Aqşin Yenisey
Bir çimdik sadizm!..
Sosial şəbəkələr özünün ibtidai icma quruluşu dövrünü yaşayır. Real həyatda hər nə qədər insan haqları, söz və fikir azadlıqları kimi neoliberal dəyərlər müzakirə olunsa da, virtual dünyada bunun tam əksini görürük; real dünyada qorunması uğrunda mübarizə apardığımız dəyərlərə virtual dünyada özümüz hücum edirik.
Söz və fikir azadlığı virtual məkanda linç aləti kimi istifadə olunur.
Real həyatda hamımız ümumi bir mədəniyyətin daşıyıcıları olsaq da, virtual həyatda bir adam bir mədəniyyət deməkdir; Nizami Gəncəvinin "Yeddi gözəl” əsərində olduğu kimi, hər "gözəl” öz mədəniyyətinin təmsilçisidir.
"Hashtag”ını yaratmağa cəsarət göstərməsələr də, sosial şəbəkələrdən söz düşdükdə ən çox ortada dolaşan kəlmə "linç” kəlməsidir, həm də XXI əsrdə. İnsan ta cənnətdən qovulandan "günah keçisi” axtarır. İlk iki qardaşdan birinin o birini öldürməsi də bu "keçi” axtarışının nəticəsi idi. Alt şüuruna yerləşdirilmiş cənnət kodu yaşamaq üçün gecə-gündüz işləyən insanı həyata qarşı gizli kin saxlamağa vadar edir. Metafizik kinin səbəbi zəhmətdir. İşləyən insan kinlidir, zalımdır, kölədir.
Hələ sosial şəbəkələr olmayanda bəzi üst şirkətlərdə xüsusi otaqlarda patronun cırılmayan dana dərisindən maketini qoyurdular ki, işçilər əsəbiləşəndə, işləməkdən bezəndə gedib cansız patronu əzişdirsinlər. Kilsələrdə günahkarlar üçün "tövbə qapısı” olduğu kimi, iş yerlərində də günahsızlar üçün "stress otaqları” vardı. Bu gün həmin otaqları sosial şəbəkələr əvəz edir; əzişdiriləsi maketlərlə dolu olan bir məkan. İnsanların böyük çoxluğu buraya linçetmə məqsədi ilə daxil olur; məhkum olduğu həyatının "günah keçisini” yaxalamaq üçün.
Linç sonrası emosional boşalma həzlərin ən qədimlərindədir. Kiminsə "ağzının payını vermək” parapsixoloji həzz yaşadır qalibə və asılılıq yaradır.
Öz səhifənizdə monitorinq aparsanız görərsiniz ki, linç dəstəsini yaradanlar eyni adamlardır. Narkotik, alkaqol düşkünləri olduğu kimi, linç düşkünləri də var aramızda.
ABŞ yaranana qədər limçetmə tarixdə fırtınasayağı, qəfil və kortəbii emosiyaların "qısaqapanması” kimi baş verirdi. O məşhur homogen kütlə nadir hallarda peyda olurdu. 1780-ci ildə isə ABŞ-ın Virciniya ştatında irland əsilli Çarlz Linç adlı tütün plantatoru öz soyadını daşıyacaq linc hadisəsini "patentləşdirdi”, linçetməni qeyri-qanuni müstəvidən qanuni müstəviyə daşıdı.
Çarlz Linç ABŞ-ın "Müstəqillik müharibəsi” zamanı polis polkovniki rütbəsi əldə etmişdi və tabeliyindəki zabitlərlə birlikdə "xalq məhkəmələri” quraraq "ingilis tərəfdarları”nı sorğu-sualsız edam edirdi. Daha sonra bu siyahıya "qızıldərililər”, üsyankar zənci kölələr də əlavə olundu. Linçin cəza metodu çox sadə idi; onun "xalq məhkəməsi”nin "günahkar” elan etdiyi adamı yığıncaq iştirakçıları əvvəlcə döyürdülər, sonra bədnindən orqanlarını kəsirdilər, axırda da ya dirəyə bağlayıb yandırırdılar, ya da tikə-tikə olunmuş cəsədi ibrətamiz formada başıaşağı asırdılar.
