İdman 17:21 10.10.2019

Sənan Qurbanov: "Nədənsə Macarıstanda yaxşı nəticə qazanacağımıza inanıram"

Dünən Nikola Yurçeviçin rəhbərlik etdiyi millimiz səfərdə Bəhreynin qonağı oldu. Komandamız həmin görüşdə 3:2 hesablı qələbə qazandı. Bəs bu qələbədən sonra nəyə ümid edə bilərik. Qarşıdan gələn macarıstanla oyunda şanslarımız necədi? 

Sport7.az bu kimi suallarımıza mütəxəssis cavabı almaq üçün Sənan Qurbanovla əlaqə saxlayıb.

Sənan bəy yığma haqda bunları deyib: "Bu qələbə bizə lazım idi. Son oyundan pozitiv ayrılmışdıq. Xorvatiya ilə görüşdən sonra hamımızın fikirləri müsbət mənada dəyişmişdi. Millimiz əzmkarlıq göstərdi. Bəhreynlə oyunda qələbə Macarıstandan xalla qayıtmaq üçün motivasiya oldu. Şəxsən komandamıza inanıram. Məncə Xorvatiya ilə oyundan sonra futbolçular məsuliyyəti daha da dərk etdilər. Hamının ağlında da məhz həmin oyun qalıb. Davamını gətirmək üçün əllərindən gələni edəcəklər. Dünənki oyundan da göründü ki, ab-hava var. Davamını gətirmək lazımdı".

Mütəxəssis "Bəs hansı çatışmazlıqları gördüz?" sualını belə cavablandırıb: "Xorvatiya oyunda nə gördük? Məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışırdılar. Bunu tam həyata keçirmək üçün zamana ehtiyac var. Amma ən əsas odu ki, əzmkarlıq var. Milliyə dəvət olunanlar hamısı təcrübəli futbolçulardı. Bir kəlmədən məşqçilərin nə istədiyini bilirlər. Məncə əzmkarlıq böyük rol oynayır".

Bəs macarıstandan xalla qayıtmaq üçün təkcə əzmkarlıq yetərli olacaqmı?: "Əlbəttə, təkcə əzmkarlıq yetərli deyil. Məşqçinin verəcəyi taktika da çox önəmlidi. Macarıstanın oyunlarını yəqin ki, analiz ediblər. Güclü və zəif tərəflərini futbolçulara aşılayacaqlar. Məşqçinin taktikasını düzgün şəkildə yerinə yetirmək vacibdi. Əzmkarlıq da bunu yerinə yetirmək üçün çox böyük rol oynayacaq. Səfər oyunu üçün sistemlər var, müdafiədən oynaya bilərlər. Ancaq bunlar hamısı analizlərdən sonra qərarlaşdırılacaq. Nədənsə Macarıstanda yaxşı nəticə qazanacağımıza inanıram".