Telefonla çəkdiyi filmi Britaniyaya göndərən rejissor: "İnanmırdılar, amma bacardım" (VİDEO)
Gənc rejissor, ssenarist və animasiya rejissoru Ruslan İbrahimli. Qazax rayonunda anadan olan istedadlı gənc qazandığı uğurlar barədə Sputnik Azərbaycan-a danışıb:
"Özümü inkişaf etdirmək üçün fərqli kurslara daxil oluram. Düşünürəm ki, öyrənəcəyim hələ çox şey var, ona görə hər sahədən məlumatlar alıram. Peşəkar rejissor olmaq üçün bu, vacibdir. Hər şeydən məlumatlı olmalıdır rejissor. Xan Akademiyası (animasiya və ssenari bölməsi), Pixar Animasiya studiyası, İstanbul Film Akademiyası (Film, rejissorluq, ssenaristlik bölməsi), "British Council Azerbaijan"da təhsil (Sosial bacarıqlar, kompüter proqramları), psixoloji konsultasiya və s. Bundan başqa, ingilis dilini də öyrənmişəm. Hal-hazırda Qazaxda yaşayıram. Festival, təhsilim və işim ilə bağlı Bakıya gəlirəm. Bakını çox sevirəm".
Gənc rejissoru film sahəsinə gətirən səbəblər olub. Maraqlısı budur ki, Ruslan bu sahəni heç də hansısa məşhur aktyor və ya rejissora olan sevgisinə görə seçməyib. Milli Qəhrəmanımız Çingiz Mustafayevin kamerası gələcəyin rejissorunu cəlb edib:
"Milli Qəhrəmanımız Çingiz Mustafayevdən ilham almışam ilk dəfə. Onun çiyninə kamera götürüb sözün həqiqi mənasında qəhrəmanlıq etməyi çox xoşuma gəlirdi. Hətta valdeynlərimə oyuncaq videokamera aldırmışdım. Hamıya deyirdim ki, mən böyüyəndə film, animasiya çəkəcəm, özümün kanalım olacaq və Azərbaycanı dünyaya tanıdacam. İnanmırdılar, amma bacardım. Yeri gəlmişkən, bu yaxınlarda Xocalı soyqırımı ilə bağlı animasiya filmi hazırlayacam".
Uşaqlıqdan animasiya filmlərinə maraq göstərən qəhrəmanımız yaşıdlarından fərqli olaraq, filmin çəkiliş texnologiyasını bilib: "Uşaq vaxtı filmlər və ən çox animasiyalar izləmişəm. Hələ film incəliklərini bilmirdim o vaxt, amma "Hörümçək adam" filmində VFX-dən (vizual effekt) istifadə edildiyini anlamışdım. Amma digər uşaqlar buna inanırdılar. Həmin vaxtlar VFX-in nə olduğunu anlamırdım. Fantastik filmlərin necə hazırlandığını sadəcə təxmin edirdim və ailəmə, dostlarıma bunu deyirdim".
2011-ci ildən sonra özünü və həyatını kəşf etməyə başlayan həmsöhbətimiz "YouTube" platforması vasitəsilə bacarığını insanlara tanıtmaq qərarına gəlib: ""YouTube"-u kəşf edəndə fikirləşdim ki, platformadan niyə görə öz istedadımı insanlara göstərməyim? Axı xaricdə insanlar bunları edirlər. Sadəcə planımı həyata keçirməyimin vaxtının orta məktəbi bitirəndən sonra olacağını düşündüm. 2016-cı ildə "YouTube" kanalı açdım, qısa videolar yükləməyə başladım. Gördüm ki, izlənilir. Dedim, istedadımı göstərməyin vaxtı gəlib artıq və 2018-ci ildən başlayaraq günümüzə kimi film və animasiya üzrə təhsil almağa başladım. Hətta başıma belə bir hadisə də gəlib: 18 yaşımda çəkdiyim qısa filmimi 2017-ci ildə bir festival saytına yükləmişdim, amma heç bir festivala göndərməmişdim. Bu il baxıb görürəm ki, həmin filmim bir xarici festivalda iştirak edibmiş. Təəssüf ki, həmin filmi silmişəm".
