Bu gün Beynəlxalq Rəssamlar günüdür.
Qaynarinfo kulis.az-a istinadən bu münasibətlə Xalq rəssamı Səttar Bəhlulzadə haqda 10 maraqlı faktı təqdim edir.
1. Səttar riyaziyyat fənnində xüsusilə diqqət çəkdiyindən hər kəs onun gələcəkdə böyük riyaziyyatçı olacağını düşünürmüş. Qonşuluqda, yoldaşları arasında bu fəndən çətinə düşən uşaqlara köməklik etməkdə ad çıxardığından, onun rənglərə olan marağı hamıya ötəri hiss təsiri bağışlayırmış.
2. Səttar Bəhlulzadə heç vaxt evlənməyib, tək-tənha ömür sürüb. Amma onun gizli sevdiyi bir qadın olub. Sevdiyi qızla birlikdə Moskvaya, Vasiliy İvanoviç Surikov adına Rəssamlıq İnstitutunda təhsil almağa gəliblər. Səttar Bəhlulzadə qızı nə qədər çox sevsə də, sevdiyi qız ona həmişə bir dost kimi yanaşıb. Bir müddətdən sonra onun sevdiyi qız başqa birisi ilə ailə həyatı qurur, lakin çox keçmir ki, onların birgə həyatı baş tutmur və ayrılmalı olurlar. Deyilənlərə görə, onları birləşdirən iki cəhətdən biri onların hər ikisinin rəssam olması idisə, digər bir cəhət hər ikisinin mavi gözlü olması idi. Səttar Bəhlulzadənin hamıdan gizli saxladığı məhəbbəti – Xalq Rəssamı, qrafika ustası Maral Rəhmanzadə imiş.
3. Səttar Bəhlulzadə dostu ilə trolleybusda söhbət edə-edə yol gedirmiş. Dayanacaqların birində trolleybusa minən bir qadının yanındakı 2-3 yaşlı uşaq Səttarın üzünü görəndə qorxudan ağlamağa başlayır və heç cür sakitləşmək bilmir. Səttar növbəti dayanacaqda, yarı yolda dostunu məcbur eləyir ki, o uşağın xətrinə trolleybusdan düşək.
4. Səttarın özünəməxsus qəribə hərəkətləri olub. Günlərinin birində, gecə vaxtı dostu Bəxtiyar Vahabzadənin evinə qonaq gedir. Gec olsa da ona mürəbbəli çay süfrəsi açılır. Süfrə arxasında əyləşən Səttar qəflətən barmağını mürəbbəyə batırıb yerdəki xalçanı qaldırır və döşəmədə ceyranı andıran rəsm çəkir.
5. Füzulini dəhşət çox sevirmiş, ona vurğunmuş. Bir dəfə, ad gününü qeyd edən Səttar başına yığışan yaxın adamları ilə yeyib-içdikdən, gülüb-danışdıqdan sonra o biri otağa keçib ordan xeyli şam gətirir. Sonra onların hamısını yandırıb masanın üzərinə, pəncərələrin qarşısına qoyur. Evin işıqlarını söndürüb belə bir təklif edir:"Gəlin ağır-ağır "Şəbi-hicranı" oxuyaq". Otaqda olan hər kəs onunla birgə oxumağa başlayırlar. Qaranlıq otaqda yanan şamların şöləsi, divarlarda əks olunan kölgələr və Səttarın üz-gözünə dağılmış saçları, parlaq baxışları Füzulinin qəzəli ilə ahənglik yaradır. Və həmin an bəlkə də elə Səttar bir neçə dəqiqəlik də olsa, Məcnuna çevrilir.
6. Yetmişinci illərin ortalarında «Ulduz» jurnalında məşhur rəssam Səttar Bəhlulzadənin rəsmlərinin çapından bir neçə aylıq qonarar yığılıbmış. Jurnaldan tez-tez ona zəng edib qonorarını almağa çağırırlarmış. Günlərin bir günü rəssam «Ulduz»un redaksiyasına gəlir və soruşur:
– Nə qədər qonorarım var?
Cavab verirlər:
– Min beş yüz manat.
Səttar Bəhlulzadə fikrə gedir və əlini cibinə atıb siqaret tapmayanda onun başına yığışmış jurnalın əməkdaşlarına deyir:
– Mənim min beş yüz manatımı köçürdərsiniz yetimxanaların birinə. Ancaq üstümdə də pul yoxdur, gərək mənə bir qutu «Avrora» tapasız!
7. Səttar Bəhlulzadə sufi həyatı keçirirmiş, geyim-keçiminə qətiyyən fikir verməzmiş, həmişə nimdaş paltarda gəzərmiş. Hətta əsgər şinelini də geyinməyi özünə ar bilməzmiş. Bir sözlə o, geyimə bəzək kimi yox, isti-soyuqdan qoruyan şey kimi baxırmış. Bir dəfə rəssam elektrik qatarı ilə Əmircana gedərkən hava isti olduğundan beretini yanına, oturacağın üstünə atır. Uzun yolda onu yuxu aparır. Sənətkar ayılanda görür ki, beretin içərisinə xeyli xırda pul atıblar. Görkəminə görə Səttar Bəhlulzadəni dilənçiyə oxşadıblarmış.
8. Səttar Bəhlulzadə həyatda bir çox acılara, ağrılara sinə gərib, dərd-sərini çox adamla bölüşmədiyindən yaxınları onun xəstəliyindən çox gec xəbər tuturlar. Həm də bu xəstəlik elə bir vaxtda onun yaxasından yapışır ki, o, qayğıdan, diqqətdən də kənarda qalır. Onun sənəti və şəxsiyyəti ilə ondan da qat-qat aşağı səviyyədə olan rəssamla davrandıqları kimi davranırlar. Belə diqqətsizliyi hiss etdikdə o, Əmircandakı evlərinə çəkilib günlərlə oradan çıxmır. Yaxın dostlarından biri onun bu halını görüb çox pis olur və onun üz-gözündən öpüb leçkomissiyaya aparmaq üçün dilə tutur. O, isə ağlayıb deyir ki, onlar adam deyillər, məndən soruşurlar ki, niyə evlənmirsən? Səttar Bəhlulzadə sarılıq xəstəliyindən əziyyət çəkirmiş.
9. 1973-cü ilin avqustunda Sabunçuda yerləşən xəstəxanaların birinin yoluxucu xəstəlikləri üzrə şöbəsinə yerləşdirib, sarılıq xəstəliyi diaqnozunu qoyurlar. Dostları hər gün ona gül, meyvə aparırlar. Otuz doqquz dərəcə qızdırması olmasına baxmayaraq o, həmin güllərin və meyvələrin şəkillərini çəkib divarlara yapışdırır.
10. Əməliyyat olunsa da, Səttar Bəhlulzadənin vəziyyəti düzəlmir. O, 1974-cü ilin yağışlı oktyabr ayının 15-də gözlərini əbədi olaraq yumur. Fəxri xiyabanda dəfn olunmasına icazə verilməyən cənazə rəssamın öz vəsiyyətinə uyğun olaraq, Əmircan kəndində anasının yanında torpağa tapşırılır.
Şərhlər