2025-ci il 20 yanvar tarixində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi baş tutacaq. ABŞ hələ də dünyanın ən güclü dövləti olaraq qalır, lakin Rusiya və Çin mövcud nizamı dəyişmək istəyir.
Qaynarinfo xəbər verir ki, "Financial Times"
nəşri Trampın prezidentliyi dövründə dünya düzəninin necə dəyişə biləcəyini araşdırıb.
Prinston Universitetindən Con İkenberri deyir ki, Tramp liberal beynəlxalq nizamın demək olar hər bir elementini - ticarəti, ittifaqları, miqrasiyanı, çoxtərəfliliyi, demokratiyalararası həmrəyliyi və insan hüquqlarını mübahisələndirməyə hazırdır.
FT beş mümkün ssenari irəli sürüb:
1. Böyük güclərin yeni razılaşması
ABŞ Rusiya və Çinlə razılaşma əldə edir, onlara təsir dairələri təyin edir və özü regionunda hakimliyə yönəlir. Tramp Ukraynaya təhlükəsizlik zəmanəti olmadan sülh müqaviləsi imzalamağı təklif edir. Rusiyaya qarşı sanksiyalar yumşaldılır və Vladimir Putin Şükran Günü şam yeməyinə Mar-a-Laqoya dəvət edilir.
Çinlə mümkün razılaşma ABŞ-ın texnoloji məhdudiyyətlərinin və tariflərinin yumşaldılmasını nəzərdə tutur. Əvəzində Çin ABŞ-dan məhsul alır və "Tesla" kimi Amerika şirkətlərinə üstünlüklər təqdim edir. Tayvanın müdafiəsi ilə bağlı ABŞ-ın maraqsızlığı üzə çıxır. Avropa və Asiyadakı ABŞ müttəfiqləri isə öz müdafiələrini təmin etmək üçün yeni yollar axtarmaq məcburiyyətində qalır.
Bu arada Çin, Rusiya və ya Şimali Koreya dünya müharibələrinə bənzər böhranlar yarada bilər.
2. Liderlərsiz dünyanın anarxiyası
Trampın ticarət, təhlükəsizlik və beynəlxalq qurumlarla bağlı "Öncə Amerika" siyasəti lidersizlik boşluğu yaradır. Sudan və Myanma kimi ölkələrdə vətəndaş qarşıdurmaları güclənir, Qərbə qaçqın axını artır, populist qüvvələr mövqelərini möhkəmləndirirlər. Getdikcə daha çox ölkə "zorakı anarxiya"ya doğru sürüşür.
Sosial və iqtisadi qeyri-sabitlik mühitində liberal demokratiyaya əhəmiyyət verməyən populist partiyalar inkişaf edir.
3. ABŞ-sız qloballaşma
ABŞ Ümumdünya Ticarət Təşkilatını tərk edir və proteksionist tariflər tətbiq edir. Avropa İttifaqı Latın Amerikası ilə yeni ticarət müqaviləsi təsdiqləyir, həmçinin Hindistan və Çinlə razılaşmalar imzalayır. Çin Avropanın bazarına "yaşıl texnologiyalar" qarşılığında elektrik avtomobilləri təqdim edir.
Çinlə iqtisadi əlaqələrini gücləndirən ölkələr arasında BRICS-in təsiri artır. Dünya valyutası kimi dolların istifadəsi azalır. Dolların dünya valyutası kimi istifadəsi getdikcə azalır.
4. "Öncə Amerika" siyasətinin uğuru
Trampın ABŞ-ın qüdrətinə inamı təsdiqlənir. Texnologiya və maliyyə liderliyinə qoyulan investisiyalar ABŞ-ı gücləndirir. Avropa və Yaponiya öz müdafiə xərclərini artırır, bu da Çin və Rusiyanı cilovlamağa kifayət edir.
Amerika tarifləri Çinin iqtisadi artımını kəskin şəkildə yavaşladır və böhran yaradır. İran rejimi hərbi, iqtisadi və daxili təzyiqlərin birləşməsi nəticəsində devrilir. Trampın nüfuzu həm ABŞ-da, həm də xaricdə artır.
5. Qarışıq ssenari
FT qeyd edir ki, yaxın dörd il bu ssenarilərin qarışığı və gözlənilməz hadisələrlə müşayiət oluna bilər. İtalyan filosof Antonio Qramşinin dediyi kimi: "Köhnə ölür, amma yeni doğula bilmir. Bu aralıq dövrdə müxtəlif xəstəlik əlamətləri ortaya çıxır".
Trampın gələcək planları
Tramp andiçmədən sonra Ədliyyə Nazirliyinə zorakı cinayət törətmiş şəxslər üçün ölüm hökmünün bərpasını tapşırmağı planlaşdırır. Onun sözlərinə görə, o, bu qərarı Amerikalı ailələri və uşaqları zorakı təcavüzkarlardan, qatillərdən və canavarlardan qorumaq üçün verib.
Bundan əlavə, respublikaçı Qrenlandiya və Panama kanalına da iddialar irəli sürüb. Respublikaçı strateq və CNN-in şərhçisi Ana Navarro deyib ki, Trampın Panama kanalı təhlükəsini yerinə yetirmək üçün istənilən cəhd, çox güman ki, hərbi əməliyyat tələb edəcək.
Aydın
Şərhlər