Soçi görüşündən iki gün öncə Putin Overçuku niyə Bakıya göndərib?

Soçi görüşündən iki gün öncə Putin Overçuku niyə Bakıya göndərib?

Əliyev Overçuku qəbul etdi: Rusiya baş nazirinin müavini, kommunikasiyaların açılması üzrə üçtərəfli İşçi Qrupun üzvünün Soçi görüşündən iki gün öncə Bakıya səfəri noyabrın 26-da nəqliyyatın blokadadan çıxarılması ilə bağlı sənədin - bəyannamənin imzalanacağı gözləntisini önə çıxarır.

Qaynarinfo xəbər verir ki, bu sözləri siyasi şərhçi Asif Nərimanlı yazıb. O, ən optimal variantın kommunikasiyanın açılması qrafikinin təsdiq edilməsi ola biləcəyini qeyd edib: 

"1 mart tarixinə qədər hazırlanması və təsdiq üçün təqdim edilməsi nəzərədə tutulan qrafikin gecikməsi hazırda Bakı ilə yanaşı, Moskvanın da maraqlarına uyğun deyil.

Lakin sual yaranır: Overçuku Bakıya gətirən səbəb nədir?

Birincisi, qrafikin hazırlanması zamanı tarixlərin dəqiqləşdirilməsi ola bilər.

İkincisi, imzalanması mümkün olan sənədin - bəyannamənin mətni razılaşdırılır.

Üçüncüsü, kommunikasiyanın açılmasında Bakı üçün prioritet olan Zəngəzur dəhlizi ilə bağlıdır”.

Şərhçi üçüncü səbəbin daha aktual olduğunu bildirib:

"İlk iki səbəb üçün Overçukun Bakıya gəlişinə ehtiyac yoxdur, bu baxımdan, üçüncü səbəb daha aktualdır və görüşdən iki gün öncə Putin kommunikasiyanın açılması prosesində əsas məsul şəxsini Əliyevlə görüşə göndərirsə, bu, məhz Azərbaycanla hansısa məsələləri dəqiqləşdirmələrə ehtiyac olması deməkdir.

Rəsmi İrəvanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi, eləcə də Paşinyanın son açıqlamaları o versiyanı önə çıxarır ki, Azərbaycanın Naxçıvanla əlaqəsini yaradacaq nəqliyyat xəttində Ermənistanın istəkləri nəzərə alınıb və ruslar Bakıda bunu müzakirə edirlər. Bu, az ehtimaldır, çünki məsələnin bu formada müzakirəsi əlavə problemlərə yol açacaq:

- 10 Noyabr üçtərəfli razılaşmasının kommunikasiyaların açılması üzrə bəndi pozulacaq və məsələnin yenidən nəzərdən keçirilməsinə zəmin yaranacaq;
- Bakı eyni şərtlərin – İrəvanın Zəngəzur dəhlizində yaratmaq istədiyi gömrük nəzarətinin Laçın dəhlizində də tətbiq edilməsini tələb edəcək;
- Rusiyanın bölgənin gələcəyi üzərində razılaşdığı Türkiyə də buna qarşı çıxacaq”.

Asif nərimanlı nəticə etibarilə prosesin uzanacağını və bunun Moskvanın bölgədəki maraqlarına uyğun görünmədiyini vurğulayıb: 
"Bu baxımdan, Putinin nümayəndəsini Soçi görüşündən iki gün öncə Bakıya gətirən səbəb açıq olaraq qalır.

Overçuk Əliyevlə görüşdən sonra İrəvana gedəcəksə, bu, proseslərə bir qədər aydınlıq gətirə bilər. Və məqsədin kommunikasiyanın açılması qrafiki üzrə sənədin-bəyannamənin razılaşdırılması olduğu versiyasını gücləndirə bilər”.

Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət rəhbərləri noyabrın 26-da Soçidə görüşəcəklər.

XƏBƏRLƏR
BLOGLAR
X