Video 13:22 30.09.2020

Türk generalın Paşinyan, son döyüşlər və ümumi proseslərlə bağlı müsahibəsi (VİDEO)

Bir ay əvvəl Türkiyənin Azərbaycandakı Səfirliyinin Daxili İşlər Nazirliyi müşavirliyi xidmətindən təqaüdə çıxan Əli Dəmir Ermənistan Baş naziri Nikol Paşinyanın hücumlarının arxasında öz günahlarını ört-basdır etmək cəhdlərinin durduğunu bildirib. Türkiyəyə qayıdan kimni "Hürriyət”ə danışan Dəmir, Paşinyanın psixologiyasını və bölgədə gedən prosesləri qiymətləndirib.


Təqaüdçü Jandarma Briqada generalı Əli Dəmir Azərbaycanla Ermənistan arasındakı qarşıdurmadan danışıb. Avqustda Türkiyəyə qayıdan Əli Dəmir Dağlıq Qarabağ mövzusunda danışarkən Ermənistandakı daxili siyasi gərginlik məsələsinə diqqət yetirməyin vacibliyini vurğulayıb.


- Rusiya münaqişədə hansı mövqeyi tutur?

- Hərbçi kimi baxsaq, asanlıqla bu hücumların Ermənistanın imkan və qabiliyyətlərini aşan addım olduğunu görə bilərik. Azərbaycan Ermənistanın ərazisindən üç dəfə böyükdür və hər cəhətdən daha güclüdür. Ermənistanın indiki Paşinyan rəhbərliyi bu hücumları iqtisadi və siyasi qüsurlarını ört-basdır etmək üçün Rusiyanın dəstəyi ilə həyata keçirir. Korrupsiya iddiaları çoxdur. Pandemiya prosesini bərbad idarə etdilər. Daxili ictimai rəy qaynayır.


- Yəni Ermənistanın daxilində vəziyyət çox qarışıqdır?

- Həm də həddən artıq. Paşinyanın 2018-ci ildə o tanış "rəngli inqilablar”da olduğu kimi küçə etirazlarıyla iqtidara gəldi. Amerikanvari bir havası var idi. Əslində elə diaspordakı Los Anceles lobbisinin dəstəyi ilə demək olar, bütün problemləri həll edəcəyi gözlənilirdi. Bundan əlavə, əvvəlki Baş nazir Köçəryan korrupsiyada günahlandırıldı. Buna qarşı küçələr etirazçılarla dolub-daşırdı. Nəhayət, Paşinyan gəldi, Köcəryan həbs edildi. Ancaq sonra Paşinyana qarşı korrupsiya iddiaları ortaya çıxdı.


- Hansı iddialar?

- O, siqaret və almaz qaçaqmalçılığında günahlandırılır. Əfqanıstan mərkəzli bir qaçaqçılıqdır. Hətta bunun üçün dövlətin təyyarələrindən istifadə etdiyi iddia olunur.

- Bu, Köçəryan tərəfdarlarının ittihamıdır?

- Müxtəlif tərəflərdən bu ittihamlar səslənir. Bu arada Putin həbsxanada olan Köçəryanı unutmadı. Ad günündə iki dəfə təbrik mesajı göndərdi. Əlbəttə bunun başqa bir mənası vardı ki, bir qədər sonra Köçəryan həbsdən buraxıldı.


- Yəni Putin Paşinyanı istəmir?

- Bu, şəxsi məsələdən çox siyasət məsələsidir. Paşinyan rəhbərliyi yaxşı vəziyyətdə deyil. Son vaxtlar ağır siyasi travma yaşayır. Daxili İşlər Naziri istefa etdi. "Milli Təhlükəsizlik Nazirliyi" adlı bir kəşfiyyat təşkilatları var. Orada sədr təyin etdiyi iki nəfər ard-arda istefa verdi. Baş qərargah rəisi də istefa verdi. Korrupsiya iddiaları dolaşır. Bunun xaricində, unutmayın ki, pandemiya prosesi zamanı Dünya Səhiyyə Təşkilatının açıqladığı "10 ən pis vəziyyətdə olan ölkə" siyahısında Ermənistan da var idi.


- Los Ancelesin dəstək məsələsi nə oldu?

- Ermənistanın daxilində gedən söhbətlərə əsasən deyə bilərik ki, Los Anceles lobbisi əlini Paşinyanın çiynindən çəkib. Buna görə də "Paşinyan yenidən Rusiyaya üz tutacaq" kimi bir gözlənti var idi. Nəticə olaraq, daxili siyasətdə bu qədər bacarıqsız və narahat olduğunuz zaman xarici müdaxilələr və gözləntilərin içində çabalamaq qaçılmazdır. Ermənistan ictimaiyyəti dəhşətli dərəcədə narahatdır.


- Rusiya problemin həllində maraqlıdırmı?

- Ermənistan 12 iyulda bir hücum etdi. Bu hücumdan sonra Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq daha da sürətləndi. Rusiya bu iş birliyimizdən narahatdır. Rusiya "Sülhməramlılar" və "Ümumi Nəqliyyat Sistemi" adı altında bir hərbi hissəni Azərbaycanda yerləşdirmək istəyir. Bu məqsədlə erməni işğalı altındakı 5 rayonun Azərbaycana qaytarılması təklifini gündəmə gətirdi.


- Bu, xoşməramlı bir fikir deyilmi?

- Belə görünə bilər, amma əsas məqsəd "sülhməramlı” adıyla öz əsgərlərini orada yerləşdirməkdir. Onlar da oraya yerləşdimi, daha heç nə edə bilməzsiniz. Buna çox diqqət yetirilməlidir.


- Rusiya Azərbaycanın əməliyyatlarına müdaxilə edə bilərmi?

- Əlbəttə, Rusiya Azərbaycanın hücumlarının irəliləməsini istəməyəcək. Rusiya bu hücumların Laçın, Kəlbəcər və Dağlıq Qarabağın Suşa, Ağdərə, Xocalı, Xankəndi kimi yaşayış məntəqələrinə sirayət etməməsi üçün "atəşkəs" çağırışlarını gücləndirəcək.