Xəbər lenti

“Siyasətə yeni simalar gəlir, bədbinliyin yeri yoxdur!" (MÜSAHİBƏ)
Siyasət 14:58 03.04.2013

“Siyasətə yeni simalar gəlir, bədbinliyin yeri yoxdur!" (MÜSAHİBƏ)

"ReAl" Hərəkatın İdarə Heyətinin üzvü, politoloq Azər Qasımlının Qaynar.info-ya müsahibəsi:

- Azər bəy, bu il seçki ilidir, artıq partiyalar öz namizədlərini elan edirlər. Rəsmi seçki kampaniyasına başlanılmasa da, ilk baxışda ölkədə bir namizəd bumu yaşanır. ReAl-ın namizədi olacaq şəxs isə hazırda həbsdədir. Təşkilat olaraq seçkiyə qatılacaqsınızmı və ya hansısa yeni seçki texnologiyalarından istifadə etməyi düşünürsünüzmü?

- Ölkəmizdə heç də namizəd bumu yaşanmır. Ölkədə namizədlərin sayı elə də çox deyil. Sadəcə 5-6 nəfər öz namizədliyini açıqlayıb. Prezident üsul-idarəsi olan ölkələrdə keçirilən prezident seçkilərində 10-larla namizəd olur. Demokratik rejimlərdə namizədlərin çoxluğundan çəkinmirlər. Demokratik proses üçün namizədlərin çoxluğu normaldı.

REAL Hərəkatı İlqar Məmmədovun namizədliyini irəli sürüb. Bildiyiniz kimi, ReAl sədrini saxta ittihamlarla həbs ediblər. İlqar Məmmədovun həbsi indidən gələcək seçkilərin demokratikliyini, azad və ədalətli keçəcəyini şübhə altına alır.

Texnologiyalar məsələsinə gəldikdə isə deyim ki, Azərbaycanda demokratik rejim yoxdur, seçkilər normal rəqabət şəraitində keçirilmir, seçki saxtakarlıqları artıq bir normaya çevrilib. Belə olan halda, hansısa texnologiyalardan danışmağın ümumiyyətlə mənası yoxdur. Hansı texnologiyalardan danışa, istifadə edə bilərik ki, seçkilər saxtalaşdırılır, normal kampaniya aparmağa imkan verilmir. Bizdə seçkilərdə yalnız qələbə qazanmaqdan əlavə gərək seçkilərdən sonra qazandığın qələbəni reallaşdıra biləsən. Bu çox vacib məqamdır. Azərbaycanda seçkidə iştirak edəcək namizədlər və onları dəstəkləyənlər bunları düşünməlidirlər. Lakin bunlara baxmayaraq, necə deyərlər, arsenalımızda yeni siyasi texnologiyalar yer alır. Seçkilərdə iştirak etdiyimizdə bunlardan istifadə edəcəyik.

Bu gün ölkədə vəziyyət heç də iqtidarın təbliğ etdiyi kimi deyil. Müxalif qrupların heç bir sosial dayaqlarının olmaması və xalqın yalnız İlham Əliyevi dəstəkləməsi fikri - cəfəngiyyatdır. Tam əksinə, ölkədə ciddi şəkildə alternativ ideyalara, alternativ fikrə ehtiyac var. İqtidar da bunu çox gözəl başa düşür. Ona görə də iqtidarın əsas texnologiyası da Azərbaycan siyasətinə yeni gələn insanları, yeni nəfəsi boğmaqdır və seçkiyə buraxmamaqdır. Bu baxımdan İlqar Məmmədovu seçkiyə buraxmaq istəmirlər.

- Elçibəyin zamanında millətçilik, Heydər Əliyev dönəmində dövlətçilik ideologiyası önə çəkildi. Bəs bu gün hansı ideologiyaya ehtiyac var? Yeni nəsil - Siz hansı ideologiyanı təklif edirsiz?

