Xəbər lenti

Siyasət 16:25 26.04.2024

"Sülh sazişi ilin sonuna hazır ola bilər" - Ekspert

"Ermənistan-Azərbaycan sərhədinin demarkasiyasına başlanılması misilsiz hadisədir. Bu, geridə qalan 35 illik ağır və qanlı səhifənin qapanması üçün atılan addımdır".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Xəqani Səfəroğlu Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyinin quraşdırılmasını şərh edərkən deyib.

Xaqani Səfəroğlu bildirib ki, Cənubi Qafqazda təyinedici ölkə olan Azərbaycan regionda sülhün saxlanılması və qorunması üçün fövqalədə dərəcədə olan gücünü və rolunu yaxşı bilir:

"İrəvanın sərhəd demarkasiyasına razılığı bu reallığı aydın dərk etməsini göstərir. Qazaxın işğalda olan 4  kəndinin qaytarılması bu baxımdan mühüm indikatordur. Sərhədsiz ölkə olmaz. Ermənistan üçün bu sərhəd həmçinin sülh danışıqlarını pozmağa çalışan kənar qüvvələrə də bir mesajdır".

Şərhçinin sözlərinə görə, İrəvan Bakı ilə hərb meydanında üz-üzə gəlməkdən uzaq qaçır, status-kvonu qəbul edir:



"Odur ki, indi sülh danışıqları üçün çox yaxşı bir platforma qurula bilər. Ermənistanda daxili ictimai rəy Paşinyanı dəstəkləyir. Əks təqdirdə Paşinyan delimitasiya ilə bağlı belə cəsarətli qərar verə bilməzdi. Demarkasiya İrəvanda "köhnə dövranı" dəstəkləyən siyasi kəsim üçün "soyuq duş" olub. "Qarabağ dalğası" üzərində siyasi meydana çıxan bu təbəqə indi öz zəifliyini başa düşür, odur ki, kilsənin himayəsinə sığınaraq revanş almağa çalışır. Tavuşdakı baş verən təxribatlar bu qüvvələrlə üçüncü tərəfin birgə əməkdaşlığının təzahürüdür".

Həmsöhbətimiz bildirib ki, Azərbaycan və Ermənistan ərazi bütövlüyü barədə 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsinin prinsiplərini qəbul edirlər:

"Bu Bəyannamə də 1921-ci il Moskva Müqaviləsinə və Qars müqaviləsinə söykənir. Bu müqavilələr isə Cənubi Qafqazın 3 respublikasının sərhədlərini müəyyən edib. Bu baxımdan Sovet İttifaqının inzibati xəritələri sərhəd delimitasiyası üçün baza ola bilər. Qazaxın 4 kəndi elə həmin inzibati xəritənin ilk təsdiqi sayıla bilər. Anklavlara gəlincə, bu əlahiddə məsələdir. Tərəflər əsas sərhədi razılaşdırdıqdan sonra müharibə nəticəsində meydana çıxmış anklavlar barədə müzakirə aça bilərlər. Prezident İlham Əliyev ADA Universitetində keçirilən beynəlxalq konfransda çıxışı zamanı bu detala toxundu. Dövlət başçısı dedi ki, sərhədin elə hissələri var ki, hər iki tərəf üçün problemlər yaradır. Bu, yollar, bəzən təhlükəsizlik mexanizmi, bir-birinin ərazilərinin dərinliyinin görünməsi ilə bağlı olur. Prezident bildirdi ki, əsas xətti götürməklə və hər iki tərəf üçün təhlükəsiz, hər iki tərəf üçün rahat olacaq sərhədlə bağlı razılığa gəlməliyik. Məncə, bu delimitasiyadan sonra anklav müzakirələri üçün bir müstəvi sayıla bilər. Əgər proseslər bu qaydada davam etsə, sülh sazişi ilə bağlı ümumi çərçivə sənədi ilin sonuna hazır ola bilər".

Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında həllini gözləyən məsələlərdən biri də anklavlar məsələsidir. Ermənistanın Azərbaycan ərazisində yalnız bir anklavı olub. Ermənilərin Artsvaşen adlandırdıqları və inzibati-ərazi bölgüsü baxımdan Gexarkunik vilayətinə (əsl adı Göyçə mahalı) daxil olduğunu iddia etdikləri bu kənd Gədəbəy rayonunun inzibati-ərazi vahidindəki Başkənd kəndidir. Kənd 1992-ci il 6-8 avqust tarixlərində həyata keçirilən əməliyyat nəticəsində Azərbaycanın nəzarəti altına keçib.

Siyasət Şöbəsi

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->