Polkovnik Linçi buna vadar edən misilsiz vətənpərvərliyi idi. Və bu vətənpərvərlik zamanında və məkanında o qədər şöhrət qazanmışdı ki, hətta onun "xalq məhkəmələri”nə, yəni linçetmə yığıncaqlarına yerli qəzetlərdə "bütün xalqımız dəvətlidir” deyə elanlar verilir, linçetmə barədə xəbərlər də dərc olunurdu. Məsələn, o dövrdə gündəlik rəsmi qəzetlərdə belə başlıqlar oxumaq adi hal idi: "Cinayətkarın şaqqalanmasında minə yaxın adam iştirak edib”, yaxud "Hər kəs cinayətkardan bir tikə qoparmağa nail olub” və s.
Bir növ, bildiyimiz el şənliyi!
Polkovnik Linçin bu cəzalandırma şəkli bir müddətdən sonra qanuniləşdi və "Linç Qanunları” adını aldı, ta 1960-cı illərə qədər ABŞ-da qüvvədə qaldı.
Linç kütlə əməlidir. Kütləvilik fərdin anonimliyinə zəmanət verdiyi üçün məsuliyyətsizlik mühiti yaradır. Linçdəki qəddarlıq qorxunun qiyamıdır. Kütlə insanı – tarixlə heç bir bağı olmayan fərd – təklikdə o qədər qorxu içindədir ki, özünə oxşayan ikinci, üçüncü, dördüncü biri ilə qarşılaşdıqda gücə çevrildiyini hiss edir və bayaqkı qorxusunun intiqamını almaq üçün hədəf axtarışına çıxır. Həmin vaxt ona nəyi, kimi hədəf göstərsən, cumacaq. Əsrlərlə tapındığı bütləri dağıdacaq, halına acıyan peyğəmbərləri daşlayacaq və s.
Kütlə insanı özü ilə ünsiyyət qura bilməyən insandır, o, ilk növbədə özü üçün maraqsızdır, özündən zəhləsi gedir. Özü ilə ünsiyyət qura bilməyən insan özündə olmayan bir şeyə möhtacdır - ünsiyyətə olan ehtiyacını ödəyəcək kənar bir ağıla. Kütlə insanı bu məqamda idarəolunan hala düşür: o "kənar ağıl” bu cür, sadəcə, ünsiyyət ehtiyacı olan adamları bir yerə toplayıb quru nitqlə yemləyir və əlində hazır saxlayır: kimisə alqışlamaq, yaxud daşlamaq üçün minlərlə əl daha "bərəkətlidir”.
Yaxşı, bu linç sürüsü linçetmədən qisas həzzindən başqa bir şey qazanırmı, ümumiyyətlə, bir qazanc güdürmü? Yuxarıda polkovnik Linçin dövründə qəzet başlıqlarını yada salaq: "Hər kəs cinayətkardan bir tikə qoparmağa nail olub”. Vəssalam, linç sürüsünün tarixin bütün dövrlərində linçletmədən güddüyü və götürdüyü qazanc budur – bir çimdik sadizm!
Qədim qurbanvermə mərasimlərində də linçetmə elementləri var idi. Bu gün də birini seçib linç etməklə, sanki günahlardan arındığını zənn edən kütlələr var. Linçetməyə mənəvi bir təmizləmə kimi baxanlara elə gəlir ki, onların həyatını zülmə çevirənlər seçdikləri "günah keçilərinin” varlığıdır və əməlləridir. Onu məhv etməklə həyatlarını tanrının cəzasından təmizləyəcəklər.
Bunu isə linçin vətənində doğulmuş mifologiya professoru Cozef Kempbell deyir.
Şərhlər