- Biz ideologiyalar deyil, ideyalar təklif edə bilərik. Bilirsiz ki, inkişaf etmiş ölkələrdə əsas olaraq iki cərəyan var: sol və sağ cərəyanlar. Bunların da arasında çox ciddi fərqlər var. REAL əsas olaraq sağ cərəyandır. Əfsuslar olsun ki, seçkilər kontekstində bu gün hansısa bir ideyadan, ideologiyadan danışmaq tamamilə yersizdir. Çünki yenə qeyd etmək istəyirəm ki, seçkilərin saxtalaşdırıldığı şəraitdə hansısa ideyaların, ideologiyaların rəqabətindən danışmağın yeri yoxdur. Yalnız bir ideya ola bilər, o da demokratik Azərbaycan ideyası. Ölkədə demokratiya istəyən əsas siyasi təşkilatlar bu ideya ətrafında birləşməlidirlər. Bu liberal demokratların, sosial demokratların, milli demokratların müvəqqəti birliyi olmalıdır. İlk növbədə Azərbaycanda demokratiyanı bərpa etməliyik. Sonra xalq azad və ədalətli seçkilərdə demokratik qüvvələr arasından birisini seçib iqtidar edə bilər.

"İstər iqtidar, istərsə də ənənəvi müxalifətin, aydın siyasi-ideoloji xətti yoxdur"

- Azərbaycanda olan əksər partiyalar özlərini sağçı partiya hesab edir. Ancaq maddi imkan baxımından bu partiyaların hamısı şikayətlənirlər. Belə halda, "sağçılıq" imitasiya deyilmi?

- Əlbəttə ki, bu imitasiyadır. Ümumiyyətlə, istər iqtidar, istərsə də ənənəvi müxalifətin, deyə bilərik ki, aydın siyasi-ideoloji xətti yoxdur. Baxın, özlərinə sağçı deyirlər, proqramlarına diqqət etdikdə, sol meylləri müşahidə etməmək mümkün deyil. Məsələn, Müsavat Partiyası tarixən sol partiya olub. Müsavat heç bir zaman sağ partiya olmayıb. Amma digər tərəfdən millətçilik ideyasını təbliğ edirlər. Halbuki iqtisadi məsələlərə, cəmiyyətdəki münasibətlərə gəldikdə, sola meylləri açıq-aydın görünür. AXCP də belədir. Yenə də deyirəm, onların proqramlarında həm sol, həm də sağ ideyalar yer alır. İdeoloji baxımdan nə olduqlarını tam aydınlaşdırmaq mümkün deyil. Hətta bu partiyaların sıralarında elə insanlar var və elə ideyalar irəli sürürlər ki, fikirləşirsən bu adamlar ölkədə islami dəyərlər üzərində fokuslaşmış bir siyasi rejim istəyirlər. Məsələn, Müsavat Partiyası milli demokratiyanı təbliğ edir, amma liberal ittifaqa qoşulub. YAP da proqramına görə sol partiyadır, Sosialist İnternasionala üzv olmaq üçün müraciət də ediblər. Yəni konkret olaraq özlərini solda görürlər. Amma onların ölkədə apardıqları siyasət, nəinki sol deyil, hətta soldan qat-qat uzaqdır. Bu, sağ siyasət də deyil. Ona görə də 20 il ərzində istər müxalif, istər iqtidar olsun, təbliğ etdikləri ideoloji proqramlarının siyasi elmi əsasları yoxdur. Bu günə qədər yazılan bütün siyasi ideoloji proqramlar sadəcə siyasi konyekturadan doğan və tərəfdarların qulağına xoş gələn mətnlərdir.

- Müxalifətin 20 il ərzində atdığı addımlar sizi qane etmir?

- Əlbəttə, qane etmir. Hansı addımlar atılıb ki, bizi qane etsin?

- Əvvəldə vurğuladınız ki, seçkilərdə bir neçə namizədin iştirakı normaldır. Sizcə, bu, elektoratın parçalanması deyil?

- Mən demokratik ölkələrin praktikasını nəzərdə tuturdum ki, onlarda namizədlər çox olur və bu, normal hesab olunur. Azərbaycana gəlincə, bunun həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi ondan ibarətdir ki, nə qədər çox insan prosesə qoşulsa, o qədər də həmin insan öz tərəfdarlarını və yaxud cəmiyyətdə fərqli-fərqli qrupları mobilizə etmək imkanı qazanacaq. Amma biz vahid namizəddən danışırıqsa, bu, artıq başqa məsələdir.

- Bir müddət əvvəl çıxışlarınızda deyirdiniz ki, birləşməsək, məhv olacağıq...

- İndi də deyirəm ki, real birlik olmasa, hər hansı müxalifət qrupunun hakimiyyətə gəlmək şansı çox azdır. Yeni siyasi qüvvənin digərlərinə nisbətdə məcazi mənada “məhv” olmaq ehtimalı isə çox aşağıdır.


"Vahid namizədin mütləq profesionallardan ibarət siyasi komandası olmalıdır"

- Amma bu məsələdə o qədər də aktiv deyilsiz. Təkliflərdə bulunmursuz? Nə təklif edirsiz ki, bu birlik baş tutsun?

- Əslində, biz yeni bir təkliflə çıxış etmişdik. Sədrimiz İlqar Məmmədov da bu barədə məqalə yazmışdı. Ölkə tarixində hər zaman seçkilər öncəsi vahid namizəd məsələsi ortaya atılıb. İlqar bəyin təklifi ondan ibarət idi ki, şəxslər üzərində bu prosesi aparmayaq. İlk növbədə siyasi platformaları ortaya qoyaq. Yəni biz bilək ki, vahid namizəd istəyən siyasi qruplar nə düşünür. Bilirsiz ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər gərgindir. Bəzi siyasi qüvvələr də bundan müəyyən mənada sui-istifadə edirlər. Onların çıxışlarından, yazdıqları məqalələrdən aydın şəkildə Rusiyaya dəstək sezilir. Halbuki bu təşkilatlar, siyasətçilər vaxtilə başqa fikirlər irəli sürürdülər. Məsələn, deyirdilər ki, Rusiya Azərbaycanın düşmənidir, Azərbaycan Rusiya ilə yaxınlıq edə bilməz və s. Hər kəs bilməlidir ki, bizim qırmızı cizgimiz var və bu qırmızı xətdən keçməyəcəyik. Azərbaycanın daxili siyasəti, iqtisadiyyatı, ordusu ilə bağlı fikirlərimiz, ideyalarımız var və qırmızı xətt var ki, bir daha deyirəm - biz həmin xətti keçə bilmərik. Əfsuslar olsun ki, siyasət Azərbaycanda həmişə konyekturaya uyğun həyata keçirilib. Biz belə siyasəti qəbul etmirik. Bu, birincidir, yəni siyasi platforma - nə istəyirik, nə edəcəyik, hansı Azərbaycana doğru gedirik. Sonrakı önəmli məsələ - “Kölgə Kabineti”nin yaradılmasıdır. Siyasi platformanı bir nəfər nə qədər ağıllı olsa da, həyata keçirə bilməz. Vahid namizədin mütləq profesionallardan ibarət siyasi komandası olmalıdır. Məsələn, komandada elə şəxslər ola bilər ki, biz onları qəbul edə bilmərik. Qısası, biz vahid namizəd olsun, sonra proqram hazırlansın deyil, proqram hazırlansın və kölgə kabineti razılaşdırılsın, sonra namizədin müəyyənləşdirilməsi istiqamətində işlər aparılsın deyirik. Bunu bir proses kimi düşünmək lazımdır. Bunun özü yeni müsbət proses və dinamika yaradacaq. Təəssüflər olsun ki, bizim bu təkliflərimizə istər İctimai Palata, istərsə də Ziyalılar Forumundan dəstək gəlmədi. Əvvəldən də demişdik ki, bu təklif qəbul olunmasa, biz gedib kimlərləsə danışıqlar aparıb onları bir araya gətirmək funksiyasını yerinə yetirməyəcəyik. Çünki Azərbaycan tarixində bu dəfələrlə edilib. Vaxtilə Lalə Şövkət də deyirdi ki, mən Azərbaycan siyasətindən AXCP, Müsavatı və digər müxalifət partiyalarını birləşdirməyənə qədər getməyəcəm. Amma indi Lalə Şövkət Hacıyeva bilmirik siyasətdə varmı, yoxmu. O, bu missiyanı həyata keçirə bilmədi. 2003-cü ildə müxalifəti bir araya gətirmək üçün Londonda görüşlər keçirildi. Amma bunların heç bir müsbət nəticəsi olmadı. Görüşlərin təfərrüatı isə vaxt gələcək tarix kitablarına yazılacaq.


"Rusiya ilə müəyyən oyunlar gedir"

- Müxalifətin Eldar Namazovla birliyini dolayısı ilə ittiham edirsiniz. Belə hesab edirsiniz ki, Rusiyanı düşmən hesab edən hazırki müxalifət indi Rusiyameyilliləri dəstəkləyir. Burada geostrateji və geosiyasi maraqları da nəzərə almaq lazımdır. Müxalifətin yenidən Rusiyaya qarşı sərt mövqeyi 93-cü ilin yanlış nəticələrinə gətirib çıxarmazmı? 

