Xəbər lenti

Türkiyə və Rusiya Azərbaycan üzərindən əməkdaşlıq edəcəklər (ŞƏRH)
Siyasət 16:28 25.11.2020

Türkiyə və Rusiya Azərbaycan üzərindən əməkdaşlıq edəcəklər (ŞƏRH)

"Rusiya Dağlıq Qarabağa sülhməramlılarını göndərməsiylə bağlı planını müharibənin ilk günündən hazırlamışdı. Moskva bu planını oktyabrın ilk günlərindən gündəmə gətirməyə çalışdı. Ancaq bunun üçün həm Ermənistanın, həm də Azərbaycanın razılığı lazım idi, bunu rusiyalı rəsmilər də bir neçə dəfə səsləndirmişdilər”.

Qaynarinfo xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Qarabağdakı mövcud status-kvoda Rusiya ilə Türkiyə arasındakı münasibətləri şərh edərkən bildirib.



Onun sözlərinə görə, Rusiya sülhməramlılarının Qarabağa yerləşdirilməsi məsələsi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin oktyabrın 10-da Moskvada keçirilən ilk görüşündə geniş müzakirə olunub: 

"Müzakirənin təxminən 11 saat davam etməsinin səbəblərindən biri də məhz bu mövzuyla bağlı idi. Ancaq oktyabrın 10-u üçün Azərbaycan ordusu hələ ilk qələbələrini qazanmışdı, rusiyalı sülhməramlıların bölgəyə gəlişinə yaşıl işıq yandırmaq Azərbaycan baxımından işin yarımçıq qalmasına səbəb ola bilərdi. Buna görə də rəsmi Bakı sülhməramlıların Dağlıq Qarabağda yerləşdirilməsinin hələ erkən olduğunu bildirirdi.

Prezident İlham Əliyev oktyabrın 29-da Rusiyanın "İnterfaks” agentliyinin əməkdaşının sülhməramlılarla bağlı sualına belə cavab vermişdi: "Biz bu bəndə çatmamışıq. Regiona sülhməramlıların göndərilməsi nizamlamanın sonuncu mərhələsində - işğalın nəticələri aradan qaldırılana, işğal edilmiş ərazilər qaytarılana, qaçqınlar Dağlıq Qarabağa qayıdana planlaşdırılırdı. Bəli, erməni və azərbaycanlı əhalinin birgə yaşamasını təmin etmək üçün birinci mərhələdə ayırıcı qüvvələr lazım olacaq. Ancaq sülhməramlılar harada yerləşəcək, onların mandatı necə olacaq, şəxsi heyəti, sayı, silahları, funksiyaları nə olacaq, onların təhlükəsizliyini kim təmin edəcək? Buna görə də bütün bu məsələlərin çox diqqətlə öyrənilməsi tələb olunur və yalnız bundan sonra deyə bilərik ki, bəli, biz buna razıyıq və ya razı deyilik. Ona görə bu sual hələ tezdir”.



İlham Əliyevin bu müsahibəsindən 10 gün keçdikdən və Azərbaycan ordusunun strateji şəhər olan Şuşanı işğaldan azad etməsindən sonra rəsmi Bakı rusiyalı sülhməramlıların bölgədə yerləşməsinə razılaşdı. Bundan əvvəl isə Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olmuşdu. Böyük ehtimalla Türkiyə prezidenti də tərəflər arasında bəyanatın mətni ilə əvvəlcədən tanış idi. Təsadüfi deyil ki, Ankara Bakı ilə paralel şəkildə imzalanan bəyanatı müsbət qiymətləndirdi.

Buna baxmayaraq, Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə telefon danışığında Rusiya kimi türkiyəli hərbçilərin də bölgədə sülhməramlılar qismində iştirakının vacib olduğunu Kreml sahibinin diqqətinə çatdırdı. Putinin cavabı belə oldu ki, ermənilər tarixdən çıxış edərək türkiyəli hərçilərin Dağlıq Qarabağın daxilində yerləşməsindən qorxurlar. Putinin sözlərinə görə, Ərdoğan vəziyyəti anlayıb və israr etməyib. Ancaq Putin daha sonra verdiyi müsahibədə sözlərinə onu da əlavə etdi ki, Türkiyə ilə Azərbaycan strateji müttəfiqdirlər, bu onların hüququdur və Türkiyə hərbçilərinin Azərbaycanda varlığına mane ola bilməzlər. Başqa sözlə Türkiyə hərbçilərinin Şuşada, Laçında və ya Kəlbəcərdə yerləşməsinə heç kim və heç nə mane ola bilməz. Bu istiqamətdə çalışmalar sürətlənib.
 


Türkiyənin müdafiə naziri Hulusi Akar da hər dəfə vurğulayır ki, Rusiya hansı hüquqla hərbçilərini Azərbaycan ərazisində yerləşdiribsə, Türkiyə hərbçiləri də eyni hüquqla Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağda və ətrafında mövcud olacaqlar, sayları da rusiyalı hərbçilərin sayından az olmayacaq. Bundan başqa Türkiyə hərbçilərinin Suriyada olduğu kimi Dağlıq Qarabağda da rusiyalı hərbçilərlə birgə patrul xidmətində iştirakı da təmin olunacaq. Türkiyə və Rusiya prezidentləri bu mövzunu noyabrın 24-də telefon danışığnda yenidən müzakirə ediblər.
 


Türkiyə və Rusiya Dağlıq Qarabağda birgə fəaliyyət üzərindən bölgədə yeni əməkdaşlıq formatı üzərində fikir mübadiləsi aparırlar. Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın "Twitter” hesabında son yazdığı "Türkiyə Qafqazın ən yeni tarixində aktiv rol oynamağa davam edəcək” cümləsi də bundan xəbər verir. Yaxın gələcəkdə Naxçıvan istiqamətində nəqliyyat və dəmiryolunun açılması Azərbaycanla Türkiyəni birləşdirməklə yanaşı Türkiyə ilə Rusiya arasında da quru və dəmir yolu ilə birləşməsinə və ticarət mübadiləsinin artmasına şərait yaradacaq.

Ermənistan Azərbaycan torpaqlarına iddiasından və bir sıra Qərb ölkəsində Dağlıq Qarabağın "müstəqilliyini” tanıtmaq kimi təxribatlarından əl çəkərsə, bu ölkənin də gələcəkdə regional layihələrdən faydalanması mümkündür. Ancaq bunun üçün ermənilər yüzillərdir türk əleyhdarlığı üzərindəki düşüncə tərzinə son qoymalıdırlar. Ermənistan bu ağır xəstəlikdən qurtulmayınca əvvəlki kimi regional layihələrdən kənar qalacaq”.

Orxan Əhmədli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->