Ekonomiks 20:24 27.05.2018

Torpaqlar satışa çıxarılır: Oliqarxlara qarşı yeni mübarizə

Ölkə başçısı 7 mart 2016-cı il müvafiq fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işinə start verildi.  "Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə torpaq payı almaq hüququna malik olan, ancaq bu hüquqdan yararlana bilməyən şəxslərə bu sahədə həyata keçirilən işlərin nəticəsi olaraq pay torpaqları ayrıldı.

Komitə tərəfindən torpaqların elektron kadastr uçotu sisteminin qurulması ilə bağlı həyata keçirilən işlər çərçivəsində torpaqların naturada dəqiqləşdirmə işləri aparılmış, həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası müəyyənləşdirilmiş bir sıra rayonlarda vətəndaşlara pay torpaqlarının verilməsi ilə əlaqədar məsələlər öz həllini tapdı. Beləliklə də  uzun illərdən sonra torpaq almaq arzusunda olan insanlara torpaq payları ayrıldı. Təbii ki, həmin pay torpaqların təyinatı üzrə istifadəsi önə çəkildi. Bu məsələnin icrası bir neçə bölgələrdə həyata keçirildi.

Görünür, kəndlilərə pay torpaqlarının ayrılması və istifadəsi effekt verməyib. Artıq kəndlilərə verilən pay torpaqları geri alınır. Belə ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi 255 min hektar istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqları geri qaytarır. Komitə tərəfindən torpaqları illərdir hasarlayan, həmin yerləri toxunulmaz edən, becərilməyən kənd təsərrüfatı torpaqları istifadəçilərinə qarşı tədbirlər sərtləşdirilib. Boş və fəaliyyətsiz qalan torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətində təhlillər aparılıb, aşkar edilən belə torpaqlar geri alınır.

Məlumatlara görə aparılan monitorinqlər nəticəsində 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə istifadəsiz qalması faktları aşkarlanıb.  Beləliklə də 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib.

Monitorinqlər nəticəsində qanunsuz hasarlanma və zəbt olunma halları daha çox Abşeron, Beyləqan, Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb. Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı, Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib.

İndiyədək komitə tərəfindən kənd təsərrüfatı torpaqlarında 2600 pozuntu halı aşkar olunaraq inzibati protokollar tərtib edilib. Təqsirkar fiziki və hüquqi şəxslər 1 milyon manatdan çox cərimə olunub. Maraqlıdır, bu torpaqlar kimindir və onları hansı mexanizmlə geri alacaqlar?  Geri alınan pay torpaqlarının aqibəti nə olacaq?

İqtisadçı-ekspert Akif Nəsirli "Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, qanunvericilikdə bu məsələ ilə bağlı zəmin yaradılıb və konstitusiya dəyişikliklərinə uyğun da məsələ formalaşdırılıb:

"Bu torpaqlar qəti şəkildə oliqarxların və ya hansısa böyük biznes adamlarının torpaqları deyil. Onlar doğrudan da sadə vətəndaşların torpaqlarıdır. Bu məsələni hökumət bir qədər birtərəfli qaydada həll etmək istəyir. Bunun da özəl şərtləri var. Məsələ ondadır ki, qayda hansı formada həyata keçirilməlidir. Bu gün Azərbaycanda qeyd edilən rəqəmdən bir neçə dəfə də çox kənd təsərrüfatlı təyinatlı istifadəsiz qalmış torpaqlar var. Ölkədə vəziyyət elə hala gətirilib ki, fermer üçün torpaqdan istifadə rentabelli deyil. Bu gün hökumət fermerdən torpağı almaqdansa, bunun səbəbləri barədə düşünməlidir. Fikirləşməlidir ki, görəsən kəndli torpaqdan niyə ayrı düşüb?  Nəyə görə kənddə torpağını becərib-əkməkdənsə gəlib Bakıda tikintidə işləyir?  İlk növbədə hökumət bunu araşdırmalı, səbəblərini tapmalı və bu problemin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir. Bu tədbirlər həyata keçiriləndən və Azərbaycanda torpağı fermer üçün səmərəli biznes obyektinə çevirdikdən sonra istifadə etmirsə, o zaman torpağı əlindən almaq lazımdır.  Bu artıq vətənə və dövlətə xəyanətdir ki, hökumət sənin üçün hər bir şərait yaradıb. Amma sən onu istifadə etmirsən. Heç olmaya o torpağı istifadə edə bilənə icarəyə vermirsən ki, torpaq boş qalmasın. Çünki bu torpaq Allahın yaratdığı bəndələri dolandırmaq üçündür. Qanunun o hissəsi işə düşə bilər. Əminəm ki, Azərbaycanda fermer üçün ilk mərhələdə sərfəli mühit yaradılırsa, heç kim torpağı boş qoymaz. Ən azı istifadə edə bilən insanlara uzun müddətlik icarəyə verilər və onlar da pulunu alar”.

Ekspertin fikirncə, hökumətin məsələyə bu cür yanaşması şübhələri ora gətirir ki, burada şəxsi maraqları var:

"Məmurlar da kənd təsərrüfatında öz monopoliyalarını yaratmaq və möhkəmləndirmək istəyirlər. O səbəbdən də müxtəlif vasitələrdən istifadə edirlər. Bir müddət əvvəl boş ərazilərdə pambıq əkildi və o da səmərə vermədi. Amma arada pambıq əkən fermerlər bu torpaqları ələ keçirdilər. İndi isə görürlər ki, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi boş qalmış torpaqları geri alır. Əslində belə də olmalıdır. Bu qanunda da öz əksini tapıb. Məlum mexanizm əsasında həmin geri alınan torpaq hərraca çıxarılıb satılacaq. Təbii ki, müxtəlif məmura o torpaqlar fərqli qiymətlərlə satılacaq.  Bu isə əhalinin böyük əksəriyyətinin narazılığına səbəb olacaq. Onu da deyim ki, pay torpaqlarının çox hissəsi boş deyil. Onlar ən azı örüş kimi minimum səmərə ilə istifadə olunur. Örüş kimi istifadə olunan torpaqlar isə görüntüdə boş torpaqlar kimi nəzərə çarpır”.