- Biz nə Eldar Namazovu, nə də digərlərini ittiham etmirik. Sadəcə, biz sözümüzü demişik, ideya və təkliflərimizi vermişik. Siyasi oyunçular ya o təklifləri qəbul edib siyasi prosesə qoşulmalı idilər, ya da bunu etməyəcəkdilər. Bunu etmədilərsə, burada əlavə şərhə ehtiyac yoxdur. O ki qaldı Rusiya faktoruna, biz hiss edirik ki, Rusiya ilə müəyyən oyunlar gedir. Biz REAL olaraq iki ölkə arasında normal münasibətlərin tərəfdarıyıq. Biz Azərbaycan iqtisadiyyatının liberallaşdırılmasının tərəfdarıyıq. Liberallaşdırdıqdan sonra bizim iqtisadi bazara Avropa, ABŞ mallarıyla bərabər Rusiya malları da daxil ola biləcək. Bura sığorta şirkətləri, banklar da daxildir. Azərbaycan hakimiyyəti bu gün bunların qarşısını alır. Rusiyanın Azərbaycandan bir də siyasi istəkləri var. Biz bilməliyik ki, vahid namizədi dəstəkləyəcək əsas siyasi təşkilatlar Azərbaycanla Rusiya arasında münasibətlərə necə baxırlar. Biz Azərbaycanın gələcəyini NATO üzvlüyündə, Avropa Birliyi ilə sıx münasibətlərdə görürük. Anlayırıq ki, bu məsələ Rusiyanın maraqlarına uyğun gəlmir.

- Ölkə müxalifətinə Qərbin dəstəyi nə qədərdir?

- Nəyə görə kimlərsə müxalifəti dəstəkləməlidir? Baxın, yenə deyirəm, platforma, “Kölgə Kabineti” məsələlərini həll edib sonra müxalifət bir şəxsi vahid namizəd kimi irəli sürə bilsə, Qərb də Azərbaycan müxalifətini dəstəkləyər. Niyə də dəstəkləməsin? Azərbaycan müxalifəti gücünü göstərməlidir. Hazırda heç bir siyasi təşkilat tək başına hakimiyyətə gəlmək iqtidarında deyil. Ona görə də qeyri-demokratik rejimi yola salmaq üçün birləşmək və Qərbə siyasi inkişaf stabilliyi qarantiyasını vermək lazımdır.

"Liderlər arasında çəkişmələr ölkəni bu vəziyyətə gətirib"

- 2003-cü ildə müxalifət müəyyən mənada bir arada idi. Niyə nəticəsi olmadı?

- 2003-cü ildə Azərbaycan müxalifəti birləşməmişdi. Əsas siyasi oyunçuları götürək. Milli İstiqlal Partiyası öz namizədi ilə seçkilərə qatılmışdı. Əli Kərimli də Etibar Məmmədovu dəstəkləmişdi. Halbuki Xalq Cəbhəsi Etibar Məmmədovu, onun şansının daha çox olduğu dövrdə, yəni 1998-ci ildə dəstəkləmədi. Baxın, bunlar hamısı səhvlərdi. Əslində, Etibar Məmmədov ikinci tura keçmişdi, sonradan seçkilər saxtalaşdırıldı və Heydər Əliyev qalib elan edildi. O zaman Etibar Məmmədovu dəstəkləmədilər, boykot etdilər. 2003-cü ildə də İsa Qəmbərin şansı daha çox idi, onu dəstəkləmədilər, əksinə Etibar Məmmədovu dəstəklədilər. Burada məntiq yoxdur. Liderlər arasında çəkişmələr ölkəni bu vəziyyətə gətirib. Müsavat Partiyası 2003-də indiki AXCP-ni tanımırdı, ona görə də AXCP İsa Qəmbəri dəstəkləmədi. Sonradan iş işdən keçəndən sonra Müsavat Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-ni, nəhayət, tanıdı. 2003-də Müsavatı az-çox çəkisi olan partiyalardan yalnız ADP dəstəkləyirdi. ADP-yə o zaman Rəsul Qulyev rəhbərlik edirdi. Rəsul Quliyevin həmin vaxt nüfuzu indikindən daha çox idi. İsa Qəmbər Prezident seçilsəydi o, Baş Nazir olasıydı. Bu gün isə aralarında ciddi çəkişmələr var. Rəsul Quliyevdən başqa İsa Qəmbərin namizədliyini kim dəstəkləmişdi? Heç kəsin tanımadığı Əhrar Partiyası, Azərbaycan Sağ Partiyası və s. Bir sözlə, Azərbaycan siyasəti şəxslər arasında intriqaların qurbanı olub. Ona görə də Azərbaycanda real müxalif birlik heç bir zaman olmayıb.

