Xəbər lenti

Sekssiz tələbəlik illəri
Sənət 17:22 30.10.2014

Sekssiz tələbəlik illəri

Seymur Baycan yazır...

Qazaxıstan universitetlərindən birinin qəzetində çalışan bir tanışımın vasitəsi ilə gənc müəllim və tələbələrlə münasibətim yarandı. Universitet qəzeti deyərkən çox da qeyri-ciddi bir mətbu orqanı ağlınıza gətirməyin. Əməlli-başlı redaksiya heyəti, ofis, normal yazılar, işgüzar mühit... Tələbələrin təşkil etdikləri məclislərdə, tədbirlərdə, iştirak etdim. Sonra başqa bir özəl universitetə ayağım açıldı.

Ad günləri, pikniklər, partilər, həftə sonları gecə klublarında səhərə qədər davam edən əyləncələr...

Baxdım ki, allahın Qazaxıstanında, Alma-Ata şəhərində tələbələr necə də maraqlı tələbəlik illəri keçirir. Təsəvvür edin bir gecə klubu universitet qəzetinə reklamını verirdi. Biz də reklamın əvəzinə hər həftə sonu gedib həmin gecə klubunda əylənirdik. Düzdür bu yazdıqlarımı bütün Qazaxıstana aid etmək olmaz. Orda fərqli dəyərlərlə və yaxud dəyərsizliklərlə yaşayan xeyli şəhərlər var. Məsələn, şimal şəhərlərində adamların yaşayışı Qızıl Orda, Çimkənd və Türküstan şəhərlərində yaşayanların həyatından daha dinamik, daha əyləncəli və daha maraqlıdır. Çünki rusların və digər slavyan xalqlarının sıx yaşadığı şəhərlərdə əyləncənin daha çox olması təbiidir. Sırf qazaxların yaşadığı məkanlarda hələ geyim inqilabı baş verməyib. Əcaib-əcaib qiyafədə gəzirlər. Hələ elə yerlər var orda adamların pasportu yoxdur.

 

Dəvədən, atdan kəsib yeyirlər, pasporta ehtiyac duymurlar, ümumiyyətlə vətəndaş sözünün nə məna daşıdığını bilmirlər. Nəsə, mən allahın Alma-Ata şəhərində tələbələrin həyatını müşahidə etdikcə öz tələbəlik illərimi xatırlayırdım. Necə də hər şey boz, yeknəsək, darıxdırıcı və mənasız idi. Sonra Rusiyaya səfərlərim başladı. Tale və iş elə gətirdi ki, bir neçə dəfə tələbələrlə ünsiyyətim yarandı. Qatarda üç gün yol getdim tələbələrlə. Bəli, bir daha əmin oldum ki, biz çox şeyin imitasiyasını yaşadığımız kimi tələbəlik illərinin də imitasiyasını yaşamışıq və yaşamaqdayıq. Elə bu yazını yazarkən tələbəlik illərimdə baş vermiş xoş günləri xatırlamağa çalışıram. Demək olar ki, heç nə yoxdur. Hələ guya mən ən diribaş tələbələrdən biri sayılırdım. Yaxşı tutaq ki, mən dini yönümlü Qafqaz universitetində oxumuşam, guya o biri universitetlərdə oxuyanlar düz əməlli tələbəlik illəri keçiriblər. Darıxdırıcı, sünilik və pərtliklə dolu tələbəlik illəri... Vəssalam.

