Onun iki dəfə Siyasi Büroya üzv olmaq şansı yaranıb. Mərkəzi Komitəyə katib, yaxud da Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinə birinci katib təyin olunacağı təqdirdə, o, vəzifə ranqına uyğun olaraq Siyasi Büroda təmsil olunacaqdı. Amma Moskvadakı "böyüklərin” Ukraynaya atdıqları "böyük kötüklər” Fyodor Morqunun siyasi karyerasına əngəl törədib. Hətta Leonid İliç Brejnevin yaxın adamı sayılmasına baxmayaraq Morqunun yüksək vəzifəyə təyinatına mane olmaq istəyənlər öz niyyətlərinə cata biliblər.
Maraqlıdır, niyə Fyodor Morqunun yüksək vəzifəyə təyin olunması Kremldəki bəzi məmurları narahat edib?
Fyodor Morqun 1924-cü ildə Donetskdə anadan olub. Dnepropetrovsk Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb. Sovet-alman müharibəsinin iştirakçısı olub, ən ağır döyüşlərdə iştirak edib, 3 dəfə yaralanıb.
Fyodor Morqun uzun illər Qazaxstanda kənd təsərrüfatı sahəsində çalışıb və elə həmin illərdən də Brejnevlə yaxın münasibətləri yaranıb. 1962-ci ildən Qazaxstanın Pavlodar vilayətinin ikinci katibi vəzifəsində işləyib.
Kənd təsərrüfatı sahəsi üzrə güclü mütəxəssis sayılan Morqun 1965-ci ildə Brejnevin təşəbbüsü ilə Mərkəzi Komitənin kənd təsərrüfatı şöbəsinə sektor müdiri təyin edilib.
1969-cu ildə Morqun Qırğısıtana göndərilib və üç il respublikanın Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsində fəaliyyətini davam etdirib.
1972-ci ildə Ukrayna Kommunist Partiyası Mərkəzi Komitəsinə təlimatçı təyin edilən Morqun bir ildən sonra Poltava vilayətinə birinci katib göndərilib.
Fyodor Morqun işlədiyi bütün vəzifələrdə ən yüksək nəticələr əldə edib. Mərkəzi Komitənin iclaslarında Morqun haqqında həmişə yüksək fikirlər söylənilib. 1977-ci ildə Brejnev ən yüksək iqtisadi göstəriciləri olan vilayətlərin birinci katiblərini qəbul edəndə Fyodor Morqun da bu siyahıda olub. Baş katib əvvəlcə onu tək qəbul edib. Müharibə və Qazaxstan illərini xatırladıqdan sonra Brejnev Morqunla bağlı planlarını açıqlayıb:
- Fyodor Trofimoviç, Siyasi Büro sizin haqqınızda yüksək fikirdədir. Biz belə düşünürük ki, siz öz gücünüzü ittifaq miqyasında realizə etməlisiniz. Buna görə də fəaliyyətinizin Moskvada davam etdirilməsi ilə bağlı variantlar seçirik. Siz buna hazır olun.
Sonra Brejnev Mixail Suslovu kabinetinə dəvət edib:
- Mixail Andreyeviç, Morqunu diqqətdə saxlayın. Yəqin ki, onin haqqında siz də məlumatlısınız. Biz dəyərli kadrları irəli çəkməliyik. Morqun ölkədə kənd təsərrüfatı üzrə ən güclü kadrdır.
Kadrlara qarşı kaprizli və qısqanc olan Suslov Morqun haqqında müsbət fikirlərini söyləyib:
- Fyodor Morqun təkcə kənd təssərüfat sahəsində yox, elə ideologiya sahəsində də ən fəal kommunistlərdən biridir. Onun fəaliyyəti Kremldə həmişə diqqət mərkəzində olub.
Hər şeyə "mız” qoyan Suslovun dilindən bu fikirləri eşitmək Brejnevin ürəyincə olub.
Amma hələ ki, münasib boş yer olmadığından Morqun fəaliyyətini Poltavada davam etdirib.
1978-ci ilin oktybrında Mərkəzi Komitənin kənd təsərrüfatı məsələləri üzrə katibi Fyodor Kulakovun qəfil ölümündən sonra onun boş qalmış vəzifəsinə Morqunun və Krasnodar diyar Partiya Komitəsinin birinci katibi Medunovun namizədlikləri irəli sürülüb. Hər iki birinci katibin şəxsi işləri Kremlə göndərilib. Adətən, namizədlərin şəxsi işlərini Brejnevə Konstantin Çernenko təqdim edib. Krasnodarın kurort şəhərlərindəki ticarət və ictimai iaşə obyektləri ilə bağlı Kremlə daxil olan çoxsaylı şikayətlərə görə Medunovun namizədliyi geri götürülüb. Morqun Mərkəzi Komitə katibi vəzifəsinə yeganə namizəd olub.