- Deyirsiz ki, müxalifətə təkliflər verdik, qəbul etmədilər. Niyə təkliflərinizi açıqlamalarınızın arxasında gizlədirsiniz? Bunu açıqlamalarla deyil, bəlkə, proqram şəklində təqdim edəsiniz? Doğrudan da, bu, normal proqramdırsa, cəmiyyət bunu görürsə, müxalifət bunu qəbul etmirsə, o zaman qoy cəmiyyət özü seçim etsin. Ancaq siz təkliflərinizi ictimaiyyətdən gizli saxlayır, "biz təklif verdik" deməklə kifayətlənirsiniz..
.

- Biz proqram təklif etmirik. Biz ideya təklif etdik ki, hər kəs öz platformasını gətirsin, demokratik forum keçirək, hərə öz proqramı ilə çıxış etsin. Əfsuslar olsun ki, bu olmadı. Bizim platformadan söhbət gedirsə, biz onu dəqiqləşdirmək prosesindəyik. Təşkilatımızın sədri İlqar Məmmədov həbs olundu. Bir çox məsələləri onunla razılaşdırmaq lazımdır. Yaxın günlərdə bunu həll edəcəyik. Həm bizim platformamız, həm də siyasi təşkilat kimi proqramımız ictimaiyyətə təqdim olunacaq.

"İqtidar yeni nəsil  siyasətçiləri seçkiyə buraxmamaq üçün hər şeyə gedəcək"


- Müxalifət artıq neçənci dəfədir ki, seçkidə iştirak edir. Ortada narazı bir kütlə, protest elektorat var. Gəlin etiraf edək ki, buna paralel olaraq razı elektorat da mövcuddur. Həmin elektorat nə qədər ağır şərtlər altında yaşamaq, çalışmaq zorunda olsa da, ölkədə inqilab istəmir. Yəni bu gün biznesmenlər var, onların maddi problemi yoxdur, düzdür, inhisarçılıqdan, qanunsuz təzyiqlərdən narazıdırlar, amma heç bir halda Azərbaycanda "Ərəb baharı"nı görmək arzusunda deyillər. Bax, həmin elektoratı seçkilərdə necə toparlamaq olar?

- Baxın, 2005-ci ildəki seçkilər zamanı 15-20% arası seçici iştirak etmişdi. Azərbaycanda 1993-cü ildən sonra seçkilərə, ümumiyyətlə siyasi proseslərə maraq azalmağa  başladı.1993-2008-ci illər arasında keçirilən seçkilərdə iştirak edən seçicilərin sayı enən xətlə getdi. Bizim cəmiyyət 1992-dən 1993-cü ilə qədər sosioloq Ştompkanın sözləriylə desək «sosial travma» aldı. İnsanlarda bir gözlənti var idi. Onlar şüuraltı Əbülfəz Elçibəyin ölkədə dərin və əsaslı sistem dəyişikliyi edəcəyini gözləyirdilər. Bunlar olmadı deyə insanlarda ruh düşkünlüyü, siyasi passivlik yarandı. Bu gün Azərbaycanda razı təbəqə təxminən 10-15%-dır. Protest elektoratı dediyiniz ənənəvi müxalifətin elektoratı da təxminən 10-15%-dır. İqtidarla ənənəvi müxalifətin birlikdə elektoratı təxminən 20-30%-dır. Ölkə əhalisinin 70-80%-i siyasi proseslərdən kənarda qalıb. Onlar nə indiki müxalifəti, nə də iqtidarı qəbul edirlər. Ona görə də seçkilərə getmirlər.

- Yoxsa onlarla işləmək istəyirsiniz...

