Sionuzmin qurucusu və ilk yəhudi dövləti yaradılması fikrini ortaya atan Teodor Herlzın Osmanlı sultanı II Əbdülhəmidə göndərdiyi məktub ilk dəfə üzə çıxarılıb.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, məktubda iddia edilənlərin əksinə Herlzın Osmanlı sultanından torpaq deyil, yerləşmək üçün ərazi istədiyi və bunun qarşılığında da Osmanlı dövlətinə limitsiz kredit təklif etdiyi qeyd olunub.
Arxiv məlumatlarına görə, şəxsən Herlz tərəfindən II Əbdülhəmidə ünvanlanan məktub dövrün xarici işlər naziri Artin Paşa tərəfindən birbaşa sultanın özünə çatdırılıb.
Məktub 30 aprel 1899-cu il tarixdə Vyana, Vin-Verinq, Karl Lüdviq küçəsi 50 ünvanından göndərilib.
"Mütəvvəfa Mösyö de Nevlinskinin xatirəsini yad edərək sizə müraciət etməyimə icazə vermənizi rica edirəm. Mösyö de Nevlinski padşahın sadiq bəndələrindən və Dövləti Aliyyənin səmimi dostlarındandır", ifadələri ilə bağlayan məktubda Herlz sionizmin müxtəlif ölkələrdə təzyiq altında qalan çarəsiz yəhudilər üçün davamlı və təhlükəsiz bir mühit yaratmaq istəməsi məqsədlərindən söz açır.
"Padşahın icazəsi ilə mümkün olsa sığınacağın Fələstində yaradılmasını istəyirik. Yəhudi mühacirlər bu vaxta qədər heç bir zaman rejimə qarşı etiraz göstərməyən yəhudi təbəəsi kimi padşaha sadiq qalacaqlar. Bölgədə yaradılacaq bütün müəssisələr dövlətə vergi verəcək, bu vilayətin və bütün ölkənin zənginliyini artıracaq", - məktubda qeyd olunub.
Herlz məktubun davamında limitsiz kredit verəcəklərini, bunun üçün Londonda Müstəmirat-i Musəviyyə Bankını yaratdıqlarını qeyd edib: "Osmanlı dövləti bizi qonaqpərvər şəkildə qarşılayacağı təqdirdə, hökumət üçün xidmətlərimiz sadəcə vergi və kreditlə məhdudlaşmayacaq".
Məktubdan sonra Herlz Osmanlı sultanı ilə görüşə nail olsa da, sultan sionistlərin təklifini qəbul etmir və yəhudilərin Fələstində yerləşmələrinə razı olmur.
Şərhlər