Şuşada döyüş meydanının yaxınlığında qarajı tibbi məntəqəyə çevirən həkimlər (FOTO/VİDEO)

Şuşada döyüş meydanının yaxınlığında qarajı tibbi məntəqəyə çevirən həkimlər (FOTO/VİDEO)

"O, bu yazını oxuyacaqsa, bizi mütləq axtaracaq...”

"... Müəyyən çətinliklərə baxmayaraq nəhayət ki, biz Füzuli Rayon Mərkəzi Xəstəxanasına təyinat aldıq. Xidmətə başladığımız ilk gündə xəstəxanaya bir neçə yaralı gətirdilər. Hansı ki, aralarında feldşer də var idi və ağır kontuziya almışdı. Eşitmirdi, danışmırdı, hətta yaddaşında da problem yaranmışdı. İlkin yardımlara başladıq və qeydiyyata alınması üçün yazı ilə ad-soyadını öyrəndik, lakin ata adını xatırlamadı. Çox təsirli hal idi və buna görə özü də sarsılmışdı. Ona psixoloji dəstək göstərdik, müəyyən mənada vəziyyətini bərpa etdik. Amma ağrısını nə dilinə gətirə bilirdi, nə də hiss etdirirdi. Sadəcə bizə ilk yazılı sözü bu oldu: "həkim, mənə vaxt itirməyin, mən yaxşıyam. Gətirdiyim digər yaralılarla maraqlanın. Mənim gücüm, qüvvətim yerindədi.”

Ağrıları ilə mübarizəsi gözlərinə hopmuşdu igidin. Onu anlamaq üçün nə səsə ehtiyac var idi, nə yazıya. Fikri, diqqəti gətirdiyi əsgərlərdə idi. Həmin günün sabahı bizə yazdı ki, bəs mənim yanıma adamlar gələcək ola bilər onları tanımayım. Siz kimliklərini soruşub mənə yazın ki, xatırlamadığımı anlamasınlar. Elə də etdik. Qardaşı gəlmişdi və o qardaşını tanımadı. Biixtiyar göz yaşlarımıza hakim ola bilmədik və qardaşı dözməyib, otağı tərk etdi…

Biz ona hər şeyi yazaraq məlumat verirdik. Beləliklə, dostlaşdıq və həmin gün bizə bir söz yazdı: "Mənim bir neçə gün əvvəl əkiz qızlarım dünyaya gəlib və mən üzlərini görməmişəm. Həkim, mən onların səsini nə vaxtsa eşidə biləcəm?”

Bu an sükut idi, yenə də gözlər danışırdı. Biz yaşadığımız o anı heç vaxt unutmayacağıq. Yardımlı rayonundan olan o qardaş əgər bu yazını oxuyacaqsa bizi mütləq axtaracaq.”



Bu hansısa bir filmdən fraqment deyil, hansısa ssenaridən abzaslar da deyil. Bu Azərbaycan torpaqlarının düşmən işğalından azad olunduğu zaman Türkiyədən Azərbaycana gələn könüllü iki həkim LOR Cərrah Dr. Bəhruz Əhmədovun və anestezioloq Elçin Yəhyayevin Vətən müharibəsi silsiləsindən kiçik bir xatirələridir. Müsahiblərim tam təmənnasız olaraq cəbhədə göstərdikləri xidmətlərindən, igidlərimizin döyüş əzmindən bəhz etdilər. Onlar əsl tarixin canlı şahidləridir… Onlar ilki və sonu yaşayanlardır... Onlar müharibənin "tibb kəşfiyatçıları”dır! Danışdıqlarının az qismini bir neçə səhifəyə çətinliklə sığışdıra bildim. Əminəm ki, onların xidmətləri tarixin yeni bir səhifəsində mütləq ki, qeyd olunacaq.



Danışır Vətən müharibəsinin "tibb kəşfiyatçıları”:

"Müxtəlif yollarla qaynar nöqtələrə gedib, orada yaralı hərbçilərə tibbi yardımlar edirdik…”