Animasiya filmlərinə cani-dildən bağlı olan müsahibimiz ANİMAFİLM Beynəlxalq Animasiya Filmləri Festivalının komanda kollektivinin könüllü üzvüdür: "2019-cu ildə iştirak etdiyim 10-cu Bakı Qısa Filmlər Festivalının münsiflər heyəti milli kinematoqrafiyamızın ən məşhur şəxslərindən ibarət idi. Animasiya filmimi bəyəndilər və münsiflər heyəti diplomu ilə mükafatlandırdılar. 2019-cu ildə 2-ci ANİMAFİLM beynəlxalq animasiya filmləri festivalının rəhbəri Rəşid Ağamalıyev məni qonaq qismində festivala çağırdı. Orada "Tıq-Tıq Xanım" animasiya filminin rejissoru və ssenaristi Məsud Pənahi ilə fikir mübadiləsi aparmışdıq. İndi ANİMAFİLM Beynəlxalq Animasiya Filmləri Festivalının komanda kollektivinin könüllü üzvüyəm və Rəşid Ağamalıyev ilə birlikdə məşhur animasiya rəssamı və rejissoru, rəhmətlik Rauf Dadaşov haqqında qısa film hazırladıq".
R.İbrahimli öz filmində özünü aktyor kimi də sınayıb: "Rejissor olanda öz filmində aktyorluq etmək həm yaxşıdır, həm də çətindir. Yaxşıdır ona görə ki, ssenarini özün bilirsən deyə sırf rejissor olduğun üçün, o personajı bildiyin üçün çox yaxşı oynayırsan. Çətindir, ona görə ki, iki şeyə də nəzarət etməlisən - həm rejissorluğuna, həm də aktyorluğuna ciddi diqqət etməlisən ki, filmdə hissi çatdıra biləsən".
Bildirək ki, gənc rejissor 2019-cu ildə Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən 10-cu beynəlxalq qısa filmlər festivalında iştirak edib. Çəkdiyi "İki ağac" qısa animasiya filmi "Ən yaxşı animasiya filmi" adını qazanıb və münsiflər heyətinin diplomu ilə mükafatlanıb. 2020-ci ildə isə "İki ağac" III ANİMAFİLM Beynəlxalq Animasiya Filmləri Festivalında iştirak hüququ qazanıb. Bundan əlavə, onun filmləri beynəlxalq arenaya da çıxıb: "2020-ci ildə "Qərar" adlı qısametrajlı filmim Birləşmiş Krallıqda keçiriləcək "The Lift of Global Network" tərəfindən keçirilən "First Time Filmmarker Sessions 2020" Beynəlxalq Film Festivalında iştirak hüququ qazanmış ilk və tək Azərbaycan filmidir. "Qərar" adlı filmim festivalda ilk proqram siyahısında 91-ci sırada yerləşdirilib. Hal-hazırda ən çox səs verilən "Qərar" filmidir.
"Qərar" filmi karantin dövründə çəkildiyi üçün büdcəsiz idi və telefonla çəkmişdim. Həmin filmi xarici festivala göndərdim. İnanmazdım ki, telefonla çəkdiyim debüt filmim yüksək keyfiyyətli kamera və büdcə ilə çəkilən filmlərlə yarışacaq. Film qalib olarsa, Hollivud kinostudiyalarının birində göstəriləcək.
Filmim xarici festivalda seçilib (hal-hazırda yarışdadır). Festival Londonda keçirilir. Azərbaycanı təmsil edən ilk və tək mənim filmimdir. Hal-hazırda 115 film arasında bir dənə mənim filmimə yüksək nəticə gəlib. 2021-ci ildə Londonda Mədəniyyət Festivalı olacaq. Azərbaycan mədəniyyəti ilk dəfə xaricdə təmsil olunacaq. Festivalın Azərbaycandakı rəhbəri Leyla Qasımovadır".
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər