Xəbər lenti

Şəxsi əlaqələrə əsaslanaraq biznesin qurulmasının hansı fəsadları ola bilər? (MƏQALƏ)
Ekonomiks 11:19 23.09.2019

Şəxsi əlaqələrə əsaslanaraq biznesin qurulmasının hansı fəsadları ola bilər? (MƏQALƏ)

Peşəkar idarəçi və biznes konsultant Fəxri Ağayev şirkət daxilində idarəçilik sisteminin qurulmasında zəruri olan məqamlarla bağlı məqalə yazıb.

Qaynarinfo "Report"a istinadən məqaləni təqdim edir:

Azərbaycan iş dünyasında şəxsi əlaqələrə əsaslanaraq biznesin qurulmasının zərəri haqda daim hərkəs danışır - bunu edənlər özləri belə bu mövzuda gileylənirlər. Əsas şikayət və düşüncələr belə olur: Azərbaycanlı sahibkar biznesinə öz tanışlarını cəlb edir, onlar isə peşəkarlara imkan vermirlər, biznesə zərər verirlər, qruplaşırlar və işi sabotaj edirlər. Bunu hamımız bilirik, qınayırıq, tənqid edirik.

İş dünyasında fəaliyyətinə tamamən sıfırdan başlayan, heç kimin yaxını olmadığına baxmayaraq özəl sektorda yüksək vəzifələrə gələn bir insan olaraq böyük firmalarımızda şəxsi əlaqələrin ən güclü mənfi təsirlərini karyeramın bütün mərhələlərində şəxsən yaşamışam. Bir neçə böyük şirkətlərdə ciddi layihələrin məhz elə rəhbərliyə yaxın adamların işə qeyri-peşəkar yanaşmalarına görə batmasının şahidi olmuşam; idarəçiliyin müxtəlif sahələrində peşəkarlara qurulan tələlər nəticəsində güclü komanda üzvlərinin işdən çıxmasının və şirkətin beləliklə, zəyifləməsini görmüşəm.

Maraqlı olan mühim bir məqam var- işi quran, bir çox məsələlərdə uzaqgörənlik nümayiş etdirən, intuisiyası ilə biznesi təşkil edən və irəli aparan, mübariz ruhu olan bir sahibkar bu halların zərərlərini görmür mü? Təbii ki, görür, dərinliyini və mürəkkəbliyini də yaxşı anlayır.

1990-cı illərdə biznesə başlayan bir insan düşünün. Ölkəmiz müstəqilliyini yeni qazanmışdı, biznes mühiti yox idi, idarəçilik, marketinq, reklam, satış və anbar işləri üzrə mütəxəssis tapmaq nəinki çətin idi – mümkün deyildi. O dövrdə işə cəlb etmək üçün diqqət edilən yeganə məyar "etibar” idi. Bir insan ən çox kimə etibar edə bilər? Təbii ki, uzun zaman şəxsən tanıdığı insanlara. Bu da normaldır. Buna görə də uzun illər öncə fəaliyyətə başlayan iş adamı işə güvəndiyi insanları cəlb edir, onlarla bərabər işi qurur, yuxusuz gecələri və bərabər biznesdə ola biləcək gərgin anları yaşayırlar, səhvlər edirlər, anlaşmazlıqlar olanda dövlət qurumları ilə birgə mübarizə aparırlar.

Şirkətin həcmi və miqyası böyüyür, inkişaf edir, personal və dövriyyələr artır. İllər öncə şirkət uğrunda çalışan, işi sahibkarla bərabər sıfırdan quran insanlar işlər qaydasına salınanda artıq rahatlayırlar – və bu andan etibarən şirkətin problemləri başlayır. Zaman keçdikcə şirkətdə vəziyyəti və vəzifələri güclənən insanların artıq rahatlığa meyilləri artmaqla bərabər, əllərində olan imkanları qorumaq istəyirlər. Ancaq zəmanə artıq dəyişir. İllər öncə ortaq məqsədlər və o günün reallıqları üçün aktual olan dəyərlər ətrafında birləşən insanlar zamanla yeni reallıqlara ayaq uydurmaqda ciddi çətinlik çəkməyə başlayırlar.

Bu gün Azərbaycanda yeni iqtisadi reallıqlarda artıq bu kimi halların davam etməsi və bunlara göz yumulması mümkün deyil – rəqabətin artdığı, şəffaflığın təmin edildiyi, müştəri davranışlarının dəyişdiyi bir dövrdə biznesin effektivliyinin və uzunmüddətli dözümlülüyününün artırılması artıq sahibkarlar üçün birinci əhəmiyyət dərəcəli bir işdir.

Yeni reallıqlarda yeni biliklər, biznesə fərqli yanaşma, müştərilərlə əlaqələrin gücləndirilməsi tələb edildiyi halda, köhnə komanda üzvləri bunu dərk etməməklə bərabər həm də şirkətə cəlb edilən peşəkarları da özlərinə və şəxsi rifahlarına təhlükə olaraq qəbul edirlər. Və biznesin əsl problemləri bu mərhələdə başlayır – iqtisadiyyatın və biznes mühitinin biznes üzərində təzyiqləri artır, amma şirkət hələ də köhnə tərzdə işləyir və hər keçən gün rəqabət gücünü itirir.

Peşəkarların güclənməyə başladığı şirkətlərdə isə olduqca paradoksal vəziyyət yaranır – 20 il öncə şirkəti quran, məqsədlər uğrunda minimum maaşla gecəsini gündüzünə qataraq işləyən insanlar artıq işləri sabotaj etməyə, sahibkarın fəailyyətinə bilərək zərər verməyə başlayırlar. 

Qısaca şəxsi əlaqələrə əsaslanaraq qurulan biznesə mənfi təsirlər haqda bunları qeyd edə bilərəm:

- Onların işləmək üçün motivasiyaları olmur. Şəxsi əlaqələrə güvəndiklərinə görə peşəkar inkişafa meyilli deyillər, amma eyni səbəbə görə də karyera inkişafını gözləyir və istəyirlər;

- Onlar peşəkarlara qarşı qısqanc davranırlar və bu da daim şirkət üçün ciddi sıxıntılar yaradır. Məlumat tam və ya qismən təmin edilmir, tələlər qurulur, qruplaşmalar yaradılır və s. Şirkət daxilində əməkdaşların və idarəçilərin enerjiləri daxili mübarizəyə xərclənir;

- Təcrübəm göstərir ki, biznesdə dəyişikliklərə ən çox rəhbərliklə şəxsi əlaqələri olanlar müqavimət göstərir;

- Şirkət daxilində toxunulmaz bir elitanın yaranması şirkətdə ədalətsizlik ab-havası yaradır. Tanışlara qarşı bir az daha diqqətli, bir az daha həssas, nöqsanlarına və səhvlərinə qarşı bir az daha anlayışlı davranıldığı zaman, digər komanda üzvlərinin motivasiyası azalır.

Dəfələrlə şahid olduğum digər mənzərə də var: sahibkar peşəkarlara dəstək verdiyinə görə "inciyən” tanışlar şirkətə və sahibkara olduqca güclü zərbələr vura bilir. Bu zərbələrin gücü həm də ona görə daha da artır ki, şəxsi əlaqələr olan adam adətən ən zəif tərəfləri bilirlər.

Bu günə qədər Azərbaycanda şahidi olduğum ancaq bir holdinqdə çox sayda tanışların işləməsinə baxmayaraq şəxsi tanışlıq əlaqələri qətiyyən əhəmiyyətli deyildi. Şirkət sahibi işə qarşı olduqca ciddi və tələbkar olmaqla yanaşı həm də bütün şirkətlərində korporativ idarəçilik sistemi tətbiq edirdi.

Bu gün yeni iqtisadi reallıqlarda artıq Azərbaycanda "etibar” sözünün mənası və mahiyyəti dəyişib və rəsmiləşib. Orta və böyük biznes mühüm dəyişiklikləri nəzərə alaraq, artıq vəziyyəti dəyişmək məcburiyyətindədir.

Çıxış yolları nədədir?

- ilk öncə şəxsi və peşəkar həyat arasında qalın və möhkəm bir divar çəkilməlidir. Bu, qaçılmazdır. Peşəkar həyat, biznesin böyüməsi, stabilləşdirilməsi və uzun müddətli fəaliyyəti üçün ciddi tələbkarlıq, disiplin və bilik lazımdır. Şəxsi əlaqələrin bu mövzulara qarışmaması vacibdir;

- şirkət daxilində idarəçilik sistemi qurulmalıdır. Şirkətin fəaliyyəti insanlara və şəxslərə, onların istək və arzularına bağlı olmamalıdır;

- şirkətlərimiz işə peşəkarları cəlb etməlidirlər və bu peşəkarlara münbit şərait təmin edilməklə bərabər, onlara məsuliyyət və sərbəstlik verilməlidir. İşəgötürmə meyarlarında ilk növbədə peşəkar biliklərlə bərabər şəxsi keyfiyyətlər - dürüstlük, məsuliyyət hissi və s. nəzərə alınmalıdı;

- hər mənada biznesin fəaliyyəti şəffaflaşdırılmalıdır. Şəffaf iqtisadiyyat və real biznes mühitində "etibar” söz üzərində olmur – sənədlərlə olmalıdır və doğrusu da budur.

Dəyərli sahibkarlar!

İdarəçiliyin, peşəkarlığın, rəqəmlərin olduğu bir biznesdə şəxsi əlaqələrin əhəmiyyəti artıq tam itirilir.

Fərqli istiqamətdə yatırım zamanı gəldi.

İdarəçilik sistemi qurun, peşəkarları işə cəlb edin, şəffaf olun ki, biznesiniz uzunömürlü olsun!

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->