Səngərdə Vaqifin şeirlərini oxudu, məşhur filmə onun əvəzinə erməni aktyoru çəkdilər

Səngərdə Vaqifin şeirlərini oxudu, məşhur filmə onun əvəzinə erməni aktyoru çəkdilər

Qaynarinfo kulis.az-a istinadən Xalq artisti Ələddin Abbasov haqqında maraqlı faktları tədim edir.

Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncədə doğulub. Ailədə dörd qardaş, iki bacı olublar. Evin kiçiyi Ələddin Abbasov olub.

***

Yeniyetmə vaxtlarından sənətə olan həvəsi onu 15 yaşında Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasına gətirir. İkillik teatr təhsili almaqla yanaşı, repertuardakı tamaşalarda kütləvi səhnələrdə çıxış edib. 1939-cu ildən peşəkar aktyor kimi həyatını bütünlüklə bu teatrla bağlayıb.

Aktyorun özünün dediyinə görə, sənətə gəlməyi o qədər də asan olmayıb. Həkim, müəllim və başqa peşələrə yiyələnən bacı-qardaşları içərisində aktyorluq sənətinə yiyələnən yalnız o olur. Teatr adı gələndə əsəbiləşən Aslan bəy ağlına belə gətirməyib ki, oğlu da nə vaxtsa səhnəyə çıxıb aktyorluq edəcək. Oğlunu səhnədən, qeyri-ciddi hesab etdiyi sənətdən ayıra bilməyən ata elə köhnə kişilərə xas tərzdə xeyir-dua verib deyir "Aktyor olursan ol, amma qapı ağzında nizə tutanından olma, yaxşısından ol!”

***

Ələddin Abbasov 22 filmdə çəkilib. Kinoda debüt işi görkəmli kinorejissor Hüseyn Seyidzadənin 1960-cı ildə çəkdiyi "Koroğlu” filmidir.

***

1941-ci ildə o, 19 yaşı olanda böyük qardaşı ilə birgə cəbhəyə gedir. Müharibənin sonuna qədər vuruşur, döyüş yoldaşları ilə nəfəslərini dərməyə imkan tapan kimi səngərin bir hissəsini səhnəyə çevirib, onlara Otellonun monoloqunu, Vaqifin şeirlərini deyərmiş. Müharibə bitəndən sonr o, sağ-salamat geri qayıtsa da, qardaşı cəbhədə həlak olur.

Qardaşının ölüm xəbəri atasını vaxtından tez qocaldır. Ələddin Abbasovun ömür boyu təəssüfləndiyi bir məqam olur. "Atam məni səhnədə Aydın, Oqtay, Qaçaq Nəbi, Qatır Məmməd, Cahandar ağa kimi görə bilmədi, gördüyü elə nizə tutmağım oldu” - deyirdi.

***

Müharibədən sonra teatrda işləməyə başlayan Ələddin 24 yaşında teatrın kassasında işləyən Tamara adlı qızla ailə qurur.

***

Ələddin Abbasov Cəfər Cabbarlının dramaturgiyasını çox sevib. Onun bütün əsərlərinin tamaşasında baş rolları oynayıb. Dünyaya gələn üç övladının üçünə də Cabbarlının qəhrəmanlarının adını verib. Onun böyük oğlunun adı Aydın, ikincinin Oqtaydır. Qızı isə Gültəkin adını daşıyır.

Bir dəfə isə Ələddin Abbasov dostu Nəsir Sadıqzadə ilə "Aydın” tamaşasının üstündə küsüşürlər. Aktyor müsahibələrinin birində deyir: Teatrımızın direktoru var idi – Ələkbər Seyfi. Həm o, həm də rəhmətlik rejissorumuz Nəsir Sadıqzadə bilirdilər ki, mən Aydın rolunu oynamaq istəyirəm. Nəsir də mənimlə dost idi, "Aydın”ı repertuara saldırıb, rolları da bölüb, Aydın rolunun qarşısından da mənim adımı yazmışdı. Amma mənim bundan xəbərim yox idi. Nəsir Sadıqzadə ilə üz-üzə gəldikdə soruşdum ki, hardan gəlirsən. Cavab verdi ki, rolu böldüm, siyahını da verdim direktora. Soruşdum ki, Aydın rolunu kimə verdin? Dedi ki, hər halda sənlik deyil. Çox pis oldum, qalxdım direktorun yanına. Dedim ki, ay Seyfi dayı, bəs bu nə məsələdir? Direktor dedi ki, Nəsir Sadıqzadə səninlə zarafat edib. O elə bu tamaşanı sənə görə repertuara saldırb. Burda səndən başqa Aydın var?! Kabinetdən çıxıb getdim Nəsirin yanına ki, bəs sən məni dolamısan? O da eyni şeyi dedi: "Yox, sən məni dolamısan, burda səndən başqa Aydın var!?”

***

Bir dəfə də Tiflisdə qastrolda olanda ona teleqram gəlir ki, təcili Bakıya "Onu bağışlamaq olarmı” filmində Tərlan obrazının sınaqlarına gəlsin. Teatrın direktoru deyirki, Tiflisə 8 tamaşa gətirmişik, onun yeddisində Ələddin Abbasov baş roldadır. Onu buraxsaq, qastrol baş tutmayacaq. O filmin ssenarisini Məmmədhüseyn Təhmasib yazib, rejissoru isə qardaşı Rza Təhmasibdir. Rza Ələddin Abbasovu həmin filmin tamaşasını – "Bahar”ı oynayanda görüb bəyənmişdi. Sonradan isə filmdə onun yerinə erməni aktyor çəkilir.

***

Məmmədrza Şeyxzamanovla, Adil İsgəndərovla, Mehdi Məmmədovla yaxın dost olublar. Onun sənətinin kulminasiyası sayılan Cahandar ağa obrazına çəkilməsinin də səbəbkarı Adil İsgəndərov olub.

1969-cu ildə Ələddin Abbasov qastrolda imiş. Eyni vaxtda iki teleqramla onu Bakıya çağırırlar. Teleqramın birini rejissor Hüseyn Seyidzadə, o birini isə Adil İsgəndərov vurur: "Təcili Bakıya gəl”. Ələddin Abbasov Tiflisdən Bakıya gəlir. Kinostudiyada ona deyirlər ki, səni "Dəli Kür” filminin çəkilişləri üçün təcili çağırıblar. İnanmayıb ki, onu Cahandar ağa roluna çəkərlər. Düşünüb ki, sıradan bir obraza çəkərlər yəqin.

***

"Dəli Kür” filminin rejissoru Adil İsgəndərova təklif edib. O vaxt kinostudiyaya rəhbərlik edən aktyor deyib ki, məndən Cahandar ağa olmaz, amma Gəncə Teatrında Cahandar ağa var. Adil İsgəndərov onu Gəncə Teatrının səhnəsində "Dəli Kür” tamaşasında Cahandar ağa rolunda görmüşdü. Rola ondan başqa altı aktyor sınağa çəkilib, keçməyiblər. Axırda əsərin müəllifi İsmayıl Şıxlı rejissordan – nooldu, ay seyid, bu boyda Azərbaycanda Cahandar ağanı oynayacaq bir adam tapmadın? - soruşanda rejissor 47 yaşlı Ələddin Abbasovu göstərib, "bax, bu oğlan oynayacaq” - deyib. İsmayıl Şıxlı aktyora ötəri bir nəzər salıb, narazı halda başını bulayıb, gedir. Sınaq çəkilişlərinə baxandan sonra isə müəllif – budur, xalis Cahandardır - deyib, Ələddin Abbasovu bəyənib. Leyla Bədirbəyli ilə Ələddin Abbasovun sınaqları eyni vaxtda təsdiqlənib.

"Dəli Kür”ün çəkilişləri başlamamış rejissor aktyorlarla cıdıra gediblər ki, aktyorlar at çapmağı öyrənsinlər. Hüseyn Seyidzadəni dərd götürüb ki, indi Ələddin Abbasovun Cahandar ağaya layiq at çapması üçün nə qədər vaxt lazımdır. Ələddin Abbasov heç nə demədən hələ məşqçi gəlməmiş atın belinə sıçrayır, cıdırı o tərəf - bu tərəfə necə çapırsa, rejissor tamaşaçı oturacağında quruyub qalır. Aktyor gülə-gülə atdan düşüb "mən Kəpəzin ətəyindən Murova, ordan Hacıkəndə, Samux meşələrinə qədər at çapa-çapa böyümüşəm” - deyir.

***

Ələddin Abbasov səhnədə və kinoda qazandığı uğurlara görə 1958-ci ildə respublikanın Əməkdar artisti, 1971-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Ömrünün son illərində Gəncə Teatrının səhnəsində son dəfə "Mahnı dağlarda qaldı” tamaşasında Böyük bəy rolunu oynayıb. Ondan bir neçə il sonra, 90 illik yubileyində sevimli, doğma teatrının səhnəsinə çıxıb. İki il sonra - 2014-cü ilin 13 iyulunda vəfat edir. Gəncədə Fəxri xiyabanda dəfn olunur.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR