Xəbər lenti

Trampın savaşı dayandırmaq gücü varmı? (ŞƏRH)
Dünya 18:28 13.01.2025

Trampın savaşı dayandırmaq gücü varmı? (ŞƏRH)

"Ukraynadakı müharibə diplomatik yolla başa çatmalıdır, lakin rusların bu ölkənin ələ keçirilən bütün ərazilərindən qovulacağını gözləmək real deyil".
 
Bu fikirləri "ABC News"a müsahibəsində ABŞ-ın yeni prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts deyib. 

Onun sözlərinə görə, rusları Ukraynanın hər qarış torpağından, o cümlədən Krımdan sıxışdırıb çıxarmağın mümkün olacağını iddia etmək real deyil:

"Prezident Tramp bu reallığı tanıdı və mən hesab edirəm ki, bütün dünya da bu reallığı tanımalıdır".

Trampın milli təhlükəsizlik üzrə müşavirinin bu açıqlaması o anlama gəlir ki, Ukrayna Rusiya ilə danışıqlara getsə də belə, heç də hazırda itirdiyi bütün əraziləri diplomatik yolla qaytara bilməyəcək. Deməli, Rusiya müharibə bitdikdən sonra da indiki halda Ukraynada zəbt etdiyi bir sıra əraziləri əlində saxlayacaq. ABŞ-ın yeni adminstrasiyası başa düşür ki, savaşı başqa cür dayandırmaq qeyri-mümkündür. Belə ki, xeyli canlı qüvvə itirsə, sanksiyalara məruz qalıb insanları ac qalsa da, Kremldə oturanların ələ keçirdikləri torpaqları xoşluqla geri qaytaracaqları birmənalı şəkildə ağlabatan deyil. 

3 illik müharibə də  göstərdi ki, Rusiyanı savaş yolu ilə işğal etdiyi torpaqlardan tamamilə çıxarmaq da mümkünsüzdür. Təcrübə göstərir ki,  Rusiyanı belə addımlardan ancaq kəskin daxili ziddiyyət və kataklizmlərə məruz qaldığı halda çəkindirmək olar. Deməli, Ukraynada sülh Kiyevin müəyyən əraziləri itirməsi hesabına başa gələcək. Bəs bu ərazilər hansılar ola bilər? Maykl Uoltsun dediyi kimi, Kiyev indilikdə Krımı unutmalı olacaq. Digər ərazilərə gəldikdə, Kursk vilayətində tutduğu torpaqların geri qaytarılması müqabilində ola bilsin Kreml Zaporojye AES-i ərazisindən çıxmağa razı olsun. 

ABŞ-ın diplomatik təzyiqləri güclü olarsa, Rusiya hətta Xerson vilayətinin nəzarətdə saxladığı ərazilərini də tərk edə bilər. Donetsk və Luqanska gəldikdə, Moskva bütün vasitələrlə çalışacaq ki, bu torpaqlar da qalsın. Bu mənada Kiyev üçün Donbasın qaytarılması da çətin olacaq. Bütün hallarda Rusiya bəzi Ukrayna ərazilərini nəzarətində saxlayacaq. Amma Kreml özünün bir çox digər ambissiyalarından vaz keçməli də olacaq.  Məsələn, Ukraynanın silahsızlaşdırılması, denosifikasiyası, onun Qərbə doğru inteqrasiyasının qarşısını ala bilməyəcək. Bu proses müəyyən qədər ləngiyə bilər, amma bütün hallarda Ukrayna artıq Rusiya üçün itirilmiş sayılacaq. 

Digər tərəfdən, Trampın vasitəçiliyilə hər hansı bir atəşkəs elan edilsə, nəticədə işğalda olan bəzi Ukrayna torpaqları Kremlin nəzarətində qalmaqda davam etsə də, bu hələ prosesin sonu demək olmayacaq. Belə ki, atəşkəsdən sonra belə ABŞ başda olmaqla Qərb Ukraynanı təkbaşına buraxmayacaq. Ona hərbi dəstək də daxil olmaqla hərtərəfli dəstək göstərməkdə davam edəcək ki, Ukrayna Rusiyanın növbəti təcavüz aktlarının qarşısını almağa tam qadir olsun. Başqa bir tərəfdən növbəti illərdə danışıqlar yolu ilə Rusiya müəyyən digər əraziləri də geri qaytara bilər. Belə bir bazarlığın xüsusən də Rusiyaya qarşı tətbiq edilən maliyyə sanksiyalarının müəyyən hissəsinin götürülməsi müqabilində baş tutması da mümkündür. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->