Ölkə 16:40 14.01.2022

Təhsil müəssisələrində bir çoxunun psixi problemləri var, test olunmalıdır - Birlik sədri

"Bu gün baxsaq, görəcəyik ki, məktəbəqədər təhsil müəssisələrində işləyən insanların bir çoxunun nəinki psixoloji, hətta psixi problemləri var. Və bunun məsuliyyəti aidiyyatı qurumların üzərinə düşür”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə İsmayıllıda 1 saylı uşaq bağçasında tərbiyəçinin körpəni vurmasına aydınlıq gətirərkən deyib.
 
Onun sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrində işləyən mütəxəsislər psixoterapiya kurslarından keçirilməli və test olunmalıdır:

"Yalnız bundan sonra həmin mütəxəsislər məktəbəqədər təhsil müəssisələrində işləmək hüququ qazana bilər. Biz hər zaman qanunların işlək olmasının tərəfindəyik”. 

Kəmalə Ağazadə əlavə edib ki, məktəbəqədər təhsil müəssisələrində ciddi monitorinq işləri aparılmalıdır:
 
"Əslində biz hər dəfə əsasən vurğulayırıq ki, qanunlar var, amma qanunların icrası həyata keçirilmir. Gözümüzün qarşısında baş verənlər bir nümunə idi. Bu gün ictimai nəzarətə çox böyük ehtiyac yaranıb. Haradadır qeyri-hökumət təşkilatları? Bu səbəbdən biz Çevik Ekspertlər qrupu yaratdıq və bura 5 təşkilat daxil oldu. İnsan hüquqları istiqamətində fəaliyyəti, xidmət sektoru olan təşkilatlar bir araya gəldik. Qrupun ilk bəyanatını da imzaladıq ki, məktəbəqədər təhsil müəssisələrindəki kiçik yaşlı uşaqlar fikirlərini izah edə bilmirlər. Onların hər biri kameraya tuş gəlmirlər ki, biz olanları görüb məlumatlanaq”.

Kəmalə Ağazadə ictimai nəzarətin gücləndirməyin çox önəmli olduğunu vurğulayıb:

"Çünki söhbət gələcəyin şəxsiyyətinin yetişdirilməsindən gedir”.

Bahar Rüstəmli