Dünya 14:14 13.07.2020

Tramp Puerto-Rikonu satmağı təklif edib

ABŞ Prezidenti Donald Tramp 2017-ci ildə 3 min insanın ölümünə səbəb olan Mariya qasırğasından sonra böyük ziyan dəymiş Puerto-Riko adasını satışa çıxarmağı təklif edib.

Qaynarinfo xəbər verir ki, bu barədə o dövr Puerto-Rikonun daxili işlər nazirinin müavini vəzifəsində çalışmış Elaine Duke "New York Times"a açıqlama verib. O, bildirib ki, Tramp əvvəllər biznesmen kimi davranırdı:

"Elektriki törəmə şirkətə verə bilərikmi? Adanı sata bilərikmi? Yəni bu ərazini necə əldən çıxara bilərik?" deyə suallar verirdi. Lakin onun təklifini heç vaxt ciddi qəbul etmədik".

Xatırladaq ki, 2017-ci il qasırğası zamanı Puerto-Riko bir müddət işıqsız qalmışdı. Tramp isə çıxışlarının birində qasırğanın zərər vurduğu adaya ayrılan vəsaitin başqa məqsədlər üçün xərcləndiyini iddia etmiş, 2018-ci ildə Ağ Evdə çıxışı zamanı isə maliyyə yardımını dayandırmaq istədiyini bildirmişdi.

Qeyd edək ki, Puerto-Riko ABŞ ərazisi hesab edilsə də, ştat statusuna sahib deyil və muxtar idarəçiliyə sahibdir.

Məlumat üçün bildirək ki, ABŞ Prezidenti bundan öncə də Qrenlandiya adasının alınması üçün danışıqlara başlanılması istiqamətində təlimat vermişdi. Danimarka isə bu təklifi rədd etmişdi. ABŞ-ın sabiq prezidenti Harri Truman da 1946-cı ildə belə bir təkliflə çıxış etmişdi. O, 81 faizi buzla örtülmüş olan və 2 milyon 160 min kvadrat kilometr əraziyə sahib dünyanın ən böyük adasını 100 milyon dollara almaq istəmiş, lakin onda da Danimarkadan rədd cavabı verilmişdi.

Camal