Bu təyinat hazırlığı məsələlərindən Yuri Andropov da xəbərdar olub. Vəzifə ranqına görə Andropovun Mərkəzi Komitədə kadr məsələlərinə müdaxilə etmək səlahiyyəti olmayıb. Yalnız Mərkəzi Komitənin sorğusu ilə DTK namizədin keçmiş fəaliyyəti ilə bağlı probleminin olub-olmaması ilə bağlı arayış təqdim etmək səlahiyyətində olub. Buna baxmayaraq Andropov vəzifə təyinatları zamanı özünü kənarda saxlamayıb və bu müdaxiləyə Siyasi Büronun üzvü olması ilə haqq qazandırıb. Qeyd edək ki, Andropov Beriyadan sonra DTK sədri kimi ikinci çəxs olub ki, bu vəzifəni daşıyaraq Siyasi Büroda təmsil olunub.
Beləliklə, Andropov Morqunun Mərkəzi Komitəyə katib gətirilməsinə mane olub. Öz gələcək baş katib olmaq arzusunu gerçəkləşdirmək üçün Andropov Brejnevin kadrlarının Kremlə toplaşmasına mane olmağa cəhd edib və Morqun məsələsində buna nail olub. O, Çernenko vasitəsilə Brejnevə təsir göstərib və Mineralnıe Vodı şəhərində Brejnevlə Qorbaçovun görüşünü təşkil edib. Məsələ yerindəcə öz həllini tapıb, Brejnev Qorbaçovun Mərkəzi Komitəyə katib gətirilməsinə razılıq verib.
Bir neçə ildən sonra Moskvada Qorbaçocla Morqun görüşəndə Qorbaçov ona "üzrxahlıq” edib:
- Fyodor Trofimoviç, mən sizin namizədliyinizin irəli sürüldüyünü bilirdim və buna qarşı heç bir mənfi fikrim də yox idi. Sadəcə, mən Kommunist Partiyasının mənə göstərdiyi etimaddan imtina edə bilməzdim.
Morqun Qorbaçova sərt və soyuq cavab verib:
- Mənim də hər şey haqqında məlumatım var. Mən onsuz da həmin vəzifədən imtina edəcəkdim.
Təbii ki, bu hadisələrdən sonra Qorbaçovla Morqun arasında soyuq münasibətlər hökm sürüb. Sonralar Qorbaçov hakimiyyətə gəldikdən sonra Ukrayna siyasi cəhətdən həssas bir bölgə olduğundan o, ehtiyatını əldən verməyib. Onu ən çox narahat edən siyasi fiqurlardan biri Ukraynanın birinci katibi Vladimir Şerbitski olub. 1988-1989-cu illərdə Qorbaçov Şerbitskiyə qarşı mabarizə kampaniyasına start verib. Həmin ərəfədə qərb mətbuatı bu mövzuya xüsusi yer ayırıb, yazılarda vurğulanıb ki, Şerbitski vəzifəsindən azad olunacaq, onun yerinə isə real namizəd Fyodor Morqundur. Bu məqamda da Qorbaçov öz xislətinə uyğun olaraq hiyləgər bir addım atıb. 1988-ci ildə o, SSRİ Təbiətin Mühafizəsi Komitəsini təsis edib və Morqunu komitə sədri təyin edib. Beləliklə də, Qorbaçov Morquna nazir statuslu vəzifə verərək onu zərərsizləşdirib, ən əsası isə Ukraynadan uzaqlaşdırıb.
Fyodor Morqun bu vəzifədə bir il işləyib. O, 1989-cu ildə Qorbaçovun da iştirak etdiyi Nazirlər Sovetinin iclasında ölkənin kənd təsərrüfatındakı vəziyyəti sərt tənqid edib, heyvandarlıq və quşçuluq sahəsində istifadə olunan yemin neft tullantılarından və kimyəvi maddələrdən hazırlanmasını cinayət adlandırıb. Bu çıxışından sonra Morqun vəzifəsindən uzalaşdırılıb.
Ömrünün son illərini Fyodor Morqun Poltavada yaşayıb, memuarlarını yazıb, ondan artıq kitabı çap olub.
2008-ci ildə 84 yaşlı Fyodor Morqun avtoqəzaya düşüb, həkimlər onun həyatını xilas edə bilməyiblər...
Musavat.com
Şərhlər