Lənkəranda sonuncu Talış xanı Mirəhməd xanın sarayı bərpa olunur.
ANS TV-nin məlumatına görə, bir əsrdən çox yaşı olan, təkrarsız tikilinin ilkin quruluşu saxlanılmaqla, su, kanalizasiya, istilik və işiqlandırma sistemləri qurulur.
1913-ci ildə fransalı memarlar tərəfindən 3 ay müddətinə inşa olunan Mirəhməd xanın sarayı, bu günə qədər cənubun ən unikal tarixi tikilisi sayılır. Deyilənə görə, Mirəhməd xan 1912-ci ildə gözəllik müsabiqəsində birinci yeri tutan həyat yoldaşı Tuğra xanımı mükafatlandırmaq üçün, bu tikilini inşa etdirəndə memarlar qarşısında qoyduğu əsas şərt bu olub ki, bu tikili digər yerdə təkrarlanmasın.
Yaşı bir əsri ötən, bu təkrarsız tikili, zamanında mərkəzi istilik, elektrik, işıqlandırma sisteminə malik olub. Müxtəlif zamanlarda, müxtəlif məqsədlər üçün istifadə edilən sarayın əsaslı bərpası Regionların Sosial-İqtisadi İnkişaf Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Lənkəran mədəniyyət və turizm şöbəsinin baş məsləhətçisi İlqar Əzimovun sözlərinə görə, tarixi mədəniyyət abidəsi kimi qorunan bu bina ilkin quruluşu saxlanılmaqla əvvəlki vəziyyətinə gətiriləcək: “Bundan sonar burada Lənkəran tarix diyarşünaslıq muzeyi üçün yeni ekspozisiya qurulacaqdır”.
Podratçı təşkilatın rəsmiləri tarixi binanın əsaslı bərpası üçün ilkin olaraq bir milyon AZN vəsaitin ayrıldığını deyir. Bərpa işləri aparılarkən sarayın ilkin quruluşu saxlanılmaqla yanaşı, müasir su, kanalizasiya, istilk, işıqlandırma, havalandırma sistemləri qurulacaq, özülü əsaslı şəkildə möhkəmləndiriləcək. Tarixi sarayın təmirini isə yerli sakinlər yüksək dəyərləndirir.
Bərpasına ötən ilin oktyabrında başlanmış sarayın təmir işlərinin bu ilin noyabr ayına yekunlaşacağı deyilir.
Qaynar.info
Şərhlər