Xəbər lenti

Siyasət 19:00 11.11.2022

Səmərqənddən verilən mesajlar (ŞƏRH)

Bu gün Səmərqənddə Türk Dövlətləri Təşkilatının(TDT) IX Zirvə toplantısı keçirilib. Zirvə görüşündə çıxış edənlər təşkilatın əhəmiyyətindən danışaraq, əlaqələrin daha da gücləndirilməsi vacibliyini vurğulayıblar. Bundan başqa, qəbul edilən qərarla 2023-cü il Türk Sivilizasiyasının Yüksəlişi İli elan edilib. Həmçinin, TDT-nin Baş katibi dəyişib. Bağdad Amreyevi bu postda Kubanıçbek Ömüraliyev əvəz edib. O cümlədən, Şimali Kipr Türk Cümhuriyyəti təşkilata məşvərətçi üzv qismində qəbul olunub. 

Lolitoloq Taleh Əliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, TDT-nin IX Zirvə Görüşü üzv dövlətlər, türk sivilizasiyası, həm də bəşəriyyət üçün yenidən ədalətin hakim olacağı, barış və dialoq mühitinin yaranacağı, müharibənin yerinə sülh çağırışlarının yüksəlişilə yadda qalacaq bir toplantıya çevriləcək: 

"TDT-nin Səmərqənddə keçirilən IX Zirvə görüşü bir sıra yadda qalan mühüm, əlamətdar hadisələrin baş verdiyi bir sammit oldu. 2023-cü ilin türk dövlətləri tərəfindən Türk Sivilizasiyasının Yüksəlişi ili elan ediləsini olduqca çox əhəmiyyətli və strateji qərar hesab edirəm. Bu yalnız TDT-yə üzv olan ölkələrdə deyil, dünya səviyyəsində türk sivilizasiyasının yüksəlişi ilə bağlı əlamətdar tədbirlərin, marafonların keçirilməsi ilə yaddaşlarda qalacaq. Toplantıda Azərbaycan Prezidentinin həm 40 milyonluq güneyli həmvətənlərimizlə bağlı narahatçılığını ifadə etməsi, həm də digər dövlətlərdə də yaşayan türk xalqlarının hüquqlarının qorunması istiqamətində verdiyi mesaj tək cənublu soydaşlarımızın deyil, eyni zamanda, uyğur türklərinin, habelə, dünyanın digər ölkələrində yaşayan və hüquqları tapdalanan türk toplumlarının hüquqlarının müdafiəsi baxımından səsləndirilən önəmli bir bəyanat idi”. 

Ekspert bildirir ki, Zirvə toplantısı həmçinin uzun müddətdir müstəqil dövlət kimi var olan Şimali Kipr Türk Cümhuriyyətinin beynəlxalq arenada tanınması yolunda mühüm addım oldu. 

Politoloq İlqar Vəlizadə isə bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətinin TDT-yə məşvərətçi statusla qəbulu onlara qarşı kənardan olan təhdidlərin aradan qaldırılması baxımından mühüm addım olacaq: 

"Türk Dövlətləri Təşkilatı ümumtürk dəyərlərini qoruyan və inkişaf etdirən bir təşkilatdır. Bu mənada Şimali Kiprin türk cəmiyyəti də həmin proseslərdən kənarda qala bilməz. Kiprin türk kəsimi uzun illərdir yunan icmasına ümumi dövlətin yaradılması ilə bağlı dialoq təklif etsə də, qarşı tərəf onu rədd edib. Bu fonda Şimali Kiprin türk cəmiyyəti istər-istəməz təcrid olunur. Belə yanaşma isə yolverilməzdir. Xüsusən də türk dünyasının aparıcı dövlətlərinin həmin prosesə biganə qalması düzgün olmazdı. Azərbaycan Prezidenti də sammitdə çıxışında deyib ki, türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın hüquqlarının tapdanmasına biganə qalmamalıdır. Bu açıqlama eyni zamanda, Şimali Kiprdəki türk soydaşlarımıza da aiddir. Çünki Şimali Kiprdəki türk cəmiyyətinin dövlət strukturları olsa da, onlar hələ də təhdidlərlə üzləşməkdə davam edirlər. Məhz, onların yalnız olmadığını göstərmək üçün Şimali Kipr Türk Cümhuriyyəti TDT-yə müşahidəçi statusla üzv qəbul edilib”.

Amma həmsöhbətimiz TDT-yə daxil türk dövlətləri tərəfindən ŞKTC-nin müstəqilliyinin tanınacağına inanmır: "Bunun baş verəcəyini gözləmirəm. Çünki vahid prinsipə görə bütün ölkələr öz siyasətlərini beynəlxalq normalar üzrə quraraq, digər dövlətlərin ərazi bütövlüyünü tanıyır. Lakin bu heç də o demək deyil ki, türk dilli dövlətlər digər ölkələrdə yaşayan soydaşlarımızın hüquqlarının tapdanmasına, təhdid edilməsinə biganə qalacaq. ŞKTC-nin TDT-yə müşahidəçi qismində qəbulu da onu göstərir ki, türkdilli dövlətlər onların arxasındadır”.

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->