Xəbər lenti

Türk lirəsinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? (TƏHLİL)
Ekonomiks 14:52 22.10.2021

Türk lirəsinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? (TƏHLİL)

"Türkiyə Mərkəzi Bankı uçot stavkasının azaldılması barədə qərar qəbul edib. Qardaş ölkədə uçot dərəcəsi 18%-dən 16%-ə qədər endirilib”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov Türkiyə Mərkəzi Bankının qərarından danışarkən deyib. Deputat Mərkəzi Bankın bu qərarının lirəni qoruya biləcəyini belə əsaslandırıb:


"1 ay öncə 1 dollar almaq üçün 8.6 lirə ödəmək lazım idisə, indi bu rəqəm 9.55-dək dəyişib. Faktiki olaraq, lirə 1 ay ərzində 10 faizdən çox dəyər itirib. Mərkəzi Bankın son qərarına rəğmən, lirə ucuzlaşmaqda davam edir. Lirənin uculaşmasının əsas səbəbləri Türkiyənin cari hesablaşmalar balansındakı kəsir və özəl sektorun böyük həcmdə xarici borclanması olsa da, siyasi faktorlar da az təsirə malik deyil. Bu baxımdan, hələlik Mərkəzi Bankın uçot stavkası aləti ilə vəziyyətin kardinal dəyişəcəyinə ümid edənlər çox deyil”.

Bəs Türkiyə lirəsinin ucuzlaşması Azərbaycan iqtisadiyyatına necə təsir edəcək?

Vüqar Bayramov bildirib ki, türk lirəsinin ucuzlaşması Azərbaycanın ticarət dövriyyəsinə ciddi təsir göstərmir:

"Türkiyə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2020-ci ildə 4,5 milyard ABŞ dollarına yaxın olub. Eyni zamanda Türkiyə Azərbaycanın qeyri-neft ixracatında Rusiyadan sonra ikinci ən böyük tərəfdaşdır. Azərbaycanın qeyri-neft ixracatının təxminən 33 %-ə yaxını Türkiyə bazarına yönəlib. Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsində təxminən 1,7 milyard ABŞ dolları həcmində müsbət saldoya malikdir və biz həm ümumi ticarət dövriyyəsi, həm də qeyri-neft ixracatında Türkiyəyə ixrac edilən və Türkiyədən idxal edilən məhsulların strukturuna diqqət yetirsək, türk lirəsinin ucuzlaşmasının bizim ticarət dövriyyəmizə ciddi təsir göstərməyəcəyini görəcəyik. Çünki Azərbaycanla Türkiyənin ticarət dövriyyəsində enerji ixracatının payı yenə yüksək olaraq qalır. 2021-ci ildə də bu iki dövlət arasında enerji sahəsində əməkdaşlıq yüksək olacaq”.


Deputat əlavə edib ki, 2021-ci ildə Azərbaycan Türkiyəyə səkkiz milyard kubmetr təbii qaz nəql edəcək:

"Qazın qiyməti və ödəniş valyutası məhz ABŞ dolları ilə müəyyənləşdirildiyinə görə milli valyutadakı məzənnə dəyişikliyi buna təsir göstərmir. Eyni zamanda, Türkiyəyə ixrac etdiyimiz qeyri-neft məhsulları müqayisəli üstünlüyə malikdir və lirənin dəyər itirməsi də bizim Türkiyəyə ümumi qeyri-neft ixracatımıza təsir etməyəcək. Amma Türkiyə lirəsinin ucuzlaşması Türkiyədən Azərbaycana idxal edilən məhsulların xərcinin azalmasına və Türkiyədən daha çox məhsulun idxal edilməsinə gətirib çıxara bilər. Nəticə etibarilə güman edilir ki, Türkiyədə infilyasiya optimallaşarsa, qardaş ölkənin məhsulları dünya və Azərbaycan bazarında ucuzlaşacaq. Çünki lirə dəyər itirməkdə davam edərsə, digər xərclərdə, xüsusilə istehsal xərclərində lirə ifadəsində dəyişiklik baş verməzsə, bu, həmin məhsulların digər valyutalarda, o cümlədən Azərbaycan manatında xərcinin azalmasına və ucuzlaşmasına gətirib çıxara bilər. O baxımdan güman olunur ki, lirənin ucuzlaşması davam edərsə, Türkiyədən Azərbaycana idxalın həcmində də artımlar ola bilər. Eyni zamanda bu, istehlak bazarında türk mallarının qiymətinin aşağı düşməsinə gətirib çıxara bilər”.

Lirənin ucuzlaşmasının manatın məzənnəsinə necə təsir göstərəcəyinə gəlincə, Vüqar Bayramov hesab edir ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktor ölkəyə daxil olan və eləcə də Dövlət Neft Fondu vasitəsi ilə bazara çıxarılan valyutanın həcmi olsa da, əsas ticarət tərəfdaşlarımızda milli valyutalarln vəziyyəti də diqqətə alınan amillərdəndir:


"Doğrudur, bütün bu səbəblər fonunda əsas qərarverici qurum Mərkəzi Bank olaraq qalır. Mərkəzi Bank üzən məzənnə rejiminə keçmədiyi üçün məzənnəyə birbaşa təsir imkanlarını qoruyub saxlayır. Bu baxımdan, növbəti dövrdə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.

Bahar

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->