Həkim Elçin Yəhyayev  -  "Füzuli xəstəxanasında olduğumuz müddətdə demək olar ki, bütün həkim heyəti günlərlə yuxusuz qalır, gətirilən yaralıların xidmətində dayanırdılar. Biz bilirdik ki, xəstəxanada kifayət qədər tibb işçiləri, cərrahlar var. Bu səbəbdən əsas məqsədimiz döyüşlərin getdiyi qaynar nöqtələrə yollanıb, orada yaralılara yardım etmək idi. Təbii ki,təhlükəsizlik baxımından bizə icazə verilmirdi. Amma bununla belə müxtəlif gizli yollarla qızğın döyüşlərin cərəyan etdiyi bir çox yerlərdə (Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Şuşa) iştirak etdik, hərbçilərə tibbi dəstək olduq. Biz dəfələrlə həm şifahi, həm yazılı adiyyəti üzrə müraciətlər etdik ki, bizə icazə verilsin. Və nəhayət ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın və Fondun əməkdaşlarının dəstəyi ilə Şuşaya gedən yolun üstündə, döyüş meydanına ən yaxın ərazidə qərarlaşa bildik. Olduğumuz ərazinin strateji əhəmiyyəti əvvəlcədən təyin olunmuşdu və bilirdik ki, qızğın döyüşlər hansı istiqamətdə aparılacaq. Və elə müharibənin getdiyi ən yaxın yerdə qarajlardan birini tibbi məntəqəyə çevirdik. İlkin yardım üçün tələb olunan tibbi ləvazimatlar, dərman preparatları aldıq. Biz burada dövlətin dəstəyi ilə yanaşı yerli həkimlərin də köməyindən faydalandıq. Həkim İsmayıl Mustafazadə, Orxan Əlizadə və digər həmkarlarımızla bir an belə geri qayıtmağı düşünmədən noyabrın 14-ü tarixinədək yüzlərlə yaralı hərbçiyə xidmət göstərdik.”



"Ay işığında əsgərlərə yardım aparırdıq, fənər işığında isə yaralılara tibbi müdaxilələr edirdik”

Həkim Bəhruz Əhmədov -  "Döyüşdə olan əsgərlərimiz üçün yerli və türk həmkarlarımız arasında əvvəlcədən ianələr toplamışdıq. Hansı ki, həmin vəsaitə əsgərlərimizə isti geyimlər, qidalar və dərman preparatları almışdıq. Həmin ərəfədə Qubadlının işğaldan azad olunması uğrunda döyüşlər gedirdi. Hətta onu da deyim ki, biz yardım aparanda düşmən qırıcılarını havaya qaldırmışdı və yolumuzun üstə iki ədəd bomba atdılar. Çox şükür heç birimiz xəsarət almadıq. Ona görə hazırladığımız azuqəni də iritutumlu yük maşını ilə düşmənin diqqətini çəkmədən çox ağır şərtlərlə apardıq. Füzulidən həmin bölgəyə demək olar ki, alternativ yollarla saat yarıma getdik. Döyüş meydanına çatmamış artıq maşının işıqlarını söndürüb, ayın işığında düz 45 dəqiqə yol qət etdik. Əks halda düşmənin hədəfi olardıq. Orada Azərbaycanın Milli Qəhrəmanı Əliyar Əliyevin oğlu Emin Əliyevlə görüşüb, bütün heyətə dəstəyimizi bildirdik. Biz orada əsgərlərimizin döyüş əzmini gördük, inanın ki, bunu dil ilə ifadə etmək çox çətindi. Azərbaycan ordusunda elə döyüşçülər yetişdirilib ki, biz onları filmlərdə görmüşük.”



 "Biz cəbhəyə hər dəqiqəmizin risk olduğunu gözə alıb, getdik”

Həkim Bəhruz Əhmədov – "Biz döyüş meydanına yaxın olmaq üçün hər alternativ üsuldan istifadə etdik. Keçməyə icazə vermirdilər, çünki hər kəsin üzərində ağır məsuliyyət var idi. Lakin buna baxmayaraq biz orada məntəqə qurduq və 500-dən çox hərbçiyə ilkin tibbi xidmət göstərdik. Ərazini əvvəlcədən İsmayıl həkim təyin etmişdi. Hərbçilərimizə yaxın olmaq üçün ən unikal yerdə idik. Ən yaxın və ən təhlükəli yer. Məntəqəmizə də iki dəfə atəş açılmışdı, şükürlər olsun ki, ətraf ərazilərə düşmüşdü. Zəfər xəbərini alana qədər də heç bir təhlükədən, riskdən qorxmadan rəşadətli ordumuzla birlikdə düşmənə qarşı mübarizə apardıq. Biz bir daha Heydər Əliyev Fondunun əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk. İnanın ki, onlar da bizimlə çiyin-çiyinə xidmətdə idi. 

   Mən çox millətçi, dövlətçi insanam. Artıq bundan sonra nəinki qardaş ölkə Türkiyədə dünyanın istənilən ölkəsində qürurla, sinəmizi gərərək deyə bilərik ki,düşmənin bir neçə ilə işğal etdiyi torpaqlarımızı biz 44 günə geri aldıq. Özü də ordumuzun gücü hesabına. Düzdür, mənfur düşmən şayələr yaymaqda davam edir. Amma bütün dünya bilsin ki, Azərbaycan Prezidenti İlham Əliyevin sarsılmaz iradəsi və siyasi gücü, yenilməz ordumuzun peşəkar döyüş bacarığı ilə düşmənə meydan oxuduq, torpaqlarımızı düşmən tapdağından geri aldıq. Var olsun Ali Baş Komandan, var olsun Azərbaycan əsgəri. Qarabağ Azərbaycandır!”

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR