Xəbər lenti

İdman 18:56 21.08.2021

"Sumqayıt"ın kapitanı: "Bu ili də sağ-salamat yola verim..." (MÜSAHİBƏ)

Konfrans Liqasındakı uğursuzluqdan sonra "Sumqayıt" Azərbaycan Premyer Liqasının yeni mövsümünə qələbə ilə başladı. Bu gün isə komanda 2-ci tur çərçivəsində növbəti matçına çıxacaq. "Gənclik şəhəri" təmsilçisi doğma meydanda "Sabah"la qarşılaşacaq. Komandanın durumu, hazırlığı haqda kapitan Vurğun Hüseynovun fikirlərini öyrəndik.

33 yaşlı müdafiəçi Qaynarinfo-ya müsahibəsində komandasının çıxışına münasibətini bildirməklə yanaşı, karyerası, gələcək planları ilə bağlı sualları da cavablandırdı. 

- Konfrans Liqasındakı uğursuzluqdan sonra komandanın Azərbaycan çempionatının ilk matçına köklənməsi çətin oldu?

- Konfrans Liqası bizim üçün yaxşı sınaq idi. Əlimizdən gələni edib, yaxşı nəticə qazanmağa çalışdıq. Təəssüflər olsun ki, alınmadı. Rəqibimiz də yaxşı, bizdən daha təcrübəli və güclü idi. Keçə bilmədik, amma bu oyunlar bizim üçün yaxşı təcrübə oldu. Şükürlər olsun, həmin məğlubiyyətdən sonra "Keşlə" ilə oyuna hazırlaşa və qələbə qazana bildik.

- "Çukariçki" ilə səfər matçında daha yaxşı təsir bağışlamışdınız. Evdə bunun davamını gətirməyə nə mane oldu?

- Səhv etmirəmsə, 11 və 16-cı dəqiqələrdə qol buraxdıq. Deyərdim ki, evdə daha yaxşı oynadıq, nəinki səfərdə. Sadəcə, qol şanslarından istifadə edə bilmədik. "Çukariçki" zəif rəqib deyildi. Onlar əllərinə düşən fürsətləri dəyərləndirdilər və qələbə qazandılar. Evdə 0:2 hesabı ilə uduzmağımıza baxmayaraq, onlardan daha üstün oynadıq. Sonrdan analiz edəndə həqiqətən yaxşı oynadığımızı gördük. 

- Mövsümə qələbə ilə başladınız. Bu gün də növbəti matça çıxacaqsınız. İlk oyundakı qələbə komandada arxayınlıq yaratmayıb ki?

- Arxayınlıq ola bilməz. Çempionat hələ indi başlayır və qarşıda çox oyunlarımız var. Bizi uzun marafon gözləyir. Çalışırıq hər oyuna maksimum hazırlaşıb, nəticə qazanaq. İstər "Sabah" olsun, istər digər rəqiblər, hamısı güclənib və daha yaxşı futbolçular gətiriblər. Hər oyun bizim üçün sınaqdır.

- Keçən tur meydana çıxmamışdınız və mövsümə ehtiyatdan başladınız. Bunun hər hansı xüsusi səbəbi var, yoxsa baş məşqçi belə məsləhət bildi?

- Heç bir xüsusi səbəbi yoxdur. Yaxşı kollektiv formalaşıb. Ayxan müəllim şans verdi, ya yox fərq etmir. Hər birimiz meydana çıxmağa hazırıq. Şansımızı gözləyirik. Qarşıdakı oyunlarda nə zaman şans verilsə meydana çıxıb oynaya bilərəm. Baş məşqçinin rəqibə uyğun taktiki gedişləri var. Kənardan sizə başqa cür görünə bilər. Amma elə kollektivimiz var ki, kimsə bir neçə oyun ehtiyatda otursa belə fərq etmir. Meydana çıxan komanda yoldaşlarımıza dəstək oluruq. 

- Ötən mövsümkü "Sumqayıt"la indiki arasında hansı fərqlər nəzərə çarpır?

- Demək olar ötən mövsümkü futbolçuların 90 faizi komandada qalıb. Rəqiblərimiz güclənib, daha çox mübarizə aparmalıyıq. Bizə əvvəlki gözlə baxmırlar. Çünki keçən il 3-cü yeri tutmuşuq və Konfrans Liqasında oynamışıq. İndi bizim üçün daha çətin olacaq. Gücümüzə bələddirlər, öz üzərimizdə çox işləməliyik. Oyunlara da hər rəqibə uyğun hazırlaşırıq. Ayxan müəllim öz üzərində işləyən mütəxəssisdir. Hər dəfə bizdən fərqli oyun tələb edir. Rəqibin zəif tərəflərini və onun qarşısın almağın yollarını deyir. 