- Bəli. Onları seçkiyə çəkmək üçün istər prezident, istərsə də parlament seçkilərində namizədlər mütləq yeni sima, onların görmədiyi insanlar olmalıdır. Çünki onlar gördükləri adamlara inanmırlar. Seçki saxtakalıqlarıyla yanaşı, vətəndaşların seçkilərə maraq göstərməmələrinin əsas səbəbi budur. “Facebook”da seçkilərlə bağlı dəfələrlə sorğular keçirilib. 150 min istifadəçi bu sorğuları görüb. Onların yalnız 5 mini səs verib. Bu nə deməkdir? 145 min sorğuda iştirak etməyib. Buradan sual yaranır ki, bu 145 min seçkilərə gələrsə, kimə səs verəcək? Nədən sorğuda iştirak etmədilər? Burada səbəblər var: birincisi qorxu, ikincisi inamsızlıq. Əgər İlham Əliyevə səs vermək istəsəydilər, burada heç bir qorxu faktoru yoxdur, verərdilər. Əslində, İlham Əliyevə səs verənlərin bir hissəsi gizli səsvermədə seçkilərə qoşulsalar, bəlkə də, heç ona səs verməzlər. Fakt odur ki, bu 145 min şəxs seçkilərdə iştirak etsələr, İlham Əliyevə səs verməyəcək. Ola bilsin ki, onların bir hissəsi müxalifətə səs versin. Lakin bu gün onların qorxuları tanıdıqları müxalif namizədlərin qəbulundan daha böyükdür.

Əfsuslar olsun ki, 145 min şəxs o siyahıda İlqar Məmmədova da səs verməyiblər. Tanımadıqlarına görə səs verməyiblər. Ona görə də biz ilk növbədə özümüzü tanıtmalıyıq. Seçkilər də bizə bu fürsəti açır. Yəni seçki kampaniyası dövründə namizədimizi yaxından tanıyıb ona səs vermələri ehtimalı böyükdür. İqtidar yeni nəsil  siyasətçiləri seçkiyə buraxmamaq üçün hər şeyə gedəcək. İlqar Məmmədovun həbsi bunun bariz örnəyidir. Ənənəvi müxalifəti seçkiyə buraxacaqlar, burada inanmıram ki, hər hansı problem olsun. Hakimiyyətə sərf edir ki, 20 ilin siyasi konfiqurasiyası dəyişməsin. Çünki belə olan təqdirdə əhali seçkiyə gəlməyəcək, saxtakarlıq üçün imkan olacaq.


"Azərbaycanda heç bir təşkilat inqilab etməyəcək, bunu bilin"



- ReAl Hərəkatının ölkədə inqilabın olmasına münasibəti necədir?

- Müxalifətçilər arasında bu fikir son vaxtlar çox tez-tez səslənir. Azərbaycanda heç bir təşkilat inqilab etməyəcək, bunu bilin. İnqilab kəlməsi o qədər ciddi kəlmədir ki, o, kiminsə tərəfindən ediləcək bir məsələ deyil. İnqilablar xalqın içindən gəlir, ictimai dinamikadan asılıdır. Məsələn, Tunisdə inqilabdan az müddət əvvəl orada sorğu keçirilsəydi, insanlar deyəcəkdi ki, nə inqilab, nə danışırsınız? Eyni hadisələr sonra Misirdə də təkarlandı. Azərbaycanda inqilaba zəmin var. Bu zəmini də yaradan və canlandıram hakimiyyətin əsasən sosial və iqtisadi sahələrdə yanlış siyasətidir və mövcud hakimiyyətlə başlı ictimai gözləntilərin təkənməsi faktorudur.

- Etiraf edək ki, müəyyən mənada Qərb onlara dəstək verdi...

- Bu fikirlə tamamilə razı deyiləm. Hər zaman bu fikirlər irəli sürülür. Amerikanın, Avropanın yanlış siyasətləri olub. Məsələn, İraqa müdaxilə səhv bir addım idi. İnsanlar bunu görüb hesab edirlər ki, Qərb bütün müsəlmanları sıxışdırır. İnsanlar şüuraltı bunun həqiqət olduğuna inanırlar. Amma real olaraq məsələni analiz etmirlər. Tunisdəki rejim Qərblə çox yaxın və isti münasibətdə olan rejim idi. Tunis elə də önəmli dövlət deyildi, amma hər halda Qərbin müttəfiqi idi. Misir də Qərbin müttəfiqi idi. Misirin keçmiş prezidentinin Qərblə isti münasibətləri var idi və bu baxımdan islamçıları ciddi şəkildə sıxışdırırdı. Misir – Kemp Devid anlaşmasını imzalayan və bununla da ərəb dünyasında İsraili tanıyan ilk dövlət idi. "Həmin ölkələrdə baş verən inqilablarda Amerikanın marağı var idi" demək tamamilə yanlışdır. Hətta Obama sonuna qədər Hüsni Mübarəki dəstəklədi.


"Ölkədə islamçıların hakimiyyətə gəlməsi qeyri-mümkündür"


- Misirdə “Müsəlman Qardaşları”, eləcə də, Liviya və Tunisdə hakimiyyətə islamameylli qüvvələr gətirildi. Azərbaycanda belə bir hadisə baş verərsə, islamçı qüvvələr hakimiyyətə gələ bilərmi?

- Nə Misirdə, nə Tunisdə hakimiyyətə heç kəsi gətirmədilər. Onlar özləri hakimiyyətə gəldilər. Sadəcə, Qərb onlara qarşı çıxmadı, müəyyən mənada anlaşdılar. Anlaşmaya da bilməzdilər, çünki orada başqa siyasi cərəyanlar yoxdur. Vaxtilə ərəb dünyasında iki əsas siyasi cərəyan var idi, baasizm və islamçılıq. Bu gün baasizm krizis dövrünü yaşayır və demək olar ki, artıq bitmək üzrədir. Əgər kimsə gözləyirdisə Misirdə, Tunisdə inqilab baş verəcək və siyasi transformasiyalar nəticəsində orada həmin yeni cərayanlar yaranacaq - yanılırdı. Ərəb ölkələrinin özlərinə uyğun cəmiyyət konstruksiyası var. Burada İslam - həm milli mədəniyyət formasıdır, yəni yaşayış tərzidir, həm də siyasi cərəyandır. Ərəb cəmiyyətində "üləma" adlandırılan dini kəsim-təbəqə çox güclüdür və təkanverici sosial kütlədir. Bizim cəmiyyət isə tamamilə başqadır. Ənənələrimiz başqa, dünyagörüşümüz başqa, coğrafiyamız başqa, sosial institutlarımız başqa. Hesab edirəm, ölkədə islami inqilab mümkün deyil, islamçıların hakimiyyətə gəlməsi qeyri-mümkündür. Bizdə o ola bilər ki, Türkiyədəki kimi islami dəyərlər üzərində fokuslaşmış hansısa bir mühafizəkar demokratik partiya nə zamansa hakimiyyətə gələ bilər. Ümumilikdə, islamçıların hakimiyyətə gəlməsi, vəziyyəti ələ alması mümkünsüzdür. İqtidar bu mövzudan sui-istifadə etməklə Qərbi qorxutmaq istəyir. Amma Qərbin də bu məsələdən nə dərəcədə çəkindiyi, buna ümumiyyətlə inanıb-inanmadığı sualdır.

- ReAl-ın namizədi olmayacaqsa, elektoratınız alternativ olaraq kimə səs verəcək?


- Bizim sabit elektoratımız hələ ki, yoxdur. Potensial seçicilərimiz var – dediyim 80%. Daha əvvəl dediyim kimi 80% Əli Kərimlinin, İsa Qəmbərin, Eldar Namazovun arxasınca getməyəcək. Onlar yeni simalar istəyir. Əgər biz hansısa bir şəkildə seçkilərdə iştiraketmə imkanı əldə etsək, çalışacağıq ki, həmin 80%-in böyük hissəsinin səsini qazanaq.

- Əvvəllər hakimiyyət ölkənin iqtisadi gücünün artmasından, Qərblə iqtsadi anlaşmaların olduğunu daha çox qabardırdı. Amma son zamanlar bu yöndə açıqlamalar səngiyib. Qərbdən də müəyyən qədər təzyiqlər hiss olunmağa başlayıb. Son günlər isə artıq müharibə mesajları verilir. Hətta "Reuters" Agentliyi də Qarabağda müharibənin başlayacağı ilə bağlı xəbər yaymışdı...


- Azərbaycan iqtidasiyyatı dedikləri kimi inkişaf etmir. Bütün inkişaf onların boş rəqəmlərindədir, yəni bu inkişaf vətəndaşların cibinə işləmir. İnsanlar 10 ildir gözləyirlər ki, onların durumu dəyişəcək. Amma insanlar bunun şahidi olmurlar. Məsələn, bu gün Qəbələdə etiraz edən fəhlələri həbs edirlər. Onların istədikləri nə idi? Daha çox əmək haqqı və sığorta tələb edirdilər. İqtidarı tənqid edəndə deyirlər ki, baxın, ölkəni necə gözəlləşdirmişik. Razıyam, Bakının müəyyən bir hissəsi gözəl olub, amma hansı pullarla gözəl olub? Yeni gələn hakimiyyət bunu edə bilməzmi? Edə bilər və daha yaxşı və daha ucuz edər bunu. 