Məclislərdə adamlar oturub bir-birinin üzünə baxırlar, sonra şəkil çəkdirirlər, paytaxt salatını və tortu yeyib dağılışırlar evə. Üstəlik bu axmaq məclislərə icazə almaq qızlara necə baha başa gəlir. Bəzilərini məclis keçirilən məkanın qarşısında ya atası, ya da qardaşı gözləyir. Elə hallar olur ki, hətta onlar da, ata və qardaş da məclisdə iştirak edir. Hər qrupda oğlan kimi bir qız olur. Bu qız ara düzəldir, pul yığır, albom qayırır, nə bilim payız, qış deməyib uşaqları yığıb aparır bulvara və onları axmaq karusellərdə fırladır. Vəssalam, bax budu bizim tələbəlik illərimiz. Birinci kursun axırında qızlar nişanlanmağa başlayırlar. İkinci kursda toylar başlayır. Üçüncü kursda universitetə hamilə gəlirlər. Dördüncü kursda da universitetə uşaqla gəlirlər (uşağı camaata göstərmək üçün), ya da ümumiyyətlə dərsə gəlmirlər... Toy günün səhəri qızlar ərə getmiş qrup yoldaşına zəng edib suallar verirlər. Necə oldu, necə idi və başqa axmaq suallar... Ərə gedən qız da proses haqqında ağzına gələni danışır. Nə bilim dəhşətdir, öldum, ağlı olan ərə getməz filan. Məsələni şişirdir, guya qlobal bir hadisə baş verib, guya dinozavr kəsiblər.

Əslində isə seksdən yaralananlar olsa da ölən olmur. Hətta ölən olsa belə bu seksin günahı deyil, bu seksin qaydaların bilməyənlərin, əsl seksi gözdən salanların günahıdır. Çünki necə deyərlər əsl seks başqadır. Adamlar sadəcə seksi gözdən salıblar. Əsl seks o deyil ki, nəticədə iki insandan biri həyatin itirsin, o birisinin de adi qatil kimi çıxsın. Halbuki azad seks olan ölkədə bu məsələni camaat iki dəqiqəyə yola verir. Heç sonra yadına da düşmür harda oldu, necə oldu, kim etdi, necə etdi... Üstəlik bizimkilər arsızlığa salıb tələbəlik illəri haqda saxta mahnı zad da qoşublar. Məzun günündə ağlayırlar, üz cırırlar. Guya düz əməlli tələbəlik illəri keçiriblər. Guya çox gözəl günlərə əlvida deyirlər. Bizdə adətən dərsə gəlməyən, məktəbin şüşələrini sındıran, qapılara təpik vuran şagirdlər son zəng günü ağlayır və bol-bol göz yaşları axıdırlar...

Kimsə deyə bilər ki, bizdə infrastruktur zəifdir, ona görə pis tələbəlik illəri keçiririk. Ola bilər, amma məsələ ondadır ki, Türkiyədə də vəziyyət eynidir. Axı orda ki universitetlərdə hər cür sektalar, dərnəklər var. Nə bilim təbiət qoynuna quşa baxmağa gedirlər, tələbələr tamaşa qoyurlar, gitara çalırlar, rəqs edirlər. Bununla belə Türkiyədə də düz-əməlli tələbəlik illəri keçirmək söhbəti yoxdur. Türkiyədə təhsil alan obyektiv insanlar bunu təsdiq edə bilərlər, əgər öz keçmişlərindən və bu günlərindən utanmırlarsa. Hər şeyin əyləncəsi olmalıdır.

Hətta hər hansı ideyanın özü belə adamlara əyləncə yaşatmalıdır. Əks halda adamlar darıxacaq. Azad seks olmayan ölkələrdə hətta içki, narkotika belə əylənmək istəyənləri vəziyyətdən xilas etmir. Biz gəncliyimizdə də əylənməyib bəs nə vaxt əylənməliyik. Onsuz da sonra problemlər adamın belini bükür. Həyatın sərt dönüşləri əjdaha kimi ağzın açıb öz qurbanlarını gözləyir. Bəli, birdəfəlik anlamalı və başa düşməliyik ki, azad seks olmayan ölkələrdə düz-əməlli tələbə həyatı olmur. Bu mənada azad seks olmayan ölkələrdə tələbə həyatı keçirən və əylənmək istəyən dostlarımın faciəsini başa düşür və onlara yazığım gəlir. (kulis.az)

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->