Torpağı əlindən alınan müharibə veteranı: “Özümü yandıracam” (VİDEO)
ADPU-nun prorektoru, Ali Məhkəmənin hakimləri birləşərək müharibə veteranının torpaq sahəsini əlindən alıblar
Bəzi məmurlar və səlahiyyət sahibləri tərəfindən müharibə veteranlarına qarşı edilən qanunsuz hərəkətlər son günlər ölkə mətbuatının manşetlərindən düşmür. Dövlət başçısının müvafiq tapşırıqlarını və ali qanunları görməzdən gələn bəzi səlahiyyət sahiblərinin müharibə veteranlarına qarşı etdikləri qanunsuzluqlar hər birimizdə dərin təəssüf hissi doğurur və onların haqlı müdafiəsi üçün bizlərdə də məsuliyyət yaradır.
Qanunsuz yollarla torpağı əlindən alınan müharibə veteranlarından biri – 1959-cu il təvəllüdlü Qərib Məmmədxan oğlu Əliquliyev Bolgexeber.com-un redaksiyasına məktub ünvanlayıb.
Qarabağ müharibəsi veteranı və Əmək veteranı Q.Əliquliyev redaksiyamıza göndərdiyi məktubda bildirir ki, Səbail rayon, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivində yerləşən 18 sot torpaq sahəsi 1994-cü ildən etibarən qanuni olaraq ona məxsus olub: "Səbail rayon İcra hakimiyyəti tərəfindən mənə və qohumlarım – Mehman Xanlar oğlu Mahmudova və Tale Ənvər oğlu Əşrəfova ümumilikdə 18 sot (hər birinə 6 sot) torpaq sahəsi verilib. Həmin torpaq sahəsinin cizgi planı Səbail rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılıb və memar tərəfindən imzalanıb. Biz torpaq sahələrimizə çıxarış almaq məqsədilə ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinə müraciət etdikdə, Rəna Cəbrayılovanın həmin torpaq sahələrinə saxta bələdiyyə sənədi əsasında çıxarış almaq istədiyini öyrənmişik və bizə buna görə çıxarış verilməyib. Hansı ki, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən alnmış sənədlərdən görünür ki, sonuncunun bələdiyyə sənədlərinin kökü arxiv məlumatlarında yoxdur”.
Q.Əliquliyev qeyd edib ki, bundan sonra Rəna Cəbrayılovanın Səbail rayonu Badamdar Bələdiyyəsindən saxta yolla aldığı sənəddə göstərilən torpağının bizim torpağımıza hər hansı aidiyyatının olmadığı, yəni ayrı-ayrı torpaqlar olduğu bildirilib: "Qeyd etdiyim torpaq sahəsi 1994-cü ildən mənim və qhumlarımın sahibliyində və istifadəmizdədir. Torpaq 18 sotdur. İndi Rəna Cəbrayılova saxta sənədlərlə torpağımızı əlimizdən almaq istəyir. Onun əri Məlikməmməd Cəbrayılov hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində tədris işləri üzrə prorektordur. M.Cəbrayılov vəzifəsindən sui-istifadə edərək bütün instansiya məhkəmələrə, hüquq-mühafizə orqanlarına təzyiq göstərir, onların doğru qərar verməsinə maneçilik yaradır. O, həmçinin himayədarlarına arxalanaraq məni xəstəliklə öldürərək torpağıma yiyələnmək istəyir. Buna baxmayaraq, 24 oktyabr 2018-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1830/2018 nömrəli qərarı ilə mənim və qohumlarımın şikayəti təmin edilmiş və bununla da, Səbail rayon Badamdar Bələdiyyəsinin Səbail rayonu Badamdar qəsəbəsi yaşayış massivində olan 18 sot torpaq sahəsinin Rəna Cəbrayılovanın adına sənədləşdirilməsinə dair 26.12.2006-cı il tarixli, 226, 227 və 228 saylı qərarları ləğv edilib. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsinin ədalətli qərarı əsasında Rəna Cəbraılovanın əldə etdiyi saxta bələdiyyə sənədləri ləğv edilib. Məlumat üçün onu da deyim ki, hazırda Rəna Cəbrayılovaya məxsus 6 sot torpaq da, vaxtilə bacım bacım Solmaz Əliquliyevaya məxsus olub, həmin torpağı mən Əskərov Əlihüseyn Sənan oğluna satmışam. Sonradan isə Ə.Əskərov qeyd olunan torpaq sahəsini Rəna Cəbrayılovaya satıb. Bu faktın özü göstərir ki. həmin torpaqlar əvəllər mənə və qohumlarıma məxsus olub”.
Q.Əliquliyev daha sonra yazır: "Buna baxmayaraq, R.Cəbrayılova və əri ADPU-nun prorektoru M.Cəbrayılov mənə və qohumlarıma məxsus qanuni torpaq sahəsini ələ keçirmək üçün bütün yollara əl atırlar. M.Cəbrayılov öz havadarlarının köməyi ilə Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr tarixində mənim xeyrimə verdiyi qərarı ləğv etdirmək üçün bütün qanunsuz yollara əl atdı. 26 dekabr 2018-ci ildə Ali Məhkəminin hakimi Zakir Quliyevin qərarı ilə Bakə Apellyasiya Məhkəməsinin mənim xeyirimə verdiyi qərarı ləğv edildi, iddiam təmin edilmədi. Buna səbəb isə, Prezidentin apardığı siyasətə ziddi olaraq vətəndaşların haqlarını tapdalayan Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasının sədri Hikmət Mirzəyev olub. Belə ki, H.Mirzəyevin təzyiqi və tələbi ilə Z.Quliyev qanunsuz qərar qəbul edib. Mən müharibə veteranıyam, ölkəm üçün sağlamlığımdan ona görə keçməmişəm ki, kimsə mənim qanuni torpağımı əlimdən alsın. Əgər ədalət bərpa olunmasa, özümü Prezident Administrasiyasının qarşısında diri-diri yandıracam”.
Q.Əliquliyev Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya da müraciət ünvanlayaraq kömək istəyib: "Rəna Cəbrayılovanın iddia etdiyi Bələdiyyə torpaqlarının sənədlərinin kökü Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzində qeydiyyatda olmadığından, həmçinin mənim lükiyyət hüquqlarımı təsdiq edən bütün sənələrimin olması səbəbindən, məhkəmələrə ədalətli qərar çıxarılması üçün göstəriş verməyinizi, Ali Məhkəmənin hakimləri Z.Qulieyv və H.Mirzəyevin ali qanunlarımızı pozaraq sifarişli qərarlar qəbul etdiyinə görə cəzalandırılmasını Sizdən xahiş edirəm”.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər