Zakir Hüseynov

Blogger
Yazılar
4
Şərəf məhkəməsi

Şərəf məhkəməsi

Zakir Hüseynov

Yadımda deyil həmin 31 dekabr axşamında bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi artıq qeyd olunmağa başlamışdımı. Atəşkəsdən sonra ilk yeni il idi və gənc leytenant kimi zabit tarixçəmdə bölməylə birgə  kazarmada birinci  bayram qeydi idi. Xatirələrin çözələnməyinə imkan vermədən deyim ki, O gəldi, Qladiator kinosunda deyildiyi kimi, "...Şimal ordularının komandanı”-bizim gözümüzdə beləydi, özü isə həqiqətən vətənini sevən cəngavər,  övladlarını sevən ata, ləyaqətli ər. Qızlarının əlindən tutmuşdu, həyat yoldaşıyla birgə kazarmanın bu başından o başına irəliləyişi ilə biz bir anlıq özümüzü  birgə rol aldığımız əsrarəngiz bir kinonun içərisində tapmışdıq.  Köçürülmədən sonra yeni dislokasiya yerində komandir kazarma-kazarma gəzib əsgərlərini belə təbrik edirdi.  Şərəfli zabitlərin, komandirlərin böyük ordu ənənəsini davam etdirməsi. Kinoda rejissor o yeri də necə gözəl  çəkib. Coxlarına tanış mahnı altında, qəndildə uzanıqlı, sünbül bağlamış otların boyuna əliylə toxunaraq sanki bir dünyadan o biri dünyaya  keçib qayıdaraq yarı xəyali, yarı həqiqi uçunan qəhrəman öz evinə dönür. 

Onlar da qayıdıb getdilər. Böyük sərkərdələr öz döyüşçülərinin ruhuna həmişə toxuna bilir. Yoxsa necə ruhlandırarlar. Bizim qəhrəmanın cismani sonluğu  kinodakı epopeyanı tamamlasa da, amma belələri  böyük bir şərəfə    layiq görülürlər. İnsandır, əlbəttə mühakimə də ediləcək, məhkəmə də qurulacaq, müdafiə də   olunacaq. Amma onlar öz şərəflərini özləri mühakimə edir, zabit şərəfini sənin üçün kim qoruyacaq ki. Öz əliylə özünü öldürərək öz  şərəfini xilas edənləri qaytarılmaz döyüş itkiləri qrafasına yazmamlısınız, yaza bilməzsiniz, yazmayın. Yuxarıdakı ideyalar öz ideyalığında qalır, aşağıdakı mövzuya keçmək üçün elmi məqlənin yazılma qaydasında olduğu kimi açar sözlərdən başlamalıyıq və bundan sonrakı mövzunu ifadə edən  açar sözlər -ədalətli rəis, yaxşı ata,  yaxşı yoldaş, şərəfli zabit, yoldaşlıq məhkəməsi, şərəf məhkəməsi, səhra məhkəməsi-olacaqdır.. Bütün bunlarsa  qanuni ölçü deyil, mənəvi, əxlaqi məsuliyyəti önə çəkir, böyük mühakimələr silsiləsinə aiddir. Demək ölçüləri yaratmaqdır əsas məsələ.

O ədalətli rəisin iştirakı ilə ilk dəfə zabitlərin şərəf məhkəməsində iştirakım da yenə təsirli oldu. Əsgərə qarşı edilmiş pis bir işə seyrçi qalmış zabitə dediyi adamı paramparça edən sözlərin içərisində hələ də qulağımda gumbuldayan bir neçə dəfə təkrarladığı; "oğul atası”, bunun tutduğu işə bax-"oğul atası”, zabit şərəfini anlamayıbsan heç olmasa ata hissni dərk edəydin-"oğul atası”  sözləri idi. Onda olanları bəlkə ekranlaşdırdılar, zaman efirindən bu yana keçə bilmədi. Cox seylər kimi həmin dövr də keçmişdə qaldı. Döyüş yoldaşlığının böyük dəyərə malik olduğu, bundan əfzəl də əsil komandir tərzinin, zabit xarakterinin, hərbçi döyüşkənliyinin epopeyasının sonunun başlanğıcından bir qərinə sonra şərəf məhkəməsi də yeni forma qazanaraq ortaya çıxdı. 

