Sənət 12:34 19.01.2022

Tağıyev abidəsinin heykəltəraşı: "İki gecədir yatmıram"

"Nə otura bilirəm, nə danışa, nə də yata. İki gecədir, yuxu nədir bilmirəm, yatmıram, yorğunluqdan ölürəm”.

Bunu Qaynarinfo-ya müsahibəsində Xalq rəssamı Xanlar Əhmədov müəllifi olduğu xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin qırılmasından danışarkən deyib.  Müəllif bunu edənlərin normal insan olmadığını bildirib:

 - Biri heykəlin qoyulan günü, biri də ki, dünən. Heykələ zərər verənlər vandallardı, normal adamlar deyil. Heykələ verilən zərər mənə çox pis təsir etdi, bu elə-belə deyil. 

- Sizcə, bu cinayətdə məqsəd nə ola bilər? 

- Məqsəd oyun oynamaqdır, ya başdanxarabdırlar, iynəli, ya da nəşəli. Həbs olunublar. Kameralarda görüntüləri vardı. İndi izahat verərlər görək bunu niyə ediblər? Düzdür, hələ mənim özüm də olanları dəqiqliklə bilmirəm. Yəqin aydın olar. Əsas odur ki, bütün gecəni şəhərə kimi orada işlədim, qırılan yerlərini bərpa etdim, tam hazır vəziyyətdə dayanıb. Amma iş tamam hazırdır, gördüyünüzdən də yaxşı vəziyyətdədir. Dünən səhər saat 5:00-da artıq heykəl tam hazır idi. 

- Sındırmışdılar, yoxsa... 

- Qopartmışdılar, yenidən bərpa etdim. 

- Heykəl üzərində işlər neçə aya yekunlaşdı?

- Nəzərdə tutulmuşdu ki, mən bu işi hardasa 7 aya yekunlaşdırım. Ötən ilin Novruz bayramı ərəfəsində heykəl yerinə qoyulmalı idi. Pandemiya başladı, bu səbəbdən işlər gecikdi. Sonra müharibə, beləcə, işlər bir az da uzanmağa başladı. Şükür Allaha ki, artıq heykəl yerindədir. 

- Hacı Zeynalabdin Tağıyevin heykəli şəhərdə qoyulan heykəllərdən tam fərqlənir. Bir müəllif olaraq bu fərqliliyi necə izah edərdiniz? 

- Yəqin ki, söhbət heykəlin yerdən qoyulmasından gedir. Mən ancaq heykəl məsələsinə qərar vermişəm. Belə qərara gəldilər ki, Zeynalabin Tağıyev millət atası olduğu üşün onun heykəlini yerdən qoysunlar, camaatın içində olsun. Məndən bununla bağlı hər hansı fikir öyrənmədilər. Həm də mən müdaxilə eləyə bilmədim. 

- Niyə? Müəllif siz deyilsiniz?

- Edə də bilməzdim. Mən heykəlin ancaq özünə baxırdım. 

- Əgər seçim sizin ixtiyarınıza verilsəydi, necə...

- Variantlar vardı, məsələn heykəlin altında relyeflər və s. Keçmədi, dedilər ki, belə yaxşıdır, xalqın içində olmalıdır. Mən də heç nə deyə bilmədim. Məkanı da Prezident özü seçmişdi, mən də təşəkkür elədim. Yer tarixi bir yerdir, İstiqlal küçəsi, İçəri şəhər, bu kişi də tarixə qızıl həriflərlə düşən şəxsdir. Hər şey çox gözəldir. Belə bir heykəli ucaltmaq da mənə nəsib oldu. Müsabiqə keçirildi, hardasa 28 əsər təqdim edildi. Onların arasında mənim əsərim seçildi. İnanıram ki, bu mənim son əsərim olamyacaq, ardı gələcək.

Bahar Rüstəmli

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?