(65 yaşıma)
Bir səhər oyanıb fikirləşirsən: o gözəl Müşfiqin cəmi 30 il yaşadığı, o böyük Cəfər Cabbarlının 35 il, müqəddəs Səməd Vurğunun 50 il yaşadığı diyarda sən artıq, 65 yaşa dolursan. Ancaq sənə elə gəlir sənin də 30, ya uzağı 35 yaşın var. Bu uzun 65 ili haçan yaşadın ki?
Sən hərdən kəndə gedəndə anan gülüb deyərdi, körpə vaxtı elə iti iməkləyirdin, arxanca çatmaq olmurdu həyətdə. Birinci sinifə getdiyin indiyə qədər də yadındadı: bu gün dünyada olmayan böyük qardaşın Ramiz əlindən tutub məktəbə aparırdı səni, uzaqdan pəncərəsi görünən sinif otağını göstərib dedi, bax, sən o sinifdə oxuyacaqsan. Aman Tanrım, 65 yaşın var, ancaq sentyabrın birində ilk sinif otağınızın pəncərəsini uzaqdan görüb sevinməyini hələ də unutmamısan. Qardaşının əlindən çıxıb bir əlində balaca çanta o sinifə doğru necə qaçırdın!
Yox, mən razı deyiləm, 65 yaş nədi?! Bu da təzə çıxdı? Pioner qalstuku bağlayan, barmağı çernilli uşaq sən deyildinmi? Sonra orta məktəbi bitirib Bakıya gələn, Universitetin jurnalistika fakültəsindən kəsilən, bir il sonra əsgərliyə gedən oğlan hara, 65 hara? Əsgərlikdən sonra biraz buralarda veyillənib yenidən əsgər olduğun Kemerova vilayətinin Prokopyevsk şəhərinə qayıdan, heç yerdə qərar tutmayan o uzun saçlı, uşaq sifətli gənc sən deyildinmi? Bu nədi, qocalmısan, uje?
Sonra Litinstitutda dünyanın hər tərəfindən gəlmiş gənc yazıçı-şairlərlə birgə təhsil alan, yataqxana koridorlarında dostlarla qol-boyun olan sən deyildinmi? Əyani fakültələrdə oxuyan gənc Səfər Alışarlı ilə, gənc Umud Rəhimoğlu ilə, gənc Nazim Əhmədli ilə, gənc Etimad Başkeçidlə yeddimərtəbəli yataqxanada yaşayıb ildə iki dəfə sessiyaya gələn qiyabiçi Şaiq Vəlini, Rəşid Göyçəni, Xıdır Qazaxbəylini, Zahid Sarıtorpağı, Şamil Bahaduru, Lətif Mustafanı, Fəridəni, Nazim Əlioğlunu, Orxan Fikrətoğlunu o qarlı, gur yağışlı günlərdə həsrətlə gözləyən sən deyildinmi? Bu nə qocalmaqdı belə? Moskvada da darıxanda sürət qatarına minib Leninqrada, Nevanın sahillərində yaşayan oradakı tələbə dostun, İsa Məsih üzlü Səfər Rzasoylunu, dəliqanlı Mahir Bayramı görmək üçün uçan o gənc şair sən deyildinmi?
Litinstitutdan sonra Bakıya dönüb mərhum akademik Aydın Məmmədovun, sonradan isə əziz yazıçımız Afaq Məsudun rəhbərlik etdiyi Tərcümə Mərkəzində Natiq Səfərovla, Rəşid Göyçəylə, Lətif Mustafayla, Əhməd Oğuzla, Əlisəmid Kürlə, Müzəffər Maşayevlə bir yerdə çalışan, sonralar Əlisəmidlə birgə "Yol” ədəbiyat qəzetində yeniliklər eləyən sən deyildinmi?
Bütün bunlardan sonra azadlıq dalınca yenidən Rusiyaya qaçan, bir neçə ildən sonra yenə geri qayıdan sən deyildinmi, indi bu nə qocalmaqdı belə? Gəldin, yazıb-yaradan uşaqları başına yığıb Azad Yazarlar Ocağı (AYO) yaratdın, nə bilim, qəzetlərdə yazdın, məqalələr çap elədin, kitablar çıxartdın. Qocalmaq hara, sən hara? "Qocalmaram” şeirini yazan sən deyildinmi?
Payızın oğlan çağında, oktyabrın tən ortasında, 15-ində dünyaya gəlmisən. Atan deyərdi ki, sən doğulanda səhər saat 4 idi. Ailənin dördüncü uşağı olmusan, səndən sonra hələ üç bacı-qardaşın da dünyaya gəlib. Ailədə yeddi uşaq olmusunuz, yeddi uşaq! Zarafat deyil! İndi hansı ata-ana belə risk eləyər? Ancaq sovet dövründə yeddi uşağı rahat böyüdüb həyata buraxa bilirdilər.
İndi həmin o dördüncü uşaq artıq pensiya yaşına gəlib çatıb. Adamın gülməyi gəlir, pensiya yaşı nədi?!
Sən də pensiya yaşına çatarsanmış!
Tərəzi bürcündənsən, ulduz falına inanmasan da maraqlı gəlir sənə. O tərəzi təsadüfən sənin daxilinlə dəqiq səsləşir, sənə uyğun gəlir. Elə bil sənin də daxilində o Femida tərəzisi qurulub. Özünü bir balaca haqsız bilən kimi daxilindəki o tərəzinin gözləri qalxıb enərək səni narahat eləyir. Sən zatən, ədalətsiz adam deyilsən, ona görə içindəki tərəzinin gözləri rahat, taraz dayanır həmişə. Həm də tərəzinin qulpu vicdanın əlində olur, tarazlıq pozularsa vicdana cavab verirsən, özünə bəraəti vicdana izah etməli olursan. Məsələn, imkansızlıqdan dilənən birinin yanından pul verməmiş keçsən daxilindəki tərəzinin gözləri yellənib bütün günü səni narahat eləyəcək...
Nəysə... Sənə yazılan bu 65-inə sahib dur, cavan oğlan!
Bunu Ayla Günəş illərdi rəqs edə-edə yazıb-cızıb sənə!
Daxilində özün özünə neçə yazarsan, özün bilərsən, ancaq bunu sənə kosmos yazıb hədiyə eləyir. Götür, öp gözünün üstünə qoy bu yaşını! Bir də çalış heç vaxt ədalətsizlik edib Tərəzinin tarazlığını pozmayasan!
65 yaşın mübarək, ədalətli oğlan, Tərəzi Oğlan!
Murad Köhnəqala
Şərhlər