Video 14:28 10.08.2021

Qaynarinfo yazdı, dövlət qurumu hərəkətə keçdi (VİDEO/YENİLƏNİB)

Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində kanalizasiya problemi qismən həll olunub.
 
Qaynarinfo xəbər verir ki, dünən axşam saatlarında Sumqayıt Sukanal İdarəsinin əməkdaşları əraziyə gəlib. Ərazidəki çirkab sular təmizlənib, quyuların bir neçəsi açılıb. 

Məsələyə, həmçinin İctimai Nəzarət Koalisiyası qarışıb. Koalisiyanın sədri Rasim Məmmədov ərazidə olub, sakinlərin şikayətini dinləyib. 

Sumqayıt Su-kanal İdarəsinin baş mühəndisi Mahir İmanov Qaynarinfo-ya bildirib ki, avqustun 9-da axşam saatlarında qurumun əməkdaşları ərazidə olub. "Yuma maşını gətirmişdik. Bir neçə quyunu yüksək təzyiqli su ilə yuduqdan sonra xətlər açıldı. Amma problem tam həll olunmayıb. Mən lillsouran maşın sifariş vermişəm. Həmin maşın gələn kimi digər quyuları da təmizləyəcəyik. 

Bilirsiniz, problemin kökü budur ki, kanalizasiya xətlərinin üzərində evlər tikilib. Bu da işi çətinləşdirir. Amma məsələ diqqətimizdədir və problem tezliklə tam həllini tapacaq”, - deyə Mahir İmanov əlavə edib.
 
 09.08.2021 

Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində yerləşən 2 saylı yataqxananın sakinləri antisanitariya şəraitində yaşayırlar.
 
Sakinlər Qaynarinfo-ya bildirib ki, 1 aydan çoxdur yataqxananın qarşısındakı kanalizasiya tutulub.
 
"Nəticədə çirkab su çölə axır. Yataqxananın qarşısında gölməçə yaranıb. Üfunət iyindən dayanmaq olmur. Müvafiq qurumlara müraciət etsək də, gəlib problemi həll etmirlər. Düşünən yoxdur ki, burada insan yaşayır, müxtəlif infeksion xəstəliklər yayıla bilər”, - deyə sakinlər əlavə edib.

Sakinlərdən Fərhad Əliyev ərazidə videoçəkiliş apararaq redaksiyamıza təqdim edib. O həmçinin bildirib ki, onlar problem həllini tapmayana qədər kommunal ödəniş etmək niyyətində deyillər.

Seyid