Tovuzlular AAYDA-nı prezidentin sərəncamıyla bağlı ittiham edirlər (VİDEO)
Ölkə başçısı İlham Əliyevin Qovlar-Əyyublu-Alakol-İbrahimhacılı-Yanıqlı-Ağacqala-Qoçdərə-Çobansığnaq-Yoğunbulaq-Sarıtala avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqda sərəncamları tam icra olunmayıb.
Bu barədə Qaynarinfo-ya Qoçdərə-Sarıtala kənd sakinləri şikayət ünvanlayıblar. Şikayətdə bildirilir ki, yolun Qoçdərə kəndinə qədər olan hissəsi təmir olunsa da, oradan yuxarı kəndlərdə iş aparılmayıb. Sakinlər vəziyyətlə bağlı dəfələrlə podratçı şirkətin nümayəndələrinə və rayon rəhbərliyinə müraciət etdiklərini, lakin heç bir nəticəsi olmadığını bildiriblər. Bu səbəbdən onlar vaxtaşırı yolu bağlayaraq, nümayiş keçirir və problemlərinin həll olunmasını tələb edirlər.
Məsələyə
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən münasibət bildirilib. Qurumun
sözçüsü Anar Nəcəfli layihədə nə nəzərdə tutulubsa, işlərin ona uyğun
aparıldığını və bundan kənara da çıxmayacaqlarını bildirib:
"Onların
layihənin icrasına başlayandan bəri şikayət göndərmədikləri yer qalmayıb. Bizim
üçün hamı birdir, istər Tovuz sakini olsun, istər Ucar, istərsə də digər vətəndaşlar.
Hər bir vətəndaşa da hörmətlə yanaşırıq. Amma yolun bəlli bir layihəsi var və
işlər də buna uyğun şəkildə həyata keçirilir. Layihədən kənar orda heç bir iş
aparılmayıb və aparılmayacaq da. Ora asfalt çəkilsin, bura belə olsun... Bunlar
xahişlə edilmir. Mütəxəssislərin rəyi əsasında layihə hazırlanır və icra
edilir. Elə yerlər var ki, ora asfalt çəkilməsi mümkün deyil. Çəkilsə belə, 1
ildən sonra dağılacaq və həmin vətəndaşlar bu dəfə də yolun keyfiyyətsizliyi ilə
bağlı şikayət edəcəklər. Harda asfalt nəzərdə tutulubsa, asfalt, harda çınqıl
örtüyü nəzərdə tutulubsa, çınqıl tökülür. Layihədən kənar heç bir iş görülmür.
Çünki yol çəkilişləri ilə bağlı aparılan bütün işlər birbaşa olaraq ölkə
başçısının nəzarətindədir. Sərəncamın icrasında hansısa əskiklik ola bilməz.
İndiyə kimi yeganə problem çıxarılan layihədir. Neçə aydır şikayət edirlər. Hətta
bəzi yerlərdə çınqıl nəzərdə tutulmuşdu, məcbur qalıb asfalt çəkdik. İşlər hələ
tam yekunlaşdırılmayıb, davam etdirilir".
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ilin 19 fevral tarixində sözügedən avtomobil yolunun tikintisi və 2019-cu ilin 15 fevral tarixində isə əsaslı təmir ilə bağlı sərəncam imzalayıb. Birinci sərəncamla "Azəryolservis" ASC-yə (sonradan adı dəyişdirilərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi edilib - red.) dövlət büdcəsindən 4 milyon, ikincidə isə 3,3 milyon manat vəsait ayrılıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər