"Tramp "sevirəm" deyə-deyə, Ərdoğan səhv edə-edə..." – Senat layihəsinin pərdəarxası

"Bu, ABŞ kimi bir ölkənin faktları yoxlamadan, sırf siyasi motivlərə əsaslanaraq qəbul etdiyi layihədir. Tarixçilər bu məsələni araşdırıb, nəyin nə yerdə olduğunu müəyyənləşdirmək əvəzinə, siyasilər heç Türkiyənin sərhədlərini, coğrafi mövqeyini əməlli-başlı tanımadan bu məsələ ətrafında fikir yürüdürlər".

Bu sözləri Qaynarinfo-ya politoloq Qabil Hüseynli ABŞ Senatının qondarma erməni soyqırımının qəbulu ilə bağlı qətnaməsini şərh edərkən bildirib. 

Siyasi eskpert ABŞ Senatının bu addımının biabırçılıq olduğunu qeyd edib: "Bu, biabırçılıqdır. Həmin dövrdə Şərqi Anadoluda cəmi 700 min erməni olub. Onların da 500 mini Livan, Suriya və s. kimi ölkələrə, Adana vilayətinə köçürülüb. Orda aclıqdan, xəstəlikdən və digər səbəblərdən cəmi 170 min erməni ölüb. Onlar da güllə yarasından deyil, bayaq da dediyim səbəblərdən ölüblər. İndi 170 mini 1,5 milyona çevirən ermənilər onu ABŞ kimi bir dövlətin həm Konqresində, Nümayəndələr Palatasında, həm də Senatdan keçirirlər. Bu, başdan-ayağa biabırçılıqdır".

Qabil Hüseynli ABŞ-ın bu addımının Türkiyə lideri Ərdoğanın buraxdığı səhvlərdən irəli gəldiyini bildirib: "Son zamanlar ABŞ-ın Türkiyə ilə münasibətləri soyuyub. Bu soyuqluq da belə bir addımın atılmasına gətirib çıxartdı. Ərdoğan da az səhvə yol vermədi. Ərdoğanın Rusiya ilə sıx ittifaq əlaqələri qurması, Suriyada birgə hərəkət etmələri, yenə də birgə hərəkət edəcəklərinə dair bəyanat yayması ABŞ-ı qəzəbləndirdi. ABŞ kimi bir dövlətlə yaxın dostluğu olan ölkə o dostluğu itirdisə, öz fəaliyyətinə diqqət yetirib nəyi düz, nəyi səhv etdiyini araşdırmalıdır. Məncə, əgər ABŞ tərəfi emosiyalara yer verdisə də, Türkiyə tərəfi də siyasi xətalara yol verdi. 
 
 

Gərək arının yuvasına çöp uzatmayasan. Yəni, dünyanın superdövləti ilə siyasəti ehtiyatlı aparmaq lazımdır. Bunlar hamısı siyasi məqsədlərdən doğan addımlardır, həqiqəti onlar çox yaxşı bilirlər. Klinton da bilirdi ki, "erməni soyqırımı" olmayıb, digərləri də... Başıboş Tramp Ərdoğanı "sevirəm" deyə-deyə, başını tumarlaya-tumarlaya gətirdi vəziyyəti bu yerə çıxardı".

Politoloq bu qərardan sonraki gedişatın necə olacağını isə belə izah etdi: "Sənəd Senatdan çıxandan sonra başıboş prezident Tramp onu imzalayacaq, artıq 27-ci dövlət qondarma soyqırımı tanımış olacaq. Ermənilər istəyir ki, daha çox ölkə bu "soyqırım"ı tanıdıqdan sonra Türkiyəyə qarşı təzminat, yəni bu yolla ölənlərin nəsilləri üçün maliyyə, pul ödənilməsi üçün iddia qaldıracaq. Bu ermənilərin kəlləsində o qədər sərsəm, axmaq fikirlər var ki, daha sonra onlar da gündəliyə gələ bilər. Bu, çox xoşagəlməz və Azərbaycan üçün də təhlükəli olan, ermənilərin dünyada mövqeyini yüksəldən bir addımdır".

Qeyd edək ki, ABŞ Senatı "Erməni soyqırımının rəsmən tanınması" barədə qanun layihəsini qəbul edib. Bu barədə məlumatı amerikalı senator Rob Menendez rəsmi Tvitter hesabında paylaşıb. Layihənin rəsmən qüvvəyə minməsi üçün ABŞ prezidentinin təsdiqi lazımdır.

Röya Kərimli

Blogum-Qaynar
XƏBƏRLƏR
BLOGLAR