Hüseynbala Səlimov
Beləliklə, ABŞ-da aralıq seçkilər simmetrik nəticə ilə bitdi. Amma buna tarazlaşdırılmış nəticə demək daha düzgün olardı, çünki demokratlar aşağı palatada üstünlüyü ələ keçirdisə, respublikaçılar yuxarı palatada öz üstünlüklərini saxlaya bildilər.
Yerli sosioloji sorğular da, eləcə də bir çox təhlilçilərin araşdırmaları da Tramp üçün daha böyük uğursuzluq xəbərləyirdi, beləki seçki ərəfəsində bu adamın reytinqi rekord dərəcədə aşağı düşmüşdü.
ABŞ prezidentinin özü də bunun ciddi fərqində idi, ona görə də ilkin nəticələr elan olunan kimi bu adam twitter şəbəkəsində sevincək status yazdı. Bir sözlə, necə deyərlər, təhlükə sovuşdu və Tramp növbəti prezident seçkilərində nəyəsə ümid edə bilər. Amma ən əsas məsələ bu deyil, odur ki, Donald müəllimin təyinatları üçün də təhlükə sovuşdu, o, prinsipcə, istədiyi adamı könlü istəyən vəzifəyə təyin edə və istədiyi kadrı dəyişə bilər, çünki bunun təsdiqi senatdan keçir, senat isə bir qədər əvvəldə qeyd etdiyimiz kimi, respublikaçıların nəzarətində qalıb.
Amma bir məsələ var ki, respublikaçıların özlərinin arasında Trampa tənqidi münasibət bəsləyənlər az deyil. Üstəlik, təhlilçilər artıq indidən demokratların aşağı palatada Tramp üçün yaradacağı problemlərdən, ilk növbədə də Donaldın "Rusiya izləri”lə bağlı araşdırmaların geniş vüsət alacağından yazırlar.
Bəs ABŞ elektoratı niyə D.Trampın partiyasına sarsıdıcı bir etimadasızlıq nümayiş etdirmədi, axı ABŞ-ın özündə olmasa da kənardan çox adam onlardan məhz bunu gözləyirdi. Bilirisiniz, Trampın bəyanatları və etmək istədikləri əslində orta statistik amerikalı seçicinin EQOSUNA təsir etmək gücündədir. Bəli, Tramp deyir ki, yetər ABŞ-ın "papa Karlson” rolunu oynamsı və özünü qeyri-adi dərəcədə böyük borclarla yükləməsi! O, buyurur ki, Avropa ölkələri daha ikinci Dünya müharibəsindən çıxmış xarabalıqlar deyillər, ona görə də qoy, özlərinin təhlükəsizliyi üçün xərclərin bir hissəsini öz üzərlərinə götürsünlər. Bəli, bu adam ərz edir ki, bu vaxta qədərki ticarət siyasətini dəyişmək və ABŞ istehsalçıları üçün daha əlverişli şərait yaratmaq lazımdır. Tramın fikrinə görə, mühacirlər ölkəyə təkcə sosial problemlər gətirmirlər, həm də onun daxili kriminal durumunu ağırlaşdırırlar...
Bir daha deyirik ki, bütün bunlar orta statistik ABŞ seçicisinin EQOSUNU oxşamaq və necə deyərlər, onun saqqızını oğurlamaq gücündədir. "Hər şeydən əvvəl Amerika, hər kəsdən əvvəl amerikalılar!” - bu çağırışa orta statistk amerikalı necə biganə qala bilər?..
O ki qaldı son seçkilərə bizim milli maraqlarımız baxımından yanaşmaya, burada birmənalı söz demək elə də asan məsələ deyil. Amma demokratlardan fərqli olaraq Tramp erməni əsilli seçicilərdən elə də asılı deyil. Məsələn, biz məşhur "Sürix protokolları” imzalanarkən xanım H.Klintonun üzündəki sevinc hislərini hələ də unuda bilmirik...
Amma erməni lobbisinin xeyli tər tökməsinə rəğmən nəinki Tramp, hətta dövlət katibi Pompeo belə Ermənistan baş nazirinin əlini sıxmaq və bu ölkəyə yönəlik jest etmək fikrinə düşmək istəmədi.
Düzdür, təkcə bu ötən aylar ərzində xeyli ABŞ məmuru Ermənistana səfər edib. Amma ki, onlardan biri də cənab C.Bolton idi. Fəqət, Bolton N.Paşinyana nə dedi və nə buyurdu? Ərz elədi ki, əgər ölkənizi böhrandan çıxarmaq istəyirsinizsə, Dağlıq Qarabağ problemini həll edin.
Üstəlik, amerikalılar Ermənistanın İranla əlaqələrini hədəfə götürüblər ki, bunun özü də bizim maraqlarımıza cavab verir, çünki belə perspektiv təcavüzkar ölkə ətrafındakı izolyasiya həlqəsini bir az da daralda bilər...
O ki qaldı amerikalı demokratlara, bir məqamı artıq ötəri olsa da qeyd etdik. Bir daha deyək ki, məsələn, demokrat B.Obamanın da prezidentlik müddəti Qarabağ müstəvisində hər hansı bir iz buraxmadı və nə iləsə yadda qalmadı. Çox güman ki, Trampın əvəzinə Hillari prezident olsaydı belə nəsə dəyişməyəcəkdi.
Əlbəttə ki, Trampın qeyri-standart açıqlamaları, qlobal siyasi proseslərə və problemlərə qeyri-standart yanaşması az problem yaratmır. Amma ki, nə etmək olar? Görünür, buna da alışmaq lazım gələcək, ən azı ona görə ki, bunlar əbədi deyil. Üstəlik, bunları tarazlaşdıran amillər də var ki, bu da ilk növbədə ənənəvi ABŞ "siyasət maşını”nın təsiridi–Trampın ağlına çox şey gələ bilər, amma bu, o demək deyil ki, bunların hamısı gerçəklik olacaq...
Şərhlər