Ekonomiks 15:29 02.08.2021

Türkiyə öz potensialı ilə bu sınaqdan çıxa biləcək - İqtisadçı deputat

"Türkiyədə həyata keçirilən siyasəti və iqtisadi potensialı nəzərə alsaq, qardaş ölkə bu sınaqdan çıxa biləcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov yanğından sonra Türkiyənin sosial vəziyyəti və qonşu ölkələrin dəstəyinə ehtiyacından danışarkən deyib. Onun sözlərinə görə, digər beynəlxalq qurumların və dost ölkələrin yardımları önəmlidir:

"Aydındır ki, yanğınlar Türkiyə iqtisadiyyatı üçün mənfi təsirlərə malikdir. Nəzərə alsaq ki, bunun turizm sektoruna təsirləri var və güman olunur ki, bir müddət bu təsirlər qalacaq. Xüsusən nəzərə alaq ki, Türkiyə pandemiyadan sonra 2021-cu ildə daha çox, məsələn, bu il üçün hədəf 25 milyon turisti ölkəyə cəlb etmək idi. Birinci yarımilin yekunlarında hədəfə nail olmuşdu, amma ikinci yarımillikdə çox təəssüf ki, Türkiyədə yanğınlar başladı. İyulun ikinci yarısı və avqust ayı Türkiyə turizmi üçün vacib aylardır. Avqust ayı Türkiyənin ən bahalı və gəlirli turizm ayı hesab olunur. Bu baxımdan yanğınlar Türkiyənin turizm sektoruna, o cümlədən meşə sənayesinə və dövlət büdcəsinin xərcləmələri baxımından, həm də büdcə xərcləmələrinə mənfi təsirləri oldu. Amma Türkiyə belə sınaqları zaman-zaman görüb. Həm terror hadisələri Türkiyənin şərqində mütəmadi baş verib və Türkiyəyə xaricdən əsasən də siyasi səbəblərdən təzyiqlər olub. Amma bütün bunların fonunda Türkiyə praktik olaraq bu sınaqlardan çıxıb və yenə də çıxa biləcək. Türkiyə xalqı belə dönəmlərdə dövlətə dəstək olub”.

Deputat hesab edir ki, Türkiyə ilə strateji əməkdaşlıq quran ölkələrin də bu istiqamətdə dəstək və yardımları ola bilər:

 "Nəzərə alsaq ki, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələr arasında 2020-ci ildə pandemiya rəğmən, Türkiyə Çindən sonra ən çox iqtisadi artıma malik olan ölkə olub. Xüsusən də sənaye, o cümlədən aqrar sektor Türkiyə mübahisəsiz üstünlüklərə malikdir. Ona görə aydındır ki, yanğınlar türk iqtisadiyyatına mənfi təsir göstərəcək, növbəti dövrlərdə də bu təsirlərin hiss olunacaq.

Yardımların olacağı gözlənilir, lakin mənə elə gəlir ki, Türkiyə öz potensialı ilə bu sınaqdan çıxa biləcək və yenidən mərhələli şəkildə iqtisadiyyatını bərpa edəcək”.

Bahar Rüstəmli