Xəbər lenti

Siyasət 17:58 11.03.2020

Türkiyə ATƏT-in Minsk qrupunun həmsədri ola bilər? - Politoloq rəyi

ATƏT-in Minsk qrupunun 3 həmsədr dövləti – ABŞ, Fransa və Rusiya 28 ildir Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan və Ermənistan arasında vasitəçilik edir. Lakin indiyə qədər onların fəaliyyəti heç bir nəticə verməyib, Ermənistanın işğalı altında olan bir metr belə ərazi azad olunmayıb. Bir sözlə həmsədrlər tarixi ədalətin bərpa olunmasını bacarmırlar, yaxud bunu istəmirlər. Vaşinqton, Paris və Moskva təmsilçiləri ildə bir neçə dəfə bölgəyə turist səfərləri edirlər. Bir də Azərbaycan və Ermənistan rəhbərliyinin görüşlərini təşkil edirlər. Bununla işlərini bitmiş sayırlar. Onlar sanki münaqişəni monapoliyaya alıblar.

Amma unutmaq olmaz ki, Minsk qrupu yalnız bu üç ölkədən ibarət deyil. Bu formatda daha 8 ölkə təmsil olunur. Onlardan biri də Türkiyədir. Rəsmi Ankara Minsk qrupunun həmsədri olmaq istəyib.

Türkiyə də qrupun həmsədri ola bilərmi? Olarsa, münaqişənin həlli istiqamətində dəyişiklik gözləniləndirmi?



Mövzu ilə bağlı "MediaPost”a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi Tural İsmayılov qeyd edib ki, Türkiyəyə sadəcə qardaş ölkə prizmasından yanaşmamaq lazımdır: "Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, humanitar və mənəvi ortaqlıq bütün tarix boyu digər dövlətlərə örnək olub. Bu gün isə, xüsusən iki ölkənin prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasındakı dostluq münasibətləri ilə bu əlaqələr tarixdə ən yüksək səviyyəsinə çatıb. Mən hər zaman demişəm, Qarabağ məsələsində Azərbaycanı ən çox dəstəkləyən, beynəlxalq ədalətin bərqərar olmasının zəruriliyini dövlət siyasəti elan edən Türkiyəyə yalnızca qardaş ölkə prizmasından yanaşmamalıyıq. Türkiyə bu gün regionda əsas söz sahibinə çevrilib. AKP iqtidarının uğurlu siyasəti ilə Türkiyə bölgədə və dünyada söz sahibi olan ölkələrdən birinə çevrilib. Türkiyəsiz bizim bölgədə heç bir siyasi və iqtisadi layihə gerçəkləşə bilmir. Rəsmi Ankara güclü qlobal aktordur və dünyanın qlobal gücləri də bunun fərqindədir. Bu kontekstdə Azərbaycanın haqq mübarizəsində dünyada söz sahibi olan önəmli bir ölkənin bizimlə tərəfdaş olmağı siyasi dividentimizdir”.

Ekspert hesab edir ki, bu gün Türkiyənin siyasi imkanları genişlənib, geostrateji mövqeyi dünya üçün diqqət mərkəzindədir.



O deyib ki, rəsmi Ankaranın ATƏT-in Minsk qrupunun həmsədri olması mütləqdir. Çünki Türkiyə münaqişə tərəfləri ilə həmsərhəddir, Fransa, Rusiya və ABŞ kimi Türkiyənin də Minsk qrupunda təmsil olunmaq haqqı var.

T.İsmayılov xatırladıb ki, bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada həmsədrlərlə görüşüb. Görüşdə Türkiyə XİN-in rəhbəri Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha fəal işləməyə çağırıb: "Mövlud Çavuşoğlu "bu həll Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır” fikrini bəyan edib. Bu görüşdən sonra Ermənistanın siyasi dairələri və Qərbə səpələnən erməni diasporası narahat olduqlarını biabırçı formada nümayiş etdirməyə başladılar. Rəsmi Ankara bu günə qədər Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə görülmüş işlərə dəstək verib və bundan sonra da bu dəstək davam edəcək. Türkiyənin qrupun həmsədri olmaq ehtimalı realdır. Bu ölkənin Minsk qrupunun həmsədri olması ilə hazırki durum "ölü nöqtə”dən aktiv fazaya keçə bilər. Nəticədə, uzun müddətdir davam edən münqişə işğalçı Ermənistanın siyasi təcridi və ədalətin bərpa olunması ilə nəticələnə bilər. Türkiyənin Minsk qrupundakı həmsədrliyi münaqişənin həlli istiqamətində dəyişikliklər gətirəcək, buna görə də Ermənistan təlaşda və qorxu içərisindədir”.

Politoloq bildirib ki, Qərb Türkiyəni Avropa İttifaqına üzvülüklə daim sınağa çəkməyə çalışır. Onun fikrincə, bu zaman rəsmi Ankaraya qarşı haqsız yanaşmalar meydana çıxır. Ona görə də Türkiyə alternativ siyasi vasitələr axtarmağa məcbur olur: "Rəsmi Brüssel uzun illər Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsində manipulyasiya etməyə cəhdlər göstərirdi.

Azərbaycanla Türkiyə arasında təkcə iqtisadi və siyasi deyil, hərbi sahədə də böyük sazişlər imzalanıb. Türkiyə Azərbaycana hərbi-texniki sahədə yardım edir. İki ölkənin Müdafiə nazirlikləri arasında müqavilələr mövcuddur. Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC), Bakı-Tbilisi-Ərzurum qaz kəməri (BTƏ), Bakı-Tbilisi-Qars dəmir yolu xətti (BTQ), Trans-Anadolu təbii qaz boru xətti (TANAP) layihələri dünyanın enerji və nəaqliyyat təhlükəsizliyinə önəmli töhfələr verir. 13000-dən artıq türk şirkətinin indiyədək iqtisadiyyatımıza yatırdıqları investisiyanın həcmi təxminən 10 milyard dollar məbləğindədir, Azərbaycanın Türkiyədəki sərmayəsi də yüksək həcmdədir. Belə olan təqdirdə iki ölkə arasındakı yüksək strateji əlaqələr regiondakı digər siyasi güclərin hamısının xoşuna gəlmir. Ermənistan və xaricdəki erməni lobbisi bu güclərin başında dayanır”.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?