi asan deyildi, məni narahat edirdi. Amma bizim vəzifəmiz filmi inandırıcı lentə almaqdır”.
Demək, bir filmdə, ya da tamaşada açıq sevişmə səhnəsində oynamaq elə də asan deyil. Bəs, bu çətinliyin öhdəsindən gəlməyə hazır olan varmı?
Qaynar.info
Şərhlər