Azərbaycan iqtidarı demək olar ki, bütün mənəvi resurslarını xərcləyib. İqtidar hiss edir ki, küncə sıxışdırılıb. Ona görə də seçkilər ərəfəsində nə edə bilərlər? Məsələn, lokal bir hadisə törədib, sonradan onu müxalifətçilərin, NİDA-çıların, gənclərin, mifik islamçıların üstünə ata bilərlər. Qərbə də göstərə bilərlər ki, müxalifət budur. Burada əsas iki mesajları ola bilər: 1. Ölkədə stabilliyi yalnız biz  qoruya bilərik, 2. Lazım gəlsə stabilliyi məhv etməyin də öhdəsindən gələ bilərik. O cümlədən də lokal müharibə variantına da gedə bilərlər. Sonra da deyəcəklər ki, müharibə gedir, siz ölkədəki baş verənləri siyasiləşdirirsiniz, seçkilərdən danışırsınız. Yəni hakimiyyətin əldən getməməsi üçün ölkənin maraqlarına zidd istənilən addımı atarlar. 

"İşlər hələ indi başlayır!"

- Bəy, niyə bədbinsiniz?

- Xeyr, bədbin deyiləm. Sadəcə vəziyyəti real dəyərləndirməyə çalışıram. Bədbinlik 5-10 il əvvəl var idi. Çünki 17-20 yaşı olanlar siyasətə gələ bilmirdilər. Bu gün Azərbaycanda 30-40 yaşında olan insanlar siyasətdə aktiv olmağa başlayıblar. Həmin insanların Azərbaycanın müstəqilliyini elan edəndə 10-15, 20 yaşları var idi. Bir sözlə, siyasətə yeni simalar, yeni nəsil, yeni nəfəs gəlir. Bədbinliyin yeri yoxdur, işlər elə indi başlayır!

- Bölgələrə çıxmaq barədə nə düşünürsünüz? 

- İlk növbədə Bakıda fəaliyyət göstəririk. Çünki əsas siyasət burada cərəyan edir. Hesab edirik ki, bizim potensial elektoratımızın əsas hissəsi Bakıdadır. Biz seçkilərdə iştirak etsək, əminəm ki, məhz Bakıda digər siyasi təşkilatlardan daha çox səs qazanarıq. Bizdə bu güc var və buna inanırıq. Amma bölgələrə mütləq gedəcəyik. Aydın məsələdir ki, biz bütün bölgələrə gedə bilməyəcəyik. Amma elə bölgələr var ki, biz həmin yerlərə mütləq gedəcəyik. Məsələn, Gəncəyə, Sumqayıta, İsmayıllıya, Şamaxıya, Ağsuya, Qəbələyə, Şəkiyə, Qubaya, Xaçmaza, Mingəçevirə, Lənkərana mütləq gedəcəyik.

- Müsavatçı fəallar Tofiq Yaqublu və İlqar Məmmədova azadlıq tələbi ilə "Fləşmob” keçirdilər. Bəs siz hansı addımları atmağı planlaşdırırsınız?

- Aksiya keçirməyi düşünürük, müzakirələr aparırıq. İlqar Məmmədovun həbs olunduğu gündən İdarə Heyətində böyük mitinqin keçirilməsi müzakirə olunur.

- Deməli, ReAl mitinqə hazırlaşır...

- Mən demədim ki, ReAl mitinqə hazırlaşır. Qərar veriləndən sonra mitinq hazırlığı başlayacaq. Bizim belə ideyalarımız, fikirlərimiz var və uyğun zaman olduğu təqdirdə biz bunu həyata keçirəcəyik. Bir şeyi qeyd edim ki, “Fləşmob”lar yaxşıdır, keçirilməlidir. Amma bununla siyasət olmur axı. Əfsuslar olsun ki, bu, Azərbaycandakı vəziyyəti dəyişməyəcək.

- İctimai Palata ilə ReAl həbs olunan İlqar Məmmədov və Tofiq Yaqubluya dəstək aksiyası keçirməyi planlaşdırırdı. Hazırda vəziyyət necədir?

- Biz İctimai Palata ilə aksiya qərarı müzakirə etməmişik, belə bir planımız da yoxdur. 

İlqar Məmmədovun həbsini isə Qərblə bazarlıq mövzusuna çevirməyəcəyik. İlqar Məmmədovun müdafiəsi ilə də hüquq müdafiə təşkilatları daha profesional şəkildə məşğul olurlar. Biz prezident seçkilərinə hazırlığı daha vacib məsələ hesab edirik.


Şəmşad AĞA
İlkin PİRƏLİ
Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->