Gizlənpaç oynayan zaman tranformatora girən 9 yaşlı Zəhranın iki ayağı və qolu amputasiya olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı jurnalist Esmira Cavadova sosial şəbəkədə paylaşıb. Bildirib ki, uşağın atası, anası olmadığı üçün əməliyyata razılıq üçün nənəsindən imza alınıb:
"Bir həkim qarşıya çıxıb o kimsəsiz uşağın müalicəsini üzərinə götürmədi. Halbuki, barmaqları kəsilməkdə kifayətlənə bilərdilər. Araşdıranda uşaqla bağlı dəhşətli faktlar ortaya çıxır. Əl boyda uşaq dəcəlliyinə görə məktəbdən qovulub, özündən böyük qardaşı aradabir gəlib uşağı döyüb gedir, gecələri küçələrdə qalır, bir sözlə, psixoloji travmaları çoxdur.
Uşağın faciəsinə görə "Azərişıq” cavabdehdir. Bundan əvvəl də dəfələrlə belə faciələr baş verib. Ötən ayın sonunda Maştağada 8 yaşlı oğlan transformatora yapışıb külə döndü”.
Qeyd edək ki, hadisə ötən həftə Nizami rayonu, Babək prospektində, "Azərişıq" ASC-nin Nizami Regional Enerji Təchizatı və Satışı İdarəsinin 6 min kv gərginliyində Komplektləşdirilmiş Transformator Məntəqəsində baş verib. Ağır vəziyyətdə olan Zəhra Əliyeva 5 saylı şəhər kliniki xəstəxananın yanıq şöbəsinə yerləşdirilib.
"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev hadisə ilə bağlı "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bütün elektrik transformator məntəqələri standartlara uyğun olaraq bağlı vəziyyətdə olur:
"Bütün məntəqənin ətrafına hasar çəkilib və kənar şəxslərin girişi tam qadağandır. Qapılar hər zaman kilitli olur. Hamısının qarşısında da xəbərdaredici lövhələr vurulub. Bu cür qapalı olan yerə uşaqların necə girdiyini bilmirik. Əməkdaşlar hadisə yerində olub. Araşdırma aparılır.
Hətta bəzən insanlarımız təhlükənin fərqində olmadan evlərində cərəyanla təmasda olur. Burada bir qədər vətəndaşların da diqqətli olması vacibdir”.
Xatırladaq ki, bir müddət öncə Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində pişiyi götürmək üçün transformatora tərəf gedən 8 yaşlı Yusif Ələkbərovu elektrik cərəyanı vurmuş, uşağın həyatını xilas etmək mümkün olmamışdı.
Şərhlər