Siyasət 14:26 16.06.2021

Şuşa Bəyannaməsi Ermənistandakı seçkilərə necə təsir edəcək? (ŞƏRH)

"Ermənistan vətəndaşları artıq reallığı qəbul etməli olublar. Ona görə Şuşa Bəyannaməsinin Nikol Paşinyanın seçki ərəfəsi mövqeyinə ciddi təsiri olmayacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə Türkiyə ilə Azərbaycan arasında Şuşada imzalanan Şuşa Bəyannaməsinin Ermənistanda bir neçə gündən sonra baş tutacaq seçkilərə nə kimi təsirlərinin ola biləcəyi məsələsinə toxunarkən deyib.
 
"Türkiyə Prezidenti ilə Azərbayca Prezidenti arasında imzalanan Şuşa Bəyannaməsi qardaş ölkənin Cənubi Qafqazda rolunun daha da artdığını və Azərbaycanın təhlükəsizliyinin qarantı olduğunu göstərdi. Belə bir Bəyannamənin imzalanmasının Ermənistanda 4 gündən sonra baş tutacaq növbədənkənar seçkilərə də təbii ki, müəyyən təsirləri olacaq” deyə politoloq bildirib.
 


Məhəmməd Əsədullazadə deyib ki, artıq Robert Köçəryan və Serj Sarkisyanın revanşist qüvvələri həmin bəyannamədən çıxış edərək, Paşinyana qarşı hücumlara start verib: 

"Onlar Şuşa Bəyannaməsinə Qarabağın itirilməsi kimi baxırlar. Digər keçmiş prezident Levon Ter-Petrosyan isə İrəvanın Qarabağdan artıq əlini üzməli, Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etməli olduğunu deyib”. 

Ekspertin fikrincə, proseslər Köçəryanla Sarkisyanın seçkidən öncə mövqeyini bir qədər gücləndirir. Amma bununla belə, politoloq düşünür ki, seçkidən qalib çıxan yenə də Paşinyan olacaq: 

"Onlar bəyannamədən irəli gələn müddəaları Ermənistan üçün faciə kimi qiymətləndirirlər. Bilirik ki, vaxtilə revanşist qüvvələr məhz Türkiyə, Azərbaycan düşmənçiliyindən çıxış edərək hakimiyyətə gəliblər. İndi də həmin yolla gedirlər. Belə olan proses Ermənistanda Paşinyanın mövqeyini bir qədər zəiflədəcək. Amma bu heç də o anlama gəlmir ki, proses Köçəryanın mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Bu baş versə də, cüzi şəkildə olacaq. Çünki artıq ortada Ermənistan vətəndaşlarının qəbul etməyə məcbur olduğu reallıq var. Onlar Türkiyə-Azərbaycan tandemilə barışmaq zorundadırlar. Türkiyənin Qarabağda da varlığını həzm etməli olublar. Bütün hallarda Paşinyanın qələbəsi qaçılmazdır”.

Rüfət Sultan