Xəbər lenti

Təyyar Bayramov: “Haradasa, bir ay özümə gələ bilmədim...” (MÜSAHİBƏ)
Sənət 14:32 14.09.2021

Təyyar Bayramov: “Haradasa, bir ay özümə gələ bilmədim...” (MÜSAHİBƏ)

Əməkdar artist, muğam ifaçısı Təyyar Bayramovun Qaynarinfo-ya müsahibəsi

- Sizi yeni Ağdamın təməlqoyma mərasimində gördük. 29 il öncə çıxdığnız torpağı, yaşadğınız evi tapa bildinizmi? 

- Ağdam işğaldan azad olunduqdan 4-5 gün sonra ilk dəfə Xalq artisti Mənsum İbrahimovla birlikdə getdik. Özümü çox pis hiss elədim. Haradasa, bir ay özümə gələ bilmədim. Evimizi gördüm. Məhləmizdə evimizin yanından bir yol gedirdi. Yurd-yuva, böyüyüb, boya-başa çatdığın məhlə, keçdiyin aralıqlar demək olar ki, yoxdur. Hərəkət olmayıb deyə yolları da kol-kos basıb. Bilinmir ki, burada haçansa yol, iz olub. Çox pis oldum həmin ərəfədə. Ağdamda ocaqlarımızı tapmasaq da, yurdumuz bizim üçün əzizdir, müqəddəsdir. Çünki orda bizim oğullarımız şəhid oldu. Qanlar qanı ilə alındı o torpaqlar. Ağdamda təməlqoyma mərasimində də iştirak etdik, Allah bizə o günü nəsib etdi. Dövlət və millətimizlə qürur duyduq. Bizim millətimizdən dünyada gözəl millət yoxdur. Müharibə vaxtı hamı bir ailə idi. Ağzı söz tutmayan uşaqlar "Azərbaycan-Azərbaycan” deyirdi. Biz xarici ölkələrə səfərə gedəndə mənfur düşmənlərimiz də orda olurdu. Həmin səhnələrdə bizim muğamlarımız hər zaman alqışlarla qarşılanırdı. Nə qədər alqışlar olsa da, onlar istehza ilə baxırdılar ki, "siz oxuyun, zəngulələr vurun, torpaq bizdədir”. O ab-hava vardı, bundan sonra alnı açıq, üzü ağ bütün dünyanı gəzəcəyik ki, biz qalib Azərbaycan vətəndaşıyıq.  

- Bu gün ad gününüzdür…

- Bəli, bü gün doğum günümdür. Heç vaxt doğum günümü təntənəli qeyd etməmişəm. Həmişə ad günümü evdə, ailəmlə qeyd etmişəm. Tanıyanlar bilir ki, təntənəli mərasimlər mənə yaddır. İnşallah, torpaqlarımız işğaldan azad olunub, gələcəkdə öz elim-obama qayıdanda bəlkə o zaman keçirərəm. 

- Muğam ifaçısı üçün səhnədən, canlı sənətdən ayrı qalmaq çətindir, bu iki ili, pandemiya şəraitini necə keçirdiniz?

- Çətin. Müğənnilərin 95%-nin dolanışığı ancaq toylara köklənib. Biz həm də müəllimik, pandemiya dövründə bütün fəaliyyətimiz dərsə kökləndi. Dövlət müəssisəsində işləyirik, onun məvacibi ilə dolandıq. Camaat necə, biz də elə. Çətinliksiz həyat yoxdur. Pandemiya dövründə gördük, bütün dünyada acınacaqlı vəziyyət yarandı. Biz də xalq kimi az tapdıq, az yedik, çox tapdıq, çox yedik. Əsas odur ki, can sağlam olsun. Pandemiyada insan heç nəyi düşünmür, elə deyir, bircə canım sağ olsun. Pandemiya əslində insanlara çox şey öyrətdi. 

- Yəni, yaxşı mənada, yoxsa?..

- Əlbəttə, baxırsan ki, insanların bir-birinə münasibəti dəyişib. Təbii, elə adamlar var ki, onları dəyişmək olmur. Ancaq insan düşünür ki, dünya malı dünyada qalır. Xəstəlik elə bir şeydir ki, sağlam, çox gümrah həyat sürən biri 10 günün içində həyatda yoxdur, xəstəlik onu əlimizdən alıb aparır. Ona görə insan düşünməlidir ki, bu dünyanın malı elə bu dünyada qalır. Düşünürəm ki, pandemiya çox adamı dəyişdirdi. Pandemiya sənət adamlarından çox can aldı. Hazırda iki sənətkarımız da canı ilə əlləşir. Allah onlara şəfa versin. Dəyərli sənətkarları itirdik, insan itkisi çox pis haldır. İctimai arenada tanınan neçə-neçə ziyalımız getdi. Bu bəla bütün dünyanı bürüdü. Bizim də yaxınlarımız, qohumlarımızdan rəhmətə gedənlər oldu.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->