Xəbər lenti

Şeyxülislamın 40 ildə imza atdığı ilklər: Qorbaçovu rüsvay edib, vəhdət namazı qıldırıb, imam üçün qan verib...
Ölkə 14:41 18.08.2019

Şeyxülislamın 40 ildə imza atdığı ilklər: Qorbaçovu rüsvay edib, vəhdət namazı qıldırıb, imam üçün qan verib...

Avqust ayında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadənin 70 yaşı, fəaliyyətinin 40 ili tamam olur.

1979-cu ildə, 30 yaşında QMİ sədri seçilən A.Paşazadə istər sovet, istərsə də müstəqillik dövründə ölkənin ictimai-siyasi həyatında fəal iştirakı ilə diqqət çəkib. Bu fəaliyyət nəticəsində QMİ Azərbaycanın ictimai həyatında yerini möhkəmləndirib və dini cameənin avanqardı kimi çıxış edib. A.Paşazadənin din xadimi kimi fəaliyyəti zəngindir. QMİ sədri sovetdən qalma ənənəvi dini passivliyi dağıdaraq ona yeni nəfəs verməyi bacarıb.

Şeyxülislam 40 illik fəaliyyətində həm də imza atdığı ilklərlə yadda qalıb. 

O, 30 yaşında Şeyxülislam seçilməklə sovet məkanında ən gənc dini rəhbər olaraq özünü təqdim edə bilib. Buna qədər SSRİ məkanında müsəlman din xadimləri həddən artıq yaşlı və cəmiyyətdən təcrid olunmuş halda idilər. Gənc Allahşükür Paşazadənin sovet kommunist rəhbərliyi qarşısında dağıdılmış Bibiheybət məscidinin bərpası üçün qaldırdığı təklif 80-ci illərin əvvələri üçün kifayət qədər riskli addım idi. Ona qədər Azərbaycanda dini rəhbərlər bunu açıq şəkildə dillərinə gətirməmişdilər. 30-cu illərdə bolşeviklər tərəfindən dağıdılmış Bibiheybət məscidinin ərazisində isə Stalinin qorxunc heykəli ucalırdı.

1986-cı ilin oktyabrında dünyanın 30-dan çox dövlətini təmsil edən 600-dən çox din xadimi Bakıya toplaşmışdı. Qafqaz Müsəlmanları İdarəsinin sədri, 36 yaşlı Allahşükür Paşazadənin təşkilatçılığı ilə Azərbyacanda ilk dəfə İslam Konfransı Təşkilatının himayəsi altında "Müsəlmanlar sülh uğrunda mubarizədə” adlı beynəlxalq konfrans təşkil olunmuşdu. Bu beynəlxalq konfrans Azərbaycanın dünya müsəlmanlarının yeni əməkdaşlıq mərkəzinə çevrilməsində mühüm rol oynadı. Buna qədər SSRİ-də son dərəcə nadir hallarda keçirilən belə beynəlxalq tədbirlər yalnız Orta Asiyada - Daşkənddə baş tuturdu.

Bakıda keçirilən bu konfrans Azərbaycanın müsəlman dünyası ilə yaxın əlaqələr qurmasında bir vəsilə oldu. Üstündən 5 il ötəndən sonra –1991-ci ildə Azərbaycan keçmiş SSRİ-nin müsəlman respublikaları arasında ilk olaraq İslam Konfransı Təşkilatının (hazırkı adı İƏT – İslam Əməkdaşlıq Təşkilatı) üzvlüyünə qəbul edildi.

80-ci illərdə SSRİ-də başlanmış yenidənqurma prosesi dini müstəvidə bir oyanışa səbəb oldu. Müsəlman respublikalarının dini liderləri arasında dövrün yeni çağırışlarına cavab verəcək azsaylı ruhanilər sırasında A.Paşazadə də var idi.

1989-cu ildə SSRİ Xalq Deputatları Qurultayına keçirilən  seçkilərdə ilk dəfə olaraq Sovet İttifaqının dindar kəsiminin nümayəndələrinin iştirakına imkan yarandı. Seçkilərin nəticələrinə görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə SSRİ xalq deputatı mandatını aldı. Şeyxülislam SSRİ Ali Sovetinin Aşkarlıq, vətəndaş hüquqları komitəsinin üzvü oldu və SSRİ-də dindarlara ilk dəfə hüquq verən "Vicdan azadlığı haqqında” qanun layihəsini hazırlayan işçi qrupun tərkibinə daxil edildi.

QMİ sədrinin təşəbbüsü ilə Azərbaycanda ilk dəfə olaraq 1989-cu ildə Bakı İslam Universiteti açılıb.

1990-cı ilin 20 yanvar qırğını Azərbaycanda prosesləri dəyişdirən məhək daşı oldu.

Şeyxülislamın qanlı qırğınla bağlı SSRİ prezidenti Mixail Qorbaçovu ittiham edən bəyanatı dünyada böyük rezonans vdoğurdu və onu ittifaq məkanında tanınmış ictimai xadimə çevirdi. Bu, SSRİ tarixində din xadiminin sovet rəhbərini ittiham edən ilk belə bəyanat idi. 1990-cı il martın 14-də Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etiraz olaraq  Şeyxülislam Allahşükür Paşazadə SSRİ Xalq deputatı mandatından imtina etdi.

Azərbaycanın müstəqilliyi uğrunda gedən hərəkatın fəal iştirakçısına çevrilmiş A.Paşazadə bu illər ərzində bir sıra yeni təşəbbüsləri ilə tolerantlıq və birgəyaşayış prinsiplərinin möhkəm təməlini yarada bilib. 

1991-ci ilin dekabrında QMİ sədrinin bilavasitə təşəbbüsü və təkidi sayəsində Azərbaycan SSRİ-nin müsəlman respublikaları arasında ilk olaraq İslam Konfransı Təşkilatının (indiki adı İƏT - İslam Əməkdaşlıq Təşkilatı) üzvlüyünə qəbul edildi.

Bu, 47 müsəlman dövləti tərəfindən Azərbaycanın müstəqil müsəlman ölkəsi kimi qəbul edilməsi, Qarabağ probleminin beynəlxalq müstəviyə çıxarılması demək idi. Toplantıda iştirak edən Türkiyə, Səudiyyə Ərəbistanı Krallığı, Əlcəzair, Misir və 20-yə yaxın ölkənin dövlət rəhbərləri ilə şəxsi görüşləri sayəsində Şeyxülislam Azərbaycanı həm İslam Konfransı Təşkilatının, həm də İslam İnkişaf Bankının tamhüquqlu üzvü etməyə nail oldu. Həmin toplantıda Pakistanın Baş naziri Nəvaz Şərif ölkəsinin Azərbaycanın müstəqilliyini tanıdığını ilk olaraq rəsmən bəyan etmişdi.

Həmin dövrdə ölkəmizin mövqeyinin islam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması çox vacib məsələlərdən idi.

Azərbaycanın üzləşdiyi Qarabağ probleminin həlli üçün ilk gündən səyini əsirgəməyən Şeyxülislam dünyanın din xadimləri ilə apardığı danışıqlar nəticəsində münaqişənin dini çalar daşıması barədə erməni iddialarını darmadağın edə bilmişdi. 1995-ci ildə Moskvada Rusiya patriarxının təşəbbüsü ilə keçirilmiş Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli danışıqlarının yekun bəyanatında münaqişənin dini motivli olmadığı dünyaya rəsmən bəyan olundu.

Müxtəlif dini konfessiyaların  yaşadığı Azərbaycanı xaricdən  "doğru ilahi əmrlər” ixrac edən maraqlı qüvvələr üçün cazibədar edir. Dinləri bir-birinə qarşı qoymaqla siyasi  dividend qazanmağa çalışan qüvvələrin  at oynatdığı bir dünyada tolerantlıq prinsipləri, birgəyaşayış mesajları sülh və barış üçün əsas resept sayılır. 

QMİ sədri müsəlman dünyası üçün çox nadir olan bir ilkə nail olmaqla tolerantlığın yaxşı nümunəsini yarada bilib.  Min ildən artıqdır ki, İslam dünyasının iki böyük məzhəbinin – şiə və sünni məzhəblərinin nümayəndələri ibadətlərini fərqli şəkildə və fərqli məkanda edirlər. Tarixdə bir neçə dəfə onların vəhdətinə, birliyinə təşəbbüslər göstərilsə də, indiyədək bu təşəbbüslər davamlı xarakter almayıb.

Qurani-Kərimdə Allah bütün müsəlmanları birliyə və vəhdətə çağırır. Belə bir zamanda Azərbaycan bütün dünyaya nümunə ola biləcək növbəti addım ata bildi. Məscidlərdə müxtəlif məzhəblərin nümayəndələri birgə Vəhdət namazı qıldılar. 

QMİ sədrinin atdığı mühüm addımlardan biri də Aşura mərasimlərində qanvermə aksiyasıdır. Şeyxülislam yüzillərlə davam edən müqəddəs gündə başyarma kimi mövhumatçı adəti xəstələrə qanvermə aksiyasına çevirməklə islam dininin xeyrixah əməllərə çağırış mesajını bir daha praktik subut etdi.

QMİ sədri islam dini və dünyəvi elmlər arasında  münasibətləri əlaqələndirən bir alim kimi də tanınır. Allahşükür Paşazadənin hələ SSRİ dönəmində yazdığı, elmi redaktoru akademik Ziya Bünyadovun olduğu "Qafqazda İslam” əsəri Azərbaycan elmi tarixində öz layiqli yerini tutur.

Kitab həmin dövrə qədər Azərbaycanda islam və onun tarixinə dair sovet ideoloji platformasından kənar yazılan ilk araşdırmadır.

Şeyx bununla SSRİ zamanında dini sinfi mövqedən tənqid edənləri tənqid edən ilk müəliflərdəndir. Həmin tənqidçilərin yazılarındakı dinin sinfi mövqedən tənqidi metodologiyası Şeyxülislamın elmi qənaətləri ilə köklü şəkildə rədd edilib. Onun əsərləri islamşünaslığa dair tədqiqatlara böyük təsir göstərib. Bu əsərləri ilə Şeyxülislam Allahşükür Paşazadə özünü təkcə din xadimi kimi deyil, həm də istedadlı tarixçi və filosof kimi tanıda bilib.

Özünün məhsuldar fəaliyyəti ilə Azərbaycanı Qafqazda dini əməkdaşlıq mərkəzinə çevirməklə A.Paşazadə eyni zamanda Prezident İlham Əliyevin yürütdüyü tolerantlıq siyasətinin dünyada və MDB məkanında təbliğini yol açıb və Bakını bu siyasətin məhək daşına çevirib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->