Süpürgəçi anasıyla işə gedən qızcığaza TƏBİB yetişdi

Süpürgəçi anasıyla işə gedən qızcığaza TƏBİB yetişdi

Süpürgəçi işləyən anası ilə hər səhər işə gedən qızcığazla tanış oldum.

Şəkil yayılan kimi Uşaq sığınacağının rəhbəri Kəmalə xanım DİN-ə müraciət edib, polislərimiz ailəni səhər beşdə tapıb sığınacağa gətiriblər, sağ olsunlar.

Ora getdim. Qapının ağzı ailəyə ürəyi yanan adamla dolu idi. Zarafat edirəm, heç kim gəlməmişdi. Orda olanda Zamin adlı bir oğlan yaxınlaşdı, yüz manat yardım etdi, ordaca sığınacaq üçün kabab sifariş verib getdi. Bir də karta ayrı-ayrı adamların yolladığı iki yüz neçəsə manat yığılmışdı.

Bu şəkli çox adam faciəymiş kimi paylaşırdı. Gerçək faciə isə başqadı.

Əsl faciə Şövkətin dördüncü sinifdən məktəbdən çıxarılmasıdı. On altı yaşında heç bir sənədi-sənəti olmadan ərə getməsidi. Getdiyi evdə onunla əsir kimi davranılması, işgəncə görməsidi. Əsl faciə odur ki, bu qadını qayını bətnindəki ilk övladı düşənəcən döyüb. Faciə odur ki, bu qadın elə stresslər yaşayırmış ki, ikinci uşağı psixi qüsurlu doğulub. Ən böyük faciə isə odur ki, qadın həmin kişidən daha iki uşaq doğub. Faciə odur ki, anası doğ, düzələcək, deyirmiş ona. Lap, lap böyük faciə isə belə qadınlarımızın saysızlığıdı.

Bu hekayədə məni sevindirən bir məqam var. Nəhayət ağlı kəsəndə Şövkət canını qurtara bilib, boşanıb. Süpürgəçi də olsa iş tapıb, daha artıq alçalmaya dözməyib. Qızını da, özünü də xilas edib. Bu zəhmətinə, dirənişinə görə sonunda həyat üzünə güldü. Bir fotoyla dünyası işıqlandı.

Fotoqraf Nuran bəy həmin gün yata bilmirmiş. Elə bil məni kimsə bayırdan səslədi, deyir. Çıxdım çölə, gəzişdim, hara üz tuturdumsa, sanki məni köhnə dəyirmana tərəf yönəldirdilər. Birdən orada qarşıma bu ana-bala çıxdı. Qəribə və maraqlı mənzərəydi. Uşaq dirəşib süpürgəni istədi, bir az süpürəndən sonra anası əlindən aldı. Anında diksinib yuxudan ayılmış kimi oldum. Başladım çəkməyə. Məni çölə səsləyən səs bu dəfə də "paylaş, paylaş” deyirdi. Şəkli paylaşdım.



Foto gözəldi, nağıllıdı, arxasında ağır həyat hekayəsi baş alıb gedirmiş. Bu fotodan daha böyük problemlə üzləşdim ailəni görməyə gedərkən. İki ay əvvəl nənəsigildə Ayanın üstünə qaynar çaydan düşüb. Ayaqlarında dördüncü dərəcəli yanıq yarası var. Suluqlayır, çirk edir, damarları şişib dartılır. Şövkət isə nə edəcəyini bilmir...

TƏBİB-ə müraciət edib durumu danışdım. Dərhal sahib çıxdılar. Uşaq artıq həkimə aparılıb, müalicə yazılıb, fizioterapiya təyin edilib. Ayan düzələcək. Görəvləridi deyəcəyik, əlbəttə.

Hər kəs görəvini yerinə yetirirmi?..

İlk ağlıma TƏBİB niyə gəldi? Vətəndaş kimi inamımı qazanıb. Bütün tənqidlərə təmkinlə yanaşırlar. Operativ qərargahın hər brifinqinə çıxıb yorğun, amma məsuliyyətlə açıqlamalar verirlər. Nümayəndələri Yaqut xanımın telefonu 24 saat hamının üzünə açıqdı. Ayana laqeyd qalmayacaqlarına inanırdım. Belə də oldu. Əməkdaşları Elnarə xanım prosesi anbaan nəzarətdə saxlayıb mənə məlumat verdi. Təşəkkür edirəm, hörmətli TƏBİB.

Başqa quruma da müraciət etdimmi? Etdim. Başqa birbaşa məsul iki quruma...Hələ də cavab gözləyirəm. Sizcə haradı?

Aysel Əlizadə
qadinkimi.com/az
X
XƏBƏRLƏR
BLOGLAR