Soçi görüşü Brüssel görüşünə necə təsir edə bilər: Müsbət və mənfi... (TƏHLİL)

Soçi görüşü Brüssel görüşünə necə təsir edə bilər: Müsbət və mənfi... (TƏHLİL)

"Soçi görüşünün Brüsseldə olacaq görüşə mütləq mənada təsiri olacaq. Çünki Soçi görüşü növbəti Brüssel görüşündən daha əhəmiyyətli müzakirə görüşüdür. Bugünki görüşdə daha çox məsələlər dəqiqləşdirilə bilər, nəinki ondan sonrakı görüşdə”.

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədri Araz Aslanlı Bakı ilə İrəvan arasında keçirilən Soçi görüşünün sonradan Brüsseldə olacaq görüşə hansısa təsirinin olub-olmayacağı barədə danışarkən deyib:

"Hər halda, Azərbaycan, o cümlədən Ermənistan da prosesin bir dövlətin monopoliyasında qalmasını istəmir. Onu da vurğulayım ki, bu iki görüşü təşkil edənlər onu öz aralarında rəqabət mövzusuna çevirsələr, daimi sülhü əldə etmək də çətinləşəcək”.

Həmsöhbətimiz qeyd edir ki, Azərbaycan prezidentiylə Ermənistan baş naziri arasında Soçi və Brüsseldə görüşünün planlaşdırılması ümumi prosesin bazasıdır: 

"Söhbət başa çatan müharibənin davamı olaraq sülh müqaviləsinin imzalanması və regionda daimi sülh, əməkdaşlıq mühitinin formalaşdırılmasından gedir. Bu prosesin mürəkkəb olduğunu, daxili və xarici amillərin mürəkkəb rolunu da bilirik. Ermənistan daxilində, regiona qonşu olan və kənar dövlətlər arasında məsələyə fərqli yanaşmalar var”. 

Təşkilat rəhbəri bildirir ki, hamının regionda sülh istədiyinə tam əmin deyilik:

"Amma ondan əminik ki, müxtəlif dövlətlər prosesdə mərkəz rolunda çıxış etmək istəyir. Ona görə də Soçi və ardınca olacaq Brüssel görüşləri bir-birinin davamıdır. Buna da sadəcə sülhün əldə olunması baxımından yox, müxtəlif maraqlı dövlətlərin prosesi nəzarətdə saxlamaq təşəbbüsü mənasında da baxmalıyıq. Bu illər ərzində praktikada görmüşük ki, tərəflər arasında hansısa razılaşmanın əldə olunması istiqamətində imkan yaranır, amma ATƏT-in Minsk Qrupu həmsədr dövlətlərinin hər hansı birinin paytaxtında keçirilən görüşdən sonra isə proses dalana dirənir. 30 il ərzində bütün mərhələlərdə təxminən bu cür mənzərə ilə qarşılaşmışıq”. 

Ekspert düşünür ki, ard-arda gələn bu görüşlər gedişatdan asılı olaraq prosesin sürətlənməsinə təsir edə bilər, amma eyni zamanda Brüssel görüşü Soçidə əldə oluna biləcək nəticələrə maneə də ola bilər:

"Bu əsasda Soçi və Brüsseldə olacaq arxa-arxaya görüş prosesin sürətlə həllinə də təkan verə bilər. Amma bunun əksinə, bir görüşdə əldə olunacaq nəticə baxımından ardınca gələn digər görüş maneə rolunu da oynaya bilər. Ümid edək ki, 44 günlük müharibədən sonra, Ermənistan və vasitəçilər, ondan əvvəlki mərhələ ilə müqayisədə prosesə bir qədər fərqli yanaşacaqlar. Yəni arxa-arxaya keçirilən görüşlər rəqabətə rəvac verməsin, münaqişənin tam həllinə doğru gedən yolun parçaları olsun”.

Rüfət Sultan
XƏBƏRLƏR
BLOGLAR
X