“SOCAR dərin yataqları istismar etmək üçün texnologiyalara malikdir” (RƏY)

“SOCAR dərin yataqları istismar etmək üçün texnologiyalara malikdir” (RƏY)

Dünən Bakı dərin özüllər zavodunda "Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimi keçirildi. Mərasimdə iştirak edən Prezident İlham Əliyev bunun yatağın işlənməsində çox önəmli mərhələ olduğunu deyib. Dövlət başçısı bildirib ki, qurğu Azərbaycan mütəxəssisləri tərəfindən ölkəmizdə inşa edilib, özülün üst hissəsi də vaxtında tikiləcək və "Qarabağ” yatağının tammiqyaslı işlənməsinə başlanılacaq.

Mövzu ilə bağlı "MediaPost”a açıqlama verən Neft və Qaz İnstitutunun direktoru, professor Fəxrəddin Qədirov "Qarabağ” yatağının böyük potensiala malik olduğunu deyib: 

"Qarabağ” neft yatağının işə salınması çox böyük bir qayıdış kimi qiymətləndirilə bilər. Bu yataq 90-cı illərdə perspektivsiz yataq kimi qəbul olunmuşdu. Lakin bizim azərbaycanlı alimlərin və neftçilərin tədqiqatları bir daha sübut etdi ki, bu yataq həqiqətən çox lazımlı bir yataqdır və onun ehtiyatları da çoxdur". 

Professor bildirir ki, bu platforma indiyə qədər Xəzərdə quraşdırılacaq ən böyük platforma olacaq: "Texnoloji cəhətdən 20-30 il əvvəl biz bu dərinlikdə əməliyyat apara və daha dərin qatları öyrənə bilmirdik. "Qarabağ” dayaq blokunun misalı göstərdi ki, SOCAR artıq dərinsulu Xəzərdə yerləşən yataqları istismar etmək üçün lazım olan texnologiyalara malikdir. Həmçinin yeni layihələri ərsəyə gətirən əsasən milli kadrlarımızdır. Çox sayda kadrlar neft-qaz mühəndisliyi sahəsində xaricdə təhsil alıb, eləcə də SOCAR-da çalışanların əksəriyyəti ixtisasartırma təlimlərinə cəlb olunurlar və onlar beynəlxalq partnyorların tələblərinə uyğunlaşdırılır. Bizim neft sahəsində çalışan işçilərimiz çox müasir səviyyədə yetişiblər". 

AMEA-nın üzvü qeyd edir ki, bu yataq indi açıldıqdan sonra yenə onun ətrafında tədiqatlar davam etdiriləcək, yeni prerspektiv zonalar müəyyənləşdiriləcək. Bu da xarici tərəfdaşların yeni layihələrə investisiya yatırımlarını daha maraqlı edəcək.

Qeyd edək ki, "Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. "STB-1” daşıma barjına yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. Blokun tikintisi iki il ərzində aparılıb. Konstruksiyanın hazırlanması prosesində mühüm amillərdən biri də yerli mütəxəssislərin iştirakıdır. Belə ki, dayaq blokunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR