Xəbər lenti

Siqaretin qiyməti niyə qaldırılır? - RƏY
Ekonomiks 10:35 23.10.2014

Siqaretin qiyməti niyə qaldırılır? - RƏY

Ötən gün mediada siqaretin qiymətinin artacağı haqqında yayılan xəbərlər ictimaiyyətdə ciddi rezonans doğurub və narazılıqlara səbəb olub. Xəbərlərdə qeyd edilir ki, gələcəkdə Azərbaycanda siqaretin və tütün məhsullarının qiymətinin bahalaşacağı tam realdır. 

Bu fikri “European Tobacco Baku” ASC (ETB) tütün şirkətinin İdarə Heyətinin sədri Rüfət Quliyev bir qutu siqaretin qiymətində aksiz payının 70 faizədək (ƏDV nəzərə alınmamaqla) artırılmasını nəzərdə tutan tütünə qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası ilə bağlı bu yaxınlarda qəbul edilən qərarı şərh edərkən deyib.

Bəs məcburi istehlak məhsullarında sayılan siqaretin bahalaşması hansı nəticələrə səbəb olacaq? Qiymət artımı siqaret aludəçilərinin gündəlik xərclərini artıracaq, yoxsa onları bu zərərli vərdişdən çəkindirməyə xidmət edəcək? 

“Yeni Müsavat”a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov öncə siqaretin bahalaşması üçün iqtisadi zəmin görmədiyini dedi: “Dünya bazarında hazırda siqaretin qiymətinin artması müşahidə edilmir. Nəzərə alsaq ki, neftin ucuzlaşması ilə bağlı sənaye məhsullarının istehsalında xərclərin azalması müşahidə edilir. Bu baxımdan biz dünya bazarında siqaret də daxil olmaqla, sənaye məhsullarının ucuzlaşmasını müşahidə edirik. 

Bunun əksinə olaraq, Azərbaycanda siqaretin qiymətinin artacağı gözlənilir. Siqaret məcburi istehlak olunan məhsullar qrupuna daxildir olduğu üçün, bu faktordan istifadə edib tez-tez siqaretin qiymətini artırırlar. Bu da nəticədə siqaret aludəçilərinin gündəlik xərclərinin artmasına gətirib çıxarır. Bizim hesablamalarımız göstərir ki, siqaret çəkən şəxs orta hesabla bir il ərzində siqaretə 600 manat vəsait xərcləyir. Əvvəlki illərdə bu rəqəm nisbətən aşağı idi və siqaretin bahalaşması ilə xərclərin miqdarı da artır". 

İqtisadçı onu da qeyd etdi ki, Azərbaycanda siqaretə tətbiq olunan aksiz vergisi, dünya bazarı ilə müqayisədə daha azdır: “Azərbaycanda siqaret istehsalına 12,5 faiz aksiz vergisi tətbiq olunursa, Avropa ölkələrində bu, 50-60 faizə qədər yüksəlir. Verginin aşağı olmasına baxmayaraq, Azərbaycanda zaman-zaman siqaretin qiyməti qaldırılır. Bu baxımdan siqaret çəkən insanların gündəlik xərclərinin arzuolunan deyil. Dünya bazarında siqaretin qiyməti dəyişməyib, eləcə də siqaret istehsalında xərclərdə heç bir dəyişiklik olmayıb. 

Deməli, siqaretin bahalaşması üçün iqtisadi zəmin yoxdur. Bu tendensiya birmənalı şəkildə siqaret istehsal edən və ya idxalı ilə məşğul olan şirkətlərin gəlirlərinin artmasına hesablanıb”. 

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov bildirdi ki, ölkəmizdə siqaret istehsalında istifadə olunan komponentlərin bir hissəsi xarici ölkələrdən gətirildiyi üçün orada baş verən proseslər yerli qiymətlərə təsirini göstərir: “Azərbaycana gətirilən siqaretin maya dəyəri ilə satış qiyməti arasında fərq çoxdur. Ucuz qiymətə gətirilən siqaretlər bir neçə dəfə baha satılır. Bu da şəffaflığın olmamasından və monopoliyadan xəbər verir. Ölkəmizdə siqaret istehsalı və satışı bir qrup inhisarçının əlindədir. Bu səbəbdən də siqaretin maya dəyəri, çəkilən xərclər və əldə olunan gəlirlər ictimaiyyətdən gizlədilir. İnhisarçı şirkətlər xammal çatışmazlığını, onun qiymətinin baha olmasını bəhanə edib, siqaretlərin qiymətlərini artırırlar”.

Psixoloq Azad İsazadə isə siqaretin qiymətinin artmasını müsbət dəyərləndirdi və bunun zərərli məhsuldan istifadəni azaldacağını vurğuladı: “Ümumiyyətlə, Azərbaycanda siqaretin qiyməti digər ölkələrlə müqayisədə xeyli ucuzdur. Qiymətin ucuz olması da siqaret çəkənlərin sayının artmasına gətirib çıxarır. Aldadıcı fikirdir ki, siqaret çəkmək insanı sakitləşdirir. Bu, sadəcə bir məşğuliyyətdir və insanın fikrini əsas məsələdən yayındırır. Reallıqda isə nikotinin heç bir sakitləşdirici təsir yoxdur. Qiymətin qalxması ilə siqaret çəkənlərin sayı azalacaq, aludəçilər çəkdikləri siqaretin sayını azaldacaqlar”.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->