Zaur Əliyev

Blogger
Yazılar
16
Sovetlərin soyad terroru

Sovetlərin soyad terroru

Azərbaycanın Rusiya tərəfindən işğalı son üç yüz ilə yaxın dövrdə iki dəfə baş verib. Bir Rusiya imperiyası dövründə, bir də siyasi sistemi dəyişsə də, mahiyyətində imperiya maraqları qalan Sovetlər dövründə. Bu illər ərzində Azərbaycanın çox sahələrinə və milli dəyərlərinə ağır zərbələr dəyib. Böyük nəsillər, genetik koda malik olan insanlar, tarixi və milli mədəni abidələrimiz, hətta dini dəyərlərimiz Rusiya tərəfindən məhv edilib. Bu işğalın Azərbaycana vurduğu ən böyük zərbə xalqımızın genetik kodunun və nəsil şəcərəsini bildirən soyadlara dəyişib.

 Azərbaycanda soyadların sistemli tətbiqinə XIX əsrdən etibarən başlanılmış fikrini elmdə və mediada təbliğ edib, Rusiyaya haqq qazandıran müəlliflər  isə bilərəkdən bu işğala haqq qazandırmağa çalışıblar. Azərbaycanda İslama qədər dövrdə Alpər, Buğaday, Burla, Beyrək, Banıçiçək, Tural, Selcan, Domrul, Tengiz kimi tarix dastanlarda və folklorda adlarımızın olduğunu görə bilirik. İslam dini qəbul edildikdən sonra yeni doğulanlara Allahqulu, İmamqulu, Həsənqulu, Hüseynqulu, Əliverdi, Allahverdi, Tanrıverdi... kimi adlar qoyuldu. 

Tədqiqatçı Ələkbər Qasımov haqlı olaraq yazır ki, "Əliəsgər, Əliövsət, Əliağa, Əlimərdan, Əliisa, Fatimə kimi adlarda "i" saitləri ixtisar edildi. Bu addımı doğrultmaq üçünsə Azərbaycan dilinin qramatikasına qondarma qayda əlavə olundu ki, mürəkkəb şəxs adlarının yazılışında birinci ad saitlə bitib, ikinci saitlə başlayırsa, bu zaman saitlərdən biri düşür, yəni yazılmır."

Bu cürə islahatlar sayəsində  soyadlarımız da məcbur dəyişilməyə məruz qaldı. Sovetin bu familiyalandırma işində məqsədi çox sadə idi: əhalinin siyahıyaalınması. Beləliklə, bu proses zamanı  babalarımızın  adından -ov, -yev vasitəsilə qondarma soyadlar düzəltdilər. Bu zaman isə  soyu-kökü, nəsəbi, nəsli-tayfanı və yaxud el-obanı bildirən soyadlar yox edildi. Ölkəmizi işğal edən bolşevik siyasətinin bir məqsədi var idi - Azərbaycan xalqını kökündən qoparıb yenidən əkmək, sovet xalqı yaratmaq. Bu zaman isə genetik kodları olan nəsilləri və insanları soy kökünü yox edən bolşeviklər tarixdən miras qalan nəsillərin əsas xətti olan kişiləri qulaq, bəy, xan, qolçomaq adı ilə bir dəfə öldürdülər, sonra isə 1930-cu illərdən başlayaraq repressiyalar vasitəsilə məhv etdilər. Böyük nəsillər (Atabəylər, Səfəvilər, Cavanşirlər, Qaraqoyunlu, Ağqoyunlu, Talışinski,  Əfşarlar, Qacarlar və s.) davamçısı olan şəxslər öldürüləndən sonra yerdə qalanları ov və yev soyadı verərək onların nəslini cılızlaşdırıb yeni kimlik yaratmağa çalışan bolşeviklər bu coğrafiyanın qədim tarixini silməyə cəhd etdilər. 

Şəxsən bizim soyadımız Qarabağın xan nəslinə aid Cavanşirlərdən gəlmədir. Lakin babam Seyid Əli Behbud Cavanşiri 1921-ci ildə Şuşadan sürgün edib Ağdama gətirəndə soyadımızı onun adı ilə Əliyev adlandırmaq üçün qeydiyyata aldılar. Onun qardaşlarını və əmisioğullarını isə Behbudov və Ağamirov kimi qeydiyyata aldılar. Beləliklə bizim soy ağacımızı üç yerə böldülər. Bu təkcə bizim nəslin deyil, digər regionlarda böyük nəsillərin də başına gəldi.

Bolşeviklər nəsil adlarının əvəzlənməsi üçün də təbliğat aparırdılar. Böyük nəsillərin sağ qalan davamçıları içərisində Kombayn, Traktor, Oktyabr, Fevral, Sovet kimi digər adlara da rast gəlinirdi. 

Hətta Sovetlər daha irəli gedərək bizim babalarımızın İslama aid olan adlarına ov və yev əlavəsi artıraraq bizi  ərəbcə və farsca olan tarixə bağlamağa cəhd etdilər. Soyadlara zadə sonluğu da farslardan gəlmədir. Şəxsən bizim soyadımız olan Əliyevi ərəbə bağlayıblar. Halbuki bizim nəslin şəcərəsini araşdıranda ən azı 7 nəslə gedib çıxıram hamısı türk oğlu türkdür, mənim soyadımın ərəb mənşəli Əliyev olmasının günahı isə sovetlərin təbliğat maşınının nəticəsidir.

Hesab edirəm ki, dövlət bu işdə ciddi siyasət yeritməlidir. Vətəndaşlarımızın soyadları nəsil şəcərələri ilə qeydiyyata alınmalıdır. Li, Lu, Lü ilə yanaşı olaraq oğlu, qızı da  mütləq önəmli olmalıdır. Regionla bağlı soyadlara da izn verilməlidir. Şəkili, Qarabağlı, İrəvanlı , Talışxanlı,  Naxçıvani, Bakıxanlı və sairə də olmalıdır.. 

Bizim soy kökümüzə qayıdış soyadların bərpası ilə mümkün olacaq. Bu zaman biz buranın ən qədim sakinləri olmağımızı göstərməklə yanaşı soyumuza, torpaqlarımıza sahiblənə bilərik...

Zaur Əliyev, dosent

OXŞAR XƏBƏRLƏR

X