Ölkə 15:42 04.08.2021

Tahir Kərimlinin həbs olunan deputatla bağlı çıxışı məsuliyyət yaradırmı?

"Depuat həmrəyliyi deyilən bir məsələ var, Tahir Kərimlinin müdafiəsi bununla bağlıdır. Tahir Kərimli həmişə çıxışlarında, fikirlərində humanizm göstərməyə çalışır. Onun parlamentdəki çıxışını belə qiymətləndirirəm”.

Bunu Qaynarinfo-ya açıqlamasında Əfv komissiyasının üzvü Əlməmməd Nuriyev deputat Tahir Kərimlinin xuliqanlıqda ittiham olunaraq həbs olunan həmkarı Eldəniz Zeynalovun müdafə etməsi ilə bağlı çıxışının pərdəarxası məqamlarına aydınlıq gətirəkən deyib. O, bütün bunlardan sonra həbs olunan deputatın hərəkətlərini müdafiə etməyin düzgün olmadığını bildirib:

"Tahir Kərimli hüquqşünasdır, vaxtı ilə Ali Məhkəmənin sədri olub. Baş prokurorluq tərəfindən verilən təqdimatda Eldəniz Zeynalovun əməlləri aydın şəkildə ifadə olunub və toxunulmazlığın aradan qaldırılması səbəbləri də açıqlanıb. Ağır nəticə göz qabağındadır. Polis işçisinə zorakılıq tətbiq olunub və bu, vəzifəli şəxs tərəfindən edilib. Deputat vəzifəli şəxsdir, bunu bilmək lazımdır. Dövlətin maraqlarına ağır ziyan dəyib. Dövlətin, eyni zamanda parlamentin imici zədələnib. Dövlətin bir qurumunun nümayəndəsi, səlahiyyətlərini icra edən başqa bir qurumun nümayəndəsinə zor tətbiq edib. Bu, dövlətə, bütövlükdə cəmiyyətə qaldırılan əldir. Bu hərəkətlər məsuliyyət yaratmalı idi. Bu baxımdan da parlament çox doğru qərar qəbul etdi. Eyni zamanda parlamentin sədri Sahibə xanım Qafarova tərəfindən maraqlı bir fikir səsləndirdi. Dedi ki, əgər siz səs yazısına qulaq asa bilsəniz, onda başa düşərsiniz ki, nə baş verib. Çünki orada əndazəni aşan hərəkətlər, ifadələr olub. Bu da deputata yaraşmır. Əminəm ki, orada dinlənilməsi mümkün olmayan ifadələr var. Bütün bunlardan sonra deputatın hərəkətlərini müdafiə etmək düzgün deyil. Eyni zamanda barışıq da mümkün deyil, çünki ictimai təhlükəli əməl baş verib”. 
 
 

Əlməmməd Nuriyev hesab edir ki, mötivindən asılı olmayaraq, belə bir adamı hər hansı formada müdafiə etmək olmaz:

"Tahir Kərimlinin çıxışı isə daha çox deputat həmrəyliyi motivli rol oynaya bilər. İstehkamlar möhkəm ola bilməz, çox kövrək istehkamlardır və burada hansısa tənqidə, müdafiə üçün arqumentə də yer qalımır. Ona görə də sırf humanizm çıxışı demək olar. Onun çıxışı əlbəttə ki, birmənalı qarşılanmadı. Ağır nəticələr göz qabağındadır, belə çıxır ki, deputatlar döyə bilər və sonra barışmaqla məsələ həll olunar. Bəs onda vətəndaşa hansı nümunə göstəriləcək? Qanunun aliliyi harada qalacaq? Demək, kimin kimdən xoşu gəlmirsə, gücü və imkanı varsa, tətbiq etməlidir? Onda qanun, dövlət harada qalacaq? Dövlətin nümayəndəsinə qarşı belədirsə, onun vətəndaşa münsaibəti necə ola bilər? Cəmiyyətin iradları haqlıdır. Tahir Kərimlinin çıxışı qınanıla bilər, amma məsuliyyət yarada bilməz”.

Bahar Rüstəmli