- Keçən mövsüm komandanı 3-cü pilləyə və kubokun finalına qədər daşımaqda rol oynamış futbolçulardan bir çoxu yay fasiləsində getdi. Bu dəfə "Sumqayıt"dan nə gözləyə bilərik?

- Hazırda hansı yeri tutacağımızı deyə bilmərəm, çünki çempionat yeni başlayıb. Çalışacağıq yuxarı pillələrdə olaq. İndidən heç nə demək mümkün deyil. Hər oyun maksimum nəticə qazanmağa çalışmalıyıq. 

- Bu mövsüm neçə komandanın çempionluğa oynayacağını düşünürsünüz və hansının şanslarını daha yüksək qiymətləndirirsiniz?

- Fikrimcə, bu il də iki komanda - "Qarabağ"la, "Neftçi" çempionluğa oynayacaq. Şanslar haqda nəsə deyə bilmirəm. Futbolda proqnoz vermək çətindir. Digər komandaların da hər birinin Konfrans Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparacağını düşünürəm. "Qarabağ"la "Neftçi"nin şanslarını faiz nisbətilə götürsək 50-nin 50-yə qiymətləndirirəm. 

- Uzun müddətdir "Sumqayıt"ın formasını geyinirsiniz. Nəvaxtsa klubunuzu dəyişmək fikriniz var, yoxsa karyeranızı elə burada bitirmək niyyətindəsiniz?

- 9 ildir bu komandadayam, 33 yaşım var. İnşallah bu ili də sağ-salamat yola verim, gələcəyi bilmək olmaz. Təbii ki, "Sumqayıt"da 10 il və ya daha çox qalmaq istərdim. Hər şey özümdən asılıdır. Fiziki durumumu qoruya bilsəm, bundan sonra 2-3 il də Premyer Liqada oynamaq, karyeramı elə "Sumqayıt"da bitirmək istərdim. 

- Yaş öz sözünü deyirmi?

- Əlbəttə, 27-28 yaşlarındakı gücüm indi yoxdur. Kim desə ki, "33 yaşım var, özümü 25 yaşındakı kimi hiss edirəm", bu yalandır, mümkün deyil. Əvvəl gücün hesabına oynayırsansa, artıq bu yaşda təcrübənə güvənirsən. Təbii ki, hiss olunur. Özümə baxsam bundan sonra 2-3 il oynaya bilərəm.

- Gələcək planlarınız necədir, karyeranızı bitirdikdən sonra məşqçiliyə başlamağı düşünürsünüz?

- Məşqçilik sahəsinə yönlənsəm, o zaman oynamaq mənim üçün ikinci planda qalacaq. Gələn yay nə olacaq bilmirəm, duruma baxacağam. Hər şey ola bilər. Bəli, məşqçilik etmək fikrindəyəm. Ancaq bir məsəl var, deyir "hər oxuyan alim olmur". Hər futbolçu da məşqçi olmur. Qismətdi, Allah nəsib edərsə, məşqçi olmaq fikrim var.

- Yəqin, milliyə qayıtmağa da ümidiniz qalmayıb?

- Xeyr, həmişə demişəm ki, milliyə gənclər çağırılsa daha yaxşıdır. Onların karyeraları yeni başlayır deyə daha çox kömək edə bilərlər. Bəhlul Mustafazadənin və digər gənclərin qarşısını kəsməkdənsə, heç milliyə getməsəm daha yaxşıdır. İndidən sonra 2-3 illik karyeram qalıb. Niyə uzun illər oynamaq potensialı olan futbolçuların qarşısını kəsməliyəm?

- Bugünkü oyunla bağlı nə fikirləşirsiniz?

- Asan oyun yoxdur. Hansı oyuna çıxırsansa, sona qədər mübarizə aparmasan yaxşı nəticə qazanmağın mümkün olmaz. 

- "Sumqayıt"ın yeni transferləri ilə bağlı hansı fikirdəsiniz?

- Yusif Nəbiyev, Xəzər Mahmudov gəncdirlər, yaxşı futbolçulardır. Yusif ilk oyunda da özünü yaxşı tərəfdən göstərdi. Hər birinin faydalı olacağını düşünürəm.

Səbuhi Həsənov




Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->