İndi bu müddətdən artıq xidmət edən  cavuş ağ saçına, gombul sifətinə kədər çökdürən gözlərilə müddətdən artıq xidmət edən hərbi qulluqçunun  şərəf məhkəməsində dinlənilmək ərəfəsində belə yalvarırdı: "Uşaqlarım var,  krediti ödəyə bilmirəm, qızım iki uşaqla boşanıb qayıdıb.” Dalısıyca təntimiş adamın ütələk söylədikləri: "beş-altı toyuq üçün..., yanı qopmuş əsgər çörəkləri..., polis... cəmi-cümlətanı..., yox oğurlamamışam...” Sadəcə bir zillət və vurnuxma. Bu dovşana qaç deyib, tazıya tut demək ssenarisi üzərində qurulan  şərəf məhkəmələrindən biri idi. Şərəf məhkəməsi də yaxşı pul çıxaran oğlanların əlində bir vasitəyə çevrilmişdi. Bu gün qaz vurub qazan doldurmaq istəyi heç nəyə məhəl qoymur, nə göz yaşlarına, nə vicdana, nə şərəfə, nə də ki, hər gün, birinin dediyi kimi hər an heysiyyatımızla məzələnən  dağın ö üzündəki düşmənin bizi təhqir etməsinə. Şərəfimiz var, olmamış deyil, necəki arabanın beşinci təkəri, bax elə. Şərəf məhkəməmiz də var... onunla necə rəftar olunmasını və nə işlə məşğul olmasını özünüz taparsız. Vəziyyət özü izah edir. Bizi əzən korrupsiya, rüşvət maşının vintciyinə çevrilən şərəf məhkəməsi və qanla yazılmış nizamnamələr bir- birini quyruqlarında sürüyür. Sürünə-sürünə yeganə ədalət mühakiməsi kimi qalan  şəhidlərimizin ruhuna sarmaşmağa, onu boğmağa can atır. 

Generalların da şərəf məhkəməsi var. Silahlı Qüvvələrin hansısa generalına şərəf məhkəməsi keçirilib-keçirilməyib deyə bilmərəm, ancaq yəqin ki, böyük generallar haqqında şərəf məhkəməsinin qərarına Ali Baş Komandan rəy bildirər.  Qayda belədir  axı, həqiqi hərbi xidmət edənlərdən başqa hər kateqoriyanın şərəf məhkəməsinin qərarını komandir qüvvəyə mindirir. Komandanlarsa qiyabi olaraq xalqın şərəf məhkəməsində dinlənilir. Amma şərəf məhkəməsinin əsasnaməsində göstərildiyi kimi burada  nə "ictimai xəbərdarlıq və ya ictimai töhmət” olacaq, nə "rütbəsini bir pillə aşağı salmaq”, nə də ki , "bir pillə aşağı vəzifəyə” təyin qərarı. Bu mühakimədir.

Ordu ənənələri zabit şərəfinin üzərində qurulub. İndi şəkli şərəf lövhəsinə vurulanlar, adı şərəf kitabına yazılanlar şərəf məhkəməsinə çıxarılanların kökaltında qalır. "O əsil zabitdir”, "o əsil qəhrəmandır”, "döyüş ruhu yüksəkdir”, "cəsur və qorxmazdır” demək əvəzinə zaman belə gətirib ki biz deyirik -" o təmiz adamdır”.

Ən böyük şərəf məhkəməsi Qarabağ üçün qurulmalıdır. Qarabağı almaq yolunda əngəl olanlar bu yoldan keçib səhra məhkəməsinə çıxarılmalıdır. Hətta mən təklif edərdim nəinki ordu mənsubları bütün dövlət adamları  şərəf məhkəməsində dinlənilməlidir.  

OXŞAR XƏBƏRLƏR