Xəbər verdiyimiz kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən gün paytaxtda havada yayılmış kəskin qoxunun analiz nəticələrini açıqlayıb.
Nəticələrə əsasən ehtimal edilir ki, "Sobsan” fabrikində baş vermiş yanğın zamanı yaranmış tullantılar da Böyük Şor gölünə axıdılıb. Rəsmi məlumata görə, son günlər Bakı şəhəri, Abşeron yarımadasında yüksək temperaturun, durğun hava şəraitinin müşahidə edilməsi də iy-qoxunun daha da kəskinləşməsinə səbəb olub.
"Qafqazinfo” sözügedən ehtimalla bağlı "Sobsan” boya fabrikinin direktoru Orxan Allahverdiyevlə əlaqə saxlayıb. O qeyd edib ki, tullantıların Böyük Şor gölünə axıdılmasıyla bağlı ehtimallar doğru deyil: "Məhsullarımızın 90 faizi yanıb. Biz əraziyə qum tökmüşük və təmizləmə həyata keçiririk. Hazırda ərazi palçıqlıdır. Orada tullantı yoxdur. Bundan əlavə, boya kəskin iyə sahib deyil. Buna görə də, ötən gün şəhərdə yayılan kəskin qoxunun boya iyiylə əlaqəsi yoxdur”.
Şərhlər