Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.
Qaynarinfo xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya Federasiyası arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Həştərxan vilayəti ilə həyata keçirdiyi əməkdaşlığın bu işə öz töhfəsini verdiyi vurğulandı.
Azərbaycan Prezidentinin bu yaxınlarda Rusiyaya uğurlu səfəri qeyd olunaraq, bu səfərin əlaqələrin daha da möhkəmlənməsini nümayiş etdirdiyi bildirildi. Dövlət başçısı bu səfər çərçivəsində Rusiya Prezidenti ilə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə Moskvada dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşündə tədbir iştirakçılarının Ulu Öndərin bu layihənin reallaşmasındakı xidmətlərini böyük hörmətlə yad etmələrindən məmnunluğunu bildirərək, vurğuladı ki, bu, münasibətlərin səmimiliyini nümayiş etdirir və qürur hissi doğurur.
Həştərxan vilayətinin qubernatoru ilk növbədə İlham Əliyevi Prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edərək, bunu Azərbaycan xalqının dövlətimizin başçısına sonsuz etimadı kimi dəyərləndirdi.
Prezident İlham Əliyev təbriklərə və xoş sözlərə görə minnətdarlığını bildirdi.
İqor Babuşkin ötən il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Həştərxanda geniş miqyasda bir sıra təntənəli tədbirlərin keçirildiyini deyərək bununla bağlı hazırlanmış xatirə fotoalbomunu dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev Həştərxanda Ümummilli Liderin xatirəsinə göstərilən yüksək etimada görə minnətdarlığını bildirərək, bunu ölkələrimiz və xalqlarımız arasında dostluğun nümunəsi olduğunu dedi.
Həştərxan vilayətinin qubernatoru Xəzəryanı ölkələri əhatə edən və dostluq rəmzi olan "Xəzər - Dostluq dənizi” devizi altında həyata keçirdikləri motoyürüşə Azərbaycan hökumətinin dəstəyinə görə minnətdarlığını ifadə etdi.
Söhbət zamanı Heydər Əliyev Fondunun Həştərxanda reallaşdırdığı layihələrin önəminə toxunuldu.
Görüşdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
11.